Dünyanı sarsıdan iddia: Qaşıqçını öldürən sui-qəsd qrupunu o idarə edirdi!

Baxış sayı:
2410

“Wall Street Journal” qəzeti, çox mübahisəli bir iddianı gündəmə gətirib. Qəzetin iddiasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ən yaxın şəxslərdən olan və şahzadənin mətbuat işlərini idarə edən Səud el-Kahtaninin jurnalist Camal Qaşıqçı-nın öldürülməsi üçün İstanbula göndərilən sui-qəsd qrupuna rəhbərlik edib.
 
ABŞ-ın aparıcı qəzetlərindən “Wall Street Journal”, Səudiyyə Kral ailəsindən bəzi adamlar, hökumət müşavirləri, Qərb rəsmiləri, aktivistlər kimi mənbələrə əsaslandırdığı xəbərində, vəliəhd şahzadə Məhəmməd bin Salmanın mətbuat müşaviri 40 yaşlı Səud el-Kahtaninin Qaşıqçı cinayəti üçün İstanbula göndərilən sui-qəsd qrupunu idarə edən adam olduğunu iddia edib.
Xəbərdə, "Kahtaninin bu cinayətdəki rolu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini bu işin kənarında saxlamaq səylərini çətinləşdirir" deyə qeyd edilib. Xəbərə görə, şahzadə Məhəmməd bir tərəfdən ölkəsində sosial islahatlar apararkən, onun ən yaxınındakı şəxslərdən Kahtani də müxalif səslərə qarşı sıfır tolerantlıq siyasəti yeritdi və mətbuat müşavirinin radarına girən ilk adamlardan biri Qaşıqçı oldu.
 
Bəzi vədlərlə qaytarmağa çalışmış
 
Kahtani, əvvəl Qaşıqçı-nın bəzi vədlərlə aldadılaraq Səudiyyə Ərəbistanına qayıtmasını təmin etmək istəyib və Səudiyyəli jurnalistə "Vəliəhd Şahzadə sizin qəzetçiliyinizə qiymət verir. Sizi yenidən Səudiyyə Ərəbistanında görmək istəyir" mesajını göndərib. Camal Qaşıqçı-nın ölkəsinə qayıtmadığı üçün Səudiyyə rəhbərliyi jurnalistin oğlu Salehə ölkədən çıxma qadağası qoyub və İstanbuldakı Baş Konsulluqdakı cinayət planlaşdırmasına başlanıb.
Mənbələrə görə, Qaşıqçı-ya İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda 2 oktyabr tarixi üçün görüş verən konsulluq işçisi də Kahtani ilə daim ünsiyyətdə olub. Şahzadə Məhəmməd bin Salmanın ən güvəndiyi digər bir şəxs olan Səudiyyə Ərəbistanının Kəşfiyyat şefinin müavini general Əhməd el-Assiri də Kahtanidən aldığı əmr əsasında sui-qəsd qrupunu toplayıb.
 
Kahtani və Assiri vəzifədən çıxarıldı
 
Sui-qəsd qrupu İstanbula gedərkən istifadə etdiyi və şahzadə Məhəmməd bin Salmanın ofisi tərəfindən nəzarət edilən hava yolu şirkətinə məxsus təyyarələrin uçuş icazəsinin Kahtanidə olduğunu vurğulayan mənbələr, kral Salman bin Abdulaziz, Qaşıqçı cinayətinə dair Türk rəsmilərin topladığı dəlillər haqqında məlumat verildikdən sonra həm Assiriyi, həm də Kahtanini vəzifədən aldığını bildirib.
Hazırda hər iki şəxslərin də istintaq altında olduğunu bildirən mənbələr,  Kahtani və Assirinin indiyədək həbs olunmadığını bildiriblər.
Müxalifət.az