“Ermənistan iqtisadiyyatı daha da pis vəziyyətə düşəcək” – NATİQ CƏFƏRLİ

Baxış sayı:
3706

Ermənistanın borcu 7 milyarda yaxınlaşır. Ölkə demək olar ki, 1 aydır iflic vəziyyətindədir. Son yayılan məlumatlarda ölkədən kapital axınının kritik həddə çatdığı bildirilir.
Ermənistandakı iqtisadi vəziyyətlə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az saytına müsahibəsini təqdim edirik:
 
- Ermənistandakı indiki siyasi böhranın iqtisadi təsirlərini necə proqnozlaşdırırsınız?
 

- Ermənistanda aksiyalardan əvvəl də iqtisadi vəziyyət heç də yaxşı deyildi. Düzdür, son iki ildə müəyyən qədər toparlanma olmuş, ümumdaxili məhsulun artımı təxminən 3%-ə çatmışdı. Amma milli valyutanın dəyərdən düşməsi, iqtisadi çətinliklərin olması bundan öncə də var idi. Ona görə də aksiyalardan sonra Ermənistan iqtisadiyyatının daha da pis vəziyyətə düşməsi gözləniləndir. Çünki bundan öncə də vəziyyət yaxşı deyildi, indi daha da pisləşir. Amma Paşinyanın daha sərt bəyanatlar verməsi və yaxud gələcəklə bağlı hansısa formada müəyyən addımların atılacağını söyləməsi onu deməyə əsas verir ki, Paşinyan seçildikdən sonra xaricdəki erməni lobbisi iqtisadiyyata əlavə investisiyalar gətirməsinə söz verib. Digər tərəfdən, Ermənistan biznesinin böyük əksəriyyəti - yəni 70%-dən çox hissəsi Rusiyanın əlindədir. Dünən yayılan məlumatlardan belə məlum olur ki, Paşinyanın Putinlə görüşməsi üçün ilkin razılaşma əldə olunub. Çox güman ki, mayın 8-i Paşinyan baş nazir seçilsə, 14-ü Putinlə görüşəcək. Seçildikdən sonra iqtisadiyyatda müəyyən dəyişikliklərin olacağını deyə bilərik.
 
- Qarabağ problemi həll edilmədən Ermənistan özünün iqtisadi inkişafını necə təmin edəcək?
 

- Təbii ki, Qarabağ məsələsi həll olunmadan Ermənistan ciddi regional layihələrdən kənarda qalmağa davam edəcək. Əgər Ermənistan işğalçı siyasət aparmasaydı, Qarabağla bağlı absurd iddiaları irəli sürməsəydi, bəlkə də neft-qaz layihələrinin iştirakçısı ola bilərdi. Yəni ərazisindən Azərbaycanın enerji daşıyıcılarının Qərbə yönəlməsi, neft-qaz boru xəttlərinin çəkilməsi Ermənistana da xeyir verər, Bakı-Tiflis-Qars dəmiryol layihəsindən yararlanardı. Bir sözlə, ciddi iqtisadi dividentlər qazanmaq imkanı olardı. Amma hələ ki, Dağlıq Qarabağ məsələsinin yaxın vaxt ərzində həll olunacağına ümid çox azdır. Ermənistanın həm iqtisadi, həm siyasi ən böyük dəstəkçisi Rusiyadır. Hətta Ermənistan dünyada yeganə ölkədir ki, dövlət büdcəsinin gəlir hissəsində diasporun yardımı maddəsi var. Hər il diaspor dövlət büdcəsinə təxminən 300-350 milyon dollar birbaşa yardım edir ki, bu da büdcənin 10%-dən çoxunu təşkil edir. Amma Ermənistan hökuməti özü düşünməlidir ki, ciddi regional layihələrdən kənarda qalmaq hesabına Dağlıq Qarabağın işğalını davam etdirmək onlara sərf edir, yoxsa yox?! Çünki bu münaqişə həll olunsa, Ermənistanın iqtisadi dividentlər qazanma ehtimalı çox yüksəkdir.
 
- Levon Ter-Petrosyan demişdi ki, Ermənistan defolt vəziyyətinə düşəcək. Ermənistanın borcunun maksimum səviyyəyə çatdığını nəzərə alsaq, bu ölkənin yaxın zamanlarda defolt yaşayacağını deyə bilərikmi?
 

- Əgər borclanma daha da sürətlə getsə və yaxın 2-3 ildə bu borcların qaytarılması ilə bağlı problemlər yaşansa, bu ehtimalın yüksək olduğunu qeyd etmək lazımdır. Texniki defolt ola bilər. Amma bu zaman Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Rusiya Ermənistanda müəyyən addımlar ataraq, ölkənin bu vəziyyətdən çıxmasına kömək edəcək. Rusiya tərəfindən Ermənistana ciddi iqtisadi dəstək göstərilir. Ermənistan çox kiçik ölkədir və əhalisi həddindən artıq azdır. Rusiyanın Ermənistanın əhalisindən 10 dəfə çox, ərazi olaraq isə 100 dəfə böyük vilayətləri var. Rusiya üçün Ermənistanı saxlamaq o vilayətləri saxlamaqdan qat-qat asandır.