ERMƏNİLƏRƏ SİYASİ DİLLƏ DEYİL, HƏRBİ YOLLA DANIŞMALIYIQ! - Torpaqlarımızı geri qaytarmasaq...

Baxış sayı:
32737

Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərləri mövcud reallığı dəyişməyəcək

Xəbər verdiyimiz kimi, aprelin 15-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada görüşüblər. Bu barədə verilən məlumatlarda deyilir ki, görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə də toxunulub, bunun iki ölkə arasında etimadın yaradılmasına yönəlik addım kimi qiymətləndirilib. Onu da qeyd edək ki, Moskvanın "Kommersant" qəzetinin "Azərbaycan öz ərazisində erməni jurnalistləri qəbul etməyə hazırdır" sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva təsdiqləyici cavab verib: "Bakıda həmişə Azərbaycan və erməni icmaları arasında nisbi qarşılıqlı anlaşmanın yaranmasına və möhkəmlənməsinə şərait yaradacaq şərtlərin yaradılması meyli olub".

Bu barədə turan.az-da yer alan informasiyya görə, münaqişə tərəflərindəki qohumlarının məhbuslara baş çəkməsinə gəlincə, bu məsələ də aktualdır, belə ki, Azərbaycanda da, Ermənistanda da hər iki ölkənin vətəndaşı olan məhbuslar var. Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbə Azərbaycanlı məhbusların qohumlarının Ermənistanda və Qarabağda onlara baş çəkməsinə icazə verməyə hazır olduqlarına eyham edib. Qəzetin "Bakı öz vətəndaşlarının Ermənistan və Qarabağa getməsinə icazə verəcək?" sualına cavabda Leyla Abdullayeva deyib: "Azərbaycan hakimiyyəti heç vaxt vətəndaşlarımızın Ermənistana və xüsusən bizim işğal edilmiş ərazilərimizə səfər etməsinə sərt qadağalar qoymayıb". Onun sözlərinə görə, belə səfərlərin nadir olması yalnız Azərbaycanlıların "şəxsi təhlükəsizlikləri ilə bağlı" bu səfərlərdən yayınması ilə bağlıdır, amma "Ermənistan tərəfi lazımi təhlükəsizlik zəmanəti verərsə", vəziyyət dəyişə bilər.

Sözügedən səfərlə bağlı jurnalistlərə açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov isə Moskva görüşünün faydalı və substantiv keçdiyini vurğulamaqla yanaşı, bildirib ki, indiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələlər konkret şəkildə müzakirə olunub: "Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq". Görüşdə bəzi təkliflərin səsləndirildiyini, lakin hələlik onları açıqlamaq istəmədiyini deyən xarici işlər nazirinin sözlərinə görə, bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunan Elmar Məmmədyarov bunun çox maraqlı fikir olduğunu vurğulayıb: "Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar".

"Hardan hara gəldik, Moskvanın təzyiqi bu qədərdiкmi?"

"Hürriyyət"in məlumatına görə, sözgügedən mövzuya dair mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, indiyədək baş tutan qarşılıqlı səfərlərin nəticəyə zərrə qədər də təsiri olmayıb: "1995-2000-ci illərdə jurnalistlər o qədər bir-birlərinə qarşılıqlı səfərlər edib, o cümlədən üçüncü ölkələrdə müzakirlərdə iştirak ediblər ki, ancaq bunun nəticəyə zərrə qədər də təsiri olmayıb. Mənim özüm o tərəfdə, bu tərəfdə ermənilərlə onlarla belə görüşdə iştirak etmişəm, işğala son qoyan sülhün vacibliyindən danışmışam, əsaslandırmışam. Ancaq nəyinsə dəyişdiyini müşahidə etməmişəm. Ona görə də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskvadakı şifahi razılaşmasından ümidli deyiləm. Çünki bu yolu keçmişik, başda Moskvadakı səfirimiz olmaqla Xankəndinə separatçıların liderinin hüzuruna təmsilçilərimizi göndərmişik. Nəsə dəyişdimi? Ondansa nazirlər Dağlıq Qarabağın iki icma təmsilçiləri arasında dialoqun başlanmasına nail olardılar". Politoloq hesab edir ki, əgər xarici işlər nazirimiz azərbaycanlı jurnalistlərin işğal altındakı ərazilərə gedib ermənilərlə təmaslarına, dialoquna və fikir mübadiləsinə razılaşıbsa, bu, o deməkdir ki, Elmar Məmmədyarov eynilə separatçıların nəzarətindəki erməni jurnalistlərin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Bakıya gəlişinə razılaşıb: "Hardan hara gəldik. Moskvanın təzyiqi bu qədərdimi? Allah aprel şəhidlərimizə rəhmət eləsin!"

Birinci Qarabağ savaşı zamanı Vətən uğrunda canını qurban verən, sağlamlığını itirən oğul və qızlarımızın qisasını almaq hər birimizin boynunun borcudur

Bu arada, media təmsilçisi olaraq yaz müəllifinin mövqeyinə gəlincə, hər zaman demişik və bir daha təkrar edirik ki, Azərbaycanda ikinci Qarabağ savaşının başlayacağı günü səbirsizliklə gözləyən yüz minlərlə igid oğullar var. Onların əksəriyyəti birinci Qarabağ savaşı zamanı azyaşlı olsalar da, valideynlərinin düzgün tərbiyəsi nəticəsində düşmənə – erməni terrorçularına qarşı qəzəb və nifrət hissi ilə boya-başa çatıblar. Kimin nə deməsindən, necə düşünməsindən asılı olmayaraq, biz bu qənaətdəyik ki, Vətənini, millətini sevən, torpağına canla bağlı olan hər bir Azərbaycan vətəndaşı övladını düşmənə nifrət hissi ilə yetişdirməlidir. Fərqi yoxdur, istər oğlan olsun istərsə də qız, bu ölkənin hər bir vətəndaşı düşmənini tanımalı, hər an ondan qisas almağa hazır olmalıdır. Çünki erməni terrorçularını məhv etmədiyimiz müddətdə şəhidlərimizin qanı yerdə qalacaq. Odur ki, birinci Qarabağ savaşı zamanı Vətən uğrunda canını qurban verən, sağlamlığını itirən oğul və qızlarımızın qisasını almaq hər birimizin boynunun borcudur. Bu səbəbdən də indi bizim üzərimizə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, dədə-baba torpaqlarımızı işğal edən düşmənə layiqli cavab verək, erməni dığalarını Qarabağdan, hətta Qərbi Azərbaycandan silib süpürək. Bizim olan bizdə qalmalıdır. Bunun başqa yolu yoxdur!

Düzdür, ATƏT-in Minsk Qrupu başda olmaqla, bir sıra beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirməklə yanaşı, tərəfləri atəşkəs rejimini pozmamağa çağırırlar. Bu isə o deməkdir ki, mövcud şəraitdə Ermənistanla növbəti savaşa başlamaq çətin məsələdir. Lakin gec-tez bu, baş verməlidir. Biz bizə məxsus olanı geri qaytarmağa borcluyuq. Əgər bunu etməsək, ya da ermənilərlə əlaqələrimizi bərpa etsək, o zaman gələcək nəsillər gorumuza söyəcək. Odur ki, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərləri mövcud reallığı dəyişməyəcək. Real mənzərə isə ondan ibarətdir ki, Ermənistan dədə-baba torpaqlarımızı işğal edib və bu səbəbdən də ermənilərlə siyasi dillə deyil, hərbi yolla danışmalıyıq!

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org