“Emin Ağalarov ABŞ-a gedib prokurora ifadə vermək üçün alışıb yanmır...” - VƏKİL AÇIQLADI

Baxış sayı:
3658

Rusiyalı biznesmen və müğənni Emin Ağalarovun maraqlarını təmsil edən amerikalı vəkil Skot Balber bildirib ki, onun müştərisi xüsusi prokuror Robert Müllerin suallarına cavab vermək üçün ABŞ-a getməyə hazırlaşmır. Bu haqda vəkil CNN-ə müsahibəsində deyib. Bildirib ki, xüsusi prokurorun Emin Ağalarovu dindirmək istəməsi onun üçün yenilik deyil.

“Biz xüsusi prokurorun komandası ilə bir ilə yaxındır təmasdayıq, ona görə də bu xəbər bizim üçün gözlənilməz olmadı. Biz danışıqları davam etdiririk, amma hələlik ifadənin verilməsi şərtlərinə dair ümumi razılığa gələ bilməmişik”-vəkil bildirib.

Balber deyib ki, əsas məsələ Emin Ağalarovun harada ifadə verməsidir. Çünki Müllerin komandası “hansısa səbəblərə görə” Rusiyaya getmək istəmir, Ağalarov isə ABŞ-a gəlmək entuziazmı ilə alışıb-yanmır. “Daha bir problem suallardır. Bizim gizlətməyə heç nəyimiz yoxdur, əgər söhbət təkcə o görüşdən gedirsə”-vəkil əlavə edib.

Xüsusi prokuror Emin Ağalarovu 2016-cı ilin yayında Nyu-Yorkda Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında görüşü təşkil etdiyi üçün dindirmək istəyir. Həmin görüşdə rusiyalı vəkil Donald Trampın oğluna Hillari Klinton barəsində kompromatlar verəcəyini vəd edib. Amma Trampın oğlu əmin edir ki, görüş başlayanda Veselnitskayada belə kompromatların olmadığı üzə çıxıb. Hansı ki, görüşü təşkil edən Emin Ağalarov kompromatların onun atasına baş prokuror Yuri Çayka tərəfindən sızdırıldığını Trampın oğluna çatdırmışdı.

Emin Ağalarov isə ABŞ-da onun seçkilərə müdaxilədə rolu barədə iddiaları “gülməli” adlandırıb. “Məni nə qədər qəribə səslənsə də Amerika seçkilərinə təsir göstərməkdə ittiham edirlər. Azərbaycandan olan, Moskvada yaşayan oğlanı. Ona görə ki, mən Donald Trampı şəxsən tanıyıram. Bu qəribə və gülməli ittihamdır”-müğənni “Vice News”-a bildirib.