Dünyanın məşhur şirkətinin Bakıdakı nümayəndəliyində qalmaqal: mənimsəmə, ərəblərə satılan bahalı biletlər

Baxış sayı:
14740

Dünyanın ən məşhur bilet satışı şirkətlərindən biri olan "Flydubai" şirkətinin Bakıdakı təmsilçisinin ofisində qalmaqal yaşanıb. Bu qalmaqal həm külli miqdarda pulun mənimsənilməsi, həm də şirkət daxilindəki qanunsuzluqlardan ibarətdir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatını mənimsəyib. Belə ki, Vahid Məcid mühasib işlədiyi şirkətdə bilet satışında gələn gəliri mənimsəyərək ələ keçirib. Daha sonra isə ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonuncu məhkəmə iclasında şahid qismində Anjelika Rzayeva ifadə verib. O, "Baku Trans" MMC-nin ofisində xadimə işlədiyini deyib. Bildirib ki, sonuncu dəfə Vahidin ofisdə mübahisə etdiyini və oradan çıxdığını görüb.

"Mən mətbəxdə idim. Vahid əsəbi şəkildə gələrək su istədi. Mən suyu verəndə işdən çıxarıldığını dedi. Səhv etmirəmsə, sonuncu dəfə də İsmayıl müəllimin otağından çıxdı. Feysbukda yazışanda nə olduğunu bildim. Məbləğin 80 min yox, 60 min olduğunu dedi" - deyə şahid bildirib.

Vahid Məcid şahidin dedikləri ilə razılaşmayıb və "mən o qədər sadəlövh biri deyiləm ki, xadimə ilə gördüyüm işləri müzakirə edim" fikirlərini səsləndirib.

Məhkəmənin davamında "Baku Trans" MMC-nin baş mühasibi Aslan adlı şəxs dindirilib. Baş mühasib əvvəlcə onu deyib ki, "Baku Trans" MMC "Flydubai" şirkətinin Bakıdakı təmsilçisidir. "Bakı Trans" MMC-nin direktoru Seymur Seyidov, MMC-nin təsisçisi isə İsmayıl Məmmədovdur.

Hakim şahiddən soruşub ki, cinayət işi materiallarında belə bir qeyd var ki, "Flydubai" şirkəti biletlərin xəbərsiz satıldığını bildirib.

Baş mühasib isə bunun mümkünsüz olduğunu deyib: "Biz "Flydubai"nin Bakıdakı təmsilçisiyik və uzun illərdir birlikdə çalışırıq".

Məlum olub ki, həbs edilən Vahid Məcid baş mühasibin dostunun oğludur. Hakim şahidə sual verib ki, Vahid Məcidin daha əvvəl narkotik ittihamı ilə həbs edildiyini, bir neçə dəfə məhkumluq həyatı yaşadığını bilibmi. Şahid deyib ki, Vahidin atası ilə 30 ilə yaxın dostluğu olub. Onun xahişi ilə də Vahidi işə götürüb və zamin durub.

"Bu söhbətlər 2017-ci ildə başladı. Vahidin atasına zəng elədim. Onunla mübahisə elədik. Sonra əsəbiləşib bir də ona zəng vurmadım" - deyə şahid bildirib.

Hakim və prokurorun baş mühasibə suallarından məlum olub ki, "Baku Trans" MMC-də hesabatların verilməsində, biletlərin satışında qanunsuzluqlar olub. Məlum olub ki, Vahid Məcid yerli vətəndaşlara 900 dollara satdığı bileti ərəblərə 1500 dollara satırmış. Bu suala nə baş mühasib, nə də Vahid özü cavab verə bilməyib. Hakim bildirib ki, MMC-də baş verən qanunsuzluqlara hüquqi qiymət veriləcək.