Duqinin Türkiyə-Rusiya, slavyan-türk birliyi ideyası - realdırmı...

Baxış sayı:
5884

Politoloq: “Bu iki dünya siyasi anlamda birləşsə, vahid Avrasiya imperiyasına çevriləcək”

Eskişehir Osman Qazi Universitetində “Rusiya-Türkiyə münasibətləri-dünəndən bu günə” adlı panel keçirilib. Paneldə rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından olan Aleksandr Duqin universitetin müəllim və tələbələrinə, eləcə də Eskişəhər yönətiminə iki ölkənin münasibətləri ilə bağlı mühazirə oxuyub.

A.Duqin bildirib ki, Türkiyə ilə strateji münasibətlər Rusiya siyasətinin ən önəmli nöqtələrindən biridir. Daha sonra Duqin son bir neçə əsrlik tarixi analiz edərək Rusiyanın da, Türkiyənin də hər zaman böyük ambisiyalarının olduğunu, bu ambisiyaları gerçəkləşdirməkdə Rusiyanın önünü Türkiyə, Türkiyənin önünü Rusiyanın kəsdiyini deyib: “Rusiya ilə Türkiyə çarpışırkən bundan yalnız üçüncü ölkələr qazanır. Ancaq biz bərabər addımlar atsaq, hər iki dövlət qüvvətlənə bilər. Bu bizim tarixi missiyamızı gerçəkləşdirməyimiz üçün zəmin yaradar. Mədəniyyətlərimizin yaxınlığını anlayan ruslar və türklər bunun önəmini çox yaxşı bilir. Bilməliyik ki, hissləri düşüncələr tamamlayanda bu, siyasətə, strategiyaya çevrilir.

Hər iki ölkənin intellektualları ölkələrimizə yaxınlaşmaq üçün yardım etmək istəyiriksə, Türkiyə-Rusiya dialoqunu çoxqütblü dünya modelinə uyğun davam etdirməliyik.

Düşünürəm ki, ən qısa zamanda Moskvada, Sankt-Peterburqda, Ankarada, İstanbula institutlar yaradılmalıdır. Bizim yaxınlaşmağımız üçün toplumlar bir-birini tanımalıdır. Biz bir-birimizin mənəvi dəyərlərini anlamalıyıq. Münasibətlərin yeni formatını yaradaraq fərqliliklərimizi və oxşarlıqlarımızı çox dərin müzakirə edə bilərik. Ruslar anlamalıdır ki, Türkiyə tikinti, turizm, tərəvəz yox, ondan öncə Yasəvi, Yunus Əmrə, Rumidir. Bizim üçün Puşkin kimdirsə, türklər üçün Rumi odur. Rusların bu haqda bilgisi çox azdır - biz hətta özümüzü də yetəri qədər tanımırıq. Biz tariximizi bilmirik. Batının təsiri ilə bu gün tarixi ilə maraqlanmayan, texnologiyaların əsiri bir nəsil yetişib. Türkiyə böyük mədəniyyətdir. İntellektualların qarşılıqlı səfərləri, tələbə mübadiləsinin sürətləndirilməsi ilə bir-birimizi daha yaxından tanıya bilərik. Münasibətlərin dərinləşəcəyi haqqında deyilənlər formal olmamalıdır.

Çoxqütblü dünyanın memarı Rusiya və Türkiyə olmalıdır. Tarix boyu nəhəng imperiyalar quran iki böyük xalq bunun öhdəsindən gələ bilər".

Bəs A.Duqinin təklif etdiyi ittifaqın, birliyin reallaşması, uzunmüddətli ittifaqa, dünyadakı proseslərə təsir gücündə olan yeni qütbə çevrilməsi mümkünmü?

51650065_386194565516550_2596125911581458432_n.jpg (12 KB)

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a öncə bildirdi ki, Azərbaycan mediasında Duqinə olduğundan daha çox önəm verilir. Duqinin əgər həqiqətən Putinə təsir imkanları varsa, bunu qardaş Türkiyədə bilməmiş olmazlar: “Duqinin avtobioqrafiyası, fəaliyyəti ilə tanış olan adam olaraq deyə bilərəm ki, o, akademik adamdır. Ötən əsrin 90-cı illərində siyasətlə məşğul olmağa cəhdlər edib. Deputatlığa namizədliyini verib. Deputatlığa namizədliyini verdiyi dairədə sonuncu yerləri tutub. Partiyaçılıqla məşğul olub, o da uğursuzluqla nəticələnib. Paralel akademik-dini fəaliyyətlə məşğul olub. Ortodoks rahibdir. Köhnə rus arzusu olan İstanbulu rus-slavyan imperiyasının paytaxtı görür. Yəni bu adam heç də Türkiyənin səmimi dostu deyil. Duqin rus imperializminin böyük gələcəyini Avrasiya çoğrafiyasına sahiblənməkdə görür və bütün bunları türk dünyasının tamamilə ələ alınmasında görür. İstanbulsuz nə Türkiyə, nə də Turan var. Hələ çar dövründən rus düşünən cəmiyyəti iki yerə bölünürdü: qərbçilər və slavyanofillər. Duqin həmin o slavyonafil dünya görüşünün daşıyıcısıdır. Slavyanofillər Qərbi sevməzlər, rus imper-dövlət təfəkkürünün düşməni sayarlar. Hətta bəziləri Roma-Qərb dünyasına qarşı ortadoks-slavyanların türk-müsəlman çoğrafiyası ilə birləşməyi məqbul sayırlar”.

Dünyanın çoxqütblü mərhələyə keçdiyini qeyd edən politoloq bildirdi ki, dirçələn yeni Türkiyə də Rusiyasız bu çoxqütblü dünyada bir tərəfdir: “Ona görə Böyük Britaniya da indidən Türkiyəni öz tərəfinə çəkmək istəyir. Rusiyada da Türkiyəni yanlarında görmək istəyən ciddi qüvvələr var. Duqin də həmin o qüvvələrin regionda sözçülərindəndir. Türkiyə gücləndikcə, böyüdükcə Qərb və Rusiya arasında Türkiyəni öz tərəflərinə çəkmək uğrunda savaş daha da böyüyəcək. Təbii, Türkiyə də öz oyununu oynayıb özünə tərəfdaş əldə edəcək. Ümumiyyətlə isə tarixə nəzər yetirsək, türklərlə slavyanlar ayrı din mənsubiyyətinə malik olsalar da dünyada bir-birilərinə ən yaxın etnosdurlar. Türklərlə slavyanlar əsrlərdir bir yerdə, bir dövlətlərdə, imperiyalarda yaşayıblar, yaşayırlar. Hər bir slavyanda türk qanı var, hər bir türkdə də slavyan tarixi mövcuddur. Bütün bunlardan irəli gələrək düşünürəm ki, Duqinin bu ideyasını, təklifini ən azı dəyərləndirməyə dəyər. Turan coğrafiyasının böyük hissəsi hələ də Rusiyanın tərkibindədir. Slavyan torpaqları olan Balkanlar da əsrlərlə Türkiyənin tərkibində olub. Slavyan-Türk sintezi çoxdandır var. İndi bu iki dünya siyasi anlamda birləşsə, vahid Avrasiya imperiyasına çevriləcək. Bu da Qərb və Çin arasında üçüncü nəhəng qüvvə olacaq”.

Ə.Məmmədli vurğuladı ki, Rusiya-Türkiyə müttəfiqliyi ilə böyük, vahid Avrasiya məkanının qurulması hələ elə də real görünməsə də bu yöndə artıq atılan addımları görmək olar: “Bu proje baş tutsa, yaxın 50 ildə Rusiya bir dövlət olaraq da ortadoks-slavyan ölkəsindən əsasən türk-müsəlman ölkəsinə çevriləcək. Hər aspektdən baxanda Türkiyə-Rusiya birliyi Azərbaycanın mənafeyinə də cavab verir. Türk-slavyan birliyində Azərbaycanın önəmli yeri və iştirakı olacaq. Ermənistanın isə heç bir yeri və önəmi qalmayacaq. Bununla da bir dövlət kimi Ermənistan olmayacaq”./musavat