Elmar Vəliyevə sui qəsd edən Yunis Səfərovun anası ictimaiyyətə müraciət ünvanlayıb

Baxış sayı:
5056

"Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd etməkdə təqsirləndirilən Yunis Səfərovun vəkili Elçin Sadıqov müdafiə işindən kənarlaşdırılıb". Bu haqda Y.Səfərovun anası Leylaxanım İsmayılovanın oğlunun vəkilsiz buraxılması, təzyiqlərə məruz qalması ilə bağlı ictimaiyyətə müraciətində deyilir.
 
Müraciətdə deyildiyinə görə, Y.Səfərov hadisənin baş verdiyi iyulun 3-dən sonuna kimi vəkilsiz olub: "Üz tutduğumuz vəkillər müqavilə bağlamaqdan imtina etdilər, oğlum 25 gündən çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, işgəncələrə məruz qalıb, zorla bütün ifadələrə imza atmağa məcbur edilib".
L.İsmayılova deyir ki, iyulun 23-də vəkil E.Sadıqovla müqavilə bağlayıblar, ertəsi gün vəkil orderini Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərib, amma istintaq vəkilə cinayət işinə daxil olmağa icazə verməyib.
L.İsmayılova iddia edir ki, vəkilə bu işdən imtina etməsi üçün təzyiqlər başlayıb, Yunis Səfərovun müdafiə hüququnun pozulması və BMCMİ-yə qanunsuz etap olunması, orada uzun müddət qanunsuz olaraq saxlanılması barədə şikayəti vəkilin adından saxta imza ilə geri götürülüb.
Müraciətdə deyilir ki, vəkil E.Sadıqov Y.Səfərovla avqustun 13-də görüşə bilib, Y.Səfərov da polisdə döyülməsi, BMCMİ-də elektrik işgəncəsinə məruz qalması barədə ifadə verib və bundan sonra Y.Səfərova və vəkilinə təzyiqlər başlayıb.
Müraicətə görə, bu il sentyabrın 5-də Baş prokurorun birinci müavini tərəfindən imzalanmış qərar sentyabrn 6-da Y.Səfərova təqdim edilib. Bu vəkillə müdafiə etdiyi şəxsin konfidensial olmalı görüşlərini izləyib və Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili prosesdən kənarlaşdırılıb, vəkildən Vəkillər Kollegiyasına şikayət edib.
L.İsmayılovanın müraciətinə əlaqəli qurumların münasibətini öyrənmək hələlik mümkün olmayıb.
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Baş prokurorluq bu hadisə ilə bağlı indiyədək 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib.