Eldar Mahmudovun ölkədən çıxardığı iddia edilən 5 milyardla bağlı məhkəmədə daha bir bankın adı üzə çıxıb: 196 milyon köçürülüb

Baxış sayı:
5185

Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb.

Sonuncu prosesdə daha bir məqamın üstü açılıb. Eldar Mahmudova məxsus pulların başqa bir bank vasitəsi ilə də ölkədən çıxarıldığı aydınlaşıb. Məlum olub ki, köçürmələr üçün təkcə Beynəlxalq Bankdan istifadə olunmayıb, pullar həm də başqa banklar vasitəsilə çıxarılıb. Lakin istintaq ancaq adları çəkilən bankların əməkdaşlarını dindirib.

Məhkəmə araşdırmasında isə həm də “United Credit Bank”ın bu işdə iştirakı üzə çıxıb. Həmin vəsaitlərin təxminən 196 milyonu 2013-2015-ci illərdə bu bank vasitəsilə ofşor şirkətlərə köçürülüb. Cinayət işinin materiallarında bunu təsdiqləyən sənədlər var. Ona görə də məhkəmə öz təşəbbüsüylə bu bankın əməkdaşlarını dindirmək qərarına gəlib.

2016-cı ilin yanvarında lisenziyası ləğv olunmuş "United Credit Bank"ın baş mühasibinin müavini Təranə Əliyeva bu köçürmələrə görə dindirilib. Təranə Əliyeva təqsirləndirilən iki nəfərdən Rüfət Vəliyevi tanıyıb, deyib ki, banka gəlib-gedirdi. Amma nə qədər pul köçürdüyü, hara göndərdiyi və başqa detalların heç biri yadında deyil.

"Ölkəyə bir qəpiklik mal gəlmədiyi halda, saxta gömrük bəyannamələri əsasında 196 milyon manat pul köçürülüb, guya 8-10 il əvvəl alınmış malların puludur. Məsələn, elə gün olub ki, bu şirkətlər vasitəsilə təkcə sizin bank xaricə 392 min 150 manat bir, 392 min 300 manat bir, 1 milyon 864 min bir pul köçürüb. Necə olub ki, bank sənədləri yoxlamadan rahat şəkildə bu pulların çıxarılmasına vasitəçilik edib?" - məhkəmənin bu sualına da şahidin cavabı olmayıb.

Bənzər suallar məhkəmədə dindirilən başqa bank əməkdaşlarına da verilir. Amma indiyədək konkret cavab verən olmayıb. Yalnız Beynəlxalq Bankın Nəqliyyat filialının keçmiş əməkdaşı istintaqa ifadəsində bildirib ki, rəhbərlik bu şirkətlərin köçürmələrinə maneə yaratmamaq barədə göstəriş vermişdi.

Hazırda məhkəmə əslində, bu köçürmələrin arxasında dayanan şəxsləri müəyyənləşdirmək üçün həbs olunan iki nəfərin əlaqələrini və başqa detalları araşdırır. Bildirək ki, pullar 3 il ərzində çıxarılsa da cinayət işi materiallarında olan sənədlər başqa məqamları üzə çıxarır. Belə ki, məlub olub ki, rəsmi sənədlər saxtalaşdırılıb. Həmin şaxta sənədlərdə pulların 2006-cı ildən ölkədən çıxrarılması başlaması ilə bağlı rəsmiləşdirən aparılıb.

Əvvəlki proseslərdə isə məlum olmuşdu ki, ölkədən milyardların çıxarılması üçün istifadə edilən şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.

Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.

Qeyd edək ki, Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb.

Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də banklardan birində onlara otaq ayrılıb.

İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.

Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.

Musavat.com-un bu cinayət işi ilə bağlı əldə etdiyi eksklüziv məlumata görə, pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Milyardlar da məhz onun qudası, sabiq bankir Cahangir Hacıyevin vasitəsi ilə ölkədən çıxarılaraq ofşor hesablara köçürülüb.