“Ermənistan Amerikanın sanksiyaları altına düşə bilər” – POLİTOLOQ

Baxış sayı:
6454

“Ermənistanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də. Tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil. Bu sözləri “EVN Report”a müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.
Səfir qeyd edib ki, erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir: “Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır”.
Görünür ki, səlahiyyət müddəti başa çatan ABŞ səfiri Riçard Millz artıq erməni cəmiyyətinin fikrini dünyaya bəyan etməyin vaxtı çatdığını anlayıb. Çox güman ki, səfirin səlahiyyət müddəti başa çatmasaydı, bəlkə də bu açıqlamanı verməzdi. Əslində, səfirin bu mövqeyi  nümayəndəsi olduğu dövlətin mövqeyidir. R. Millz həm də bu açıqlama ilə erməni cəmiyyətinin güzəştə meylli olmadığını, aqressiv bir cəmiyyət olduğunu dünyaya bəyan edir. Bu baxımdan, bu açıqlamanı bir növ Ermənistana təzyiq kimi də qəbul etmək olar.
“Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan “ərazilər statusa əvəz olaraq ” düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır”,-deyən səfir ermənilərin statusa əvəz olaraq torpaqları qaytarmaq fikrində olmadığını da aydın ifadə edir. Əslində, səfir həqiqəti deyir. Çünki işğalçı Ermənistanın Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarında qanunsuz  evlərin tikilməsinə xüsusi diqqət yetirməsi də bunu  sübut edir.  Digər bir fakta görə, bu həftənin bazar ertəsi Qarabağda Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən üçüncü yolun tikintisinə dair müzakirələrin keçirilməsi də onu göstərir ki, ermənilər səfir Riçard Millzin dediyi kimi, Dağlıq Qarabağ  və ətrafındakı rayonların Azərbaycana qaytarılması haqda heç düşünmürlər də. Səfirin hər cümləsində ermənilərin söhbətlərindən təəccübləndiyni dilə gətirməsi isə onların işğalçı xarakterlərini bir daha ortaya qoyur.
Səfir 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini vurğulayır: “Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”. Görünür ki, 2016-cı il aprel döyüşləri erməniləri daha da aqressivləşdirib, işğalçı Ermənistanda bir xof yaradıb.
ABŞ səfiri “torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır” desə də, əslində, heç Madrid prinsipləri də Azərbaycanı qane etmir. Görünür ki, ermənilərin işğal etdikləri  torpaqların Azərbaycana qaytarılması barədə düşünməməsi sonda müharibəni qaçılmaz edəcək. Həm də bunu Minsk Qrpunun həmsədri olan Amerikanın səfirinin deməsi əslində, Azərbyacanın xeyrinədir ki, ermənilər güzəşt barədə söhbət aparmırlar. Çünki beynəlxalq təşkilatlarda Qarabağ məsələsi müzakirə olunarkən ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin bu açıqlamasından sitat gətirmək dəyərli bir arqument hesab oluna bilər.
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin açıqlamısandan öncə, regiona səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavininin köməkçisi Corc Kentin Ermənistan-İran münasibətlərinə dair jurnalistlərin suallarını cavablandırarkən verdiyi cavab da diqqəti çəkir. Ç. Kent ABŞ-ın sanksiyalarına məruz qalan İranla Ermənistanın əməkdaşlığına etiraz edib.
C. Kent deyib: “ABŞ Ermənistanda yaxşı insanların yaşadığını və ticarət məsələsində Ermənistanın bölgədə üzləşdiyi çətinliyi başa düşür. Lakin İranın bölgədəki hərbi fəaliyyətləri hələ də narahatlıq yaradır”.
Kent ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların bu ölkə ilə əməkdaşlıq edən şirkət və dövlətlərə də şamil edilməsindən danışıb: “Bu sanksiyalar İranla əməkdaşlıq edən kiçik tacirlərə aid deyil. Gürcüstan və Azərbaycan şirkətləri kimi, Ermənistan da öz müştərilərinin kim olduğunu anlamalıdır”.
 Kent İrana qarşı sanksiyalarla bağlı Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanla da danışıqları davam etdirəcəklərini bildirib.
Kentin ABŞ-ın sanksiyalarına məruz qalan İranla Ermənistanın əməkdaşlığına etiraz etməsi də səfir Riçard Millzin açıqlamasına təsiri ola bilər. Ola bilər ki, səfir məhz  Ermənistanın İranla əməkdaşlığına təzyiq baxımından ermənilərin iç üzünü açan  açıqlama verib.

“Səfir görür ki, ermənilər davakar və qızışdırıcı bir mövqedə dayanırlar”

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin açıqlaması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, ABŞ səfirinin mövqeyi Amerikanın mövqeyi kimi qəbul olunmalıdır: “Ola bilsin ki, Amerika bunu hələ bundan sonra açıqlayacaq. Amma səfir acı həqiqətləri dedi ki, ermənilərlə söhbət zamanı bildirmişdilər ki, nəinki Dağlıq Qarabağ, onun ətrafındakı torpaqlar da qondarma Dağlıq Qarabağın konstitusiyasına görə Qarabağ torpağıdır. Yəni həyasızlıq həddinin aşıblar. Bu məsələ də səfir tərəfindən diqqətlə izlənilir. Səfir danışıqlar prosesinin necə irəliləyə biləcəyini yaxşı bilir və görür ki, ermənilər qeyri-konstruktiv, hətta davakar və qızışdırıcı bir mövqedə dayanırlar. Belə bir yanaşma tərzi ilə isə bu problemi həll etmək mümkün olmayacaq”.

“Ermənistana qalsa, torpaqları qaytarmaz”

“Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan “ərazilər statusa əvəz olaraq “düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır” deməklə, səfir nə demək istəyir? Yəni Ermənistanın Azərbaycan torpaqlarını qaytarmaq fikri yoxdur” sulına Q. Hüseynli belə cavab verdi: “Ermənistana qalsa, torpaqları qaytarmaz. Ermənistan yaxşı bilir ki, Azərbaycanın güclü hərbi potensialı var. Türkiyə də  Azərbaycana hər cür hərbi yardım etməyə hazırdır. Necə deyərlər ermənilər gah o tərəfə, gah da bu tərəfə nala-mıxa vururlar. Amma o torpaqların qaytarılmaması haqqında heç söz də ola bilməz. Azərbaycan ordusu nəyin bahasına olursa, olsun, o torpaqları da, Dağlıq Qarabağı da qaytaracaq. Sadəcə olaraq Minsk Qrupunun həmsədrləri, Rusiya da daxil olmaqla 7 rayon məsələsində ümumi razılığa gəlirlər. Amma Dağlıq Qarabağ məsələsində barışdırıcı mövqe tuturlar, ərazi bütövlüyünü də öz müqəddaratını təyin etmə hüququnun uzlaşdırılması kimi, ağılabatmaz bir mövqeni müdafiə edirlər”.

Azərbaycanın yeni Madrid prinsipləri var”

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin “torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır” fikrinə gəlincə, politoloq vurğuladı ki, Madird prinsipləri tam Azərbaycanın xeyrinə deyil: “Madrid prinsiplərində 7 rayonun geriyə qaytarılması qəbul edilir. Amma Azərbaycan ona əlavələr edir ki, biz Dağlıq Qarabağın da geriyə qaytarılmasını, ərazi bütövlüyünün təmin olunmasını istəyirik. Ona görə də Azərbaycan tərəfindən hazırlanmış yeniləşdirilmiş Madrid prinsipləri deyilən prinsiplər var. Bu prinsiplər də Azərbaycan ərazisini bütövləşdirilməsini nəzərdə tutur”.

“Ermənistan Amerikanın sanksiyaları altına düşə bilər”

“Ermənistan bilir ki, İranla əməkdaşlıq edilən ölkələrə qarşı da ABŞ tərəfindən sansiya tətbiq ediləcək. İran da Ermənsitanla şıdırığı əməkdaşlıq edir. Artıq ikinci qaz kəməri də çəkilir. Mən güman edirəm ki, Amerika sözündə duracaq. Amerika İranla həm ticarət, həm də energetika əlaqələri quran ölkələrə ciddi sanskiyalar tətbiq edəcək. Mən bunu gözləyirəm. Ermənistanın iki ticarət partnyoru var: Biri Rusiyadır, ona qarşı  sansiyalar tətbiq edilir. O biri isə İrandır. Ona daha da sərt sanksiyalar tətbiq edilir. Amerika qabaqcadan bütün dünya dövlətlərini xəbərdar edib ki, İran və Rusiya ilə əməkdaşlıq edən dövlətlərin özünə qarşı da sanksiyalar tətbiq ediləcək. Ermənistanın da bütün ticarət əlaqələri, neft, qaz alınması həm İrandan, həm də Rusiyadan asılıdır. Əgər Amerika bəyan etdiyi fikirlərə hörmət edirsə, Ermənistan tamamilə Amerikanın sanksiyaları altına düşə bilər”,-deyə politoloq əlavə etdi.

“Riçard Millzin açıqlamasını Ermənistana təzyiq hesab etmək olar”

Hüseynlinin sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin açıqlmasını Ermənistana müəyyən mənada  təzyiq hesab etmək olar: “Çünki səfirdən əvvəl Amerika dövlət katibinin köməkçisi Corc Kent də Bakıya gələrkən mətbuat konfransında Ermənsitanın ünvanına bir neçə daş atmışdı. İndi isə səfir hər şeyi açaraq bütün çılpaqlığı ilə dedi. İşğalçı Ermənistanın bölgədə yeritdiyi qeyri-konstruktiv və ya qızışdırıcı siyasətinin bütün nüanslarını açıb, tökür”.
Şamo EMİN, Hurriyyet.org