"Elinanın başına gələnlərin deyilənlər kimi olduğuna inanmıram" - TAHİR KƏRİMLİ

Baxış sayı:
7171

Elina Hacıyevanın intihar hadisəsi olduqca ağır bir faciədir.

Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyib. O bildirib ki, bu cür işlər istintaq və məhkəmələrdə adətən qapalı aparılır, ancaq internet dünyası inkişaf etdiyindən hazırda məsələ ilə bağlı açıq müzakirələr gedir:

“Elina Hacıyevanın intihar hadisəsi olduqca ağır bir faciədir. Burada ən önəmli məsələ gənc qızı intihara sövq etmə halları ilə bağlı hüquqi dəqiqləşdirmələrin aparılmasıdır. Hadisə ilə bağlı 162 saylı məktəb direktoru bir cür, valideynlər və Elinanın yoldaşları isə başqa cür açıqlama veriblər. Mən Elinanın başına gələnlərin deyilənlər kimi olduğuna inanmıram. Əsas məsələ onun nə qədər vicdan əzabı çəkdiyi və şər hesab etdiyi təzyiq altında intihara sürüklənməsidir. Araşdırmaların nəticələrindən sonra bütün qaranlıq məqamlar aydınlığa qovuşacaq. Hər halda baş vermiş faciə həm də bir dərsdir və bundan mütləq nəticə çıxarmaq, xüsusən də körpə yaşda olan insanlarla çox həssaslıqla rəftar etmək, onları qıcıqlandıran hərəkətlərdən maksimum dərəcədə qaçmaq lazımdır. Çünki bu gün məktəbdə körpə bir qızın intihar həddinə çatdırılması çox ağrılı bir haldır”.

Millət vəkili hadisəni ciddi nəzarətdə saxladıqlarını bildirib:

“Hadisəni diqqətdə saxlayırıq, müxtəlif fikirlər səsləndirilir. Hazırda Elinanın yoldaşları, valideynləri və məktəb rəhbərləri hüquq mühafizə orqanları tərəfindən dindirilir. Deyilənlərin nə dərəcədə dəqiq olduğunu araşdırmaların nəticələri göstərəcək. Nəticələr çox önəmlidir, çünki bu fərdi bir məsələ deyil. Bu, Elinanın simasında cəmiyyətdə olan eyni tipli təlatümlərin və insanların gələcəyini müəyyən edən bir hadisədir”.

Deputat qeyd edib ki, baş vermiş hadisə məktəb və direktorlara ciddi nəzarət məsələsini bir daha gündəmə gətirir:

“Ümumiyyətlə, təhsil və peşə məktəbləri haqqında xeyli qanun qəbul olunsa da, təhsil sahəsində keçid dövrü hələ başa çatmayıb. Məktəblərdə təhsilin əsasını üç komponent təşkil etməlidir: təlim, tərbiyə və tədris. Məktəbə qazanc mənbəyi kimi baxmaq yolverilməzdir, çünki təhsil gələcəyimizdir. Məktəb rəhbərliyi, direktorlar şagirdlərin üzərində ikiqat əziyyət çəkməlidir. Məktəb rəhbərliyi minlərlə uşağın ikinci valideynidir. Bu məsələlərə qanunvericiliklə ciddi nəzarət edilməlidir. Elina olayı bu gün çox vacib bir məsələni - dövlət, parlament, cəmiyyət, valideyn, məktəb müdriyyətinin məsuliyyətini ortaya qoyur. Hesab edirəm ki, bununla bağlı ictimai müzakirələr keçirilməli, QHT-lər bu məsələləri meydana çıxarmalıdırlar. Bu, özlüyündə cəmiyyətdə mənfi tendensiyaların qarşısının alınmasında mühüm rol oynaya bilər”.

Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atıb və iki gün sonra xəstəxanada dünyasını dəyişib.