​ “Dövlət kredit bazarına seyrçi kimi baxmalı deyil” - Məhəmməd TALIBLI

Baxış sayı:
727

“Dünyaca məşhur olan Edmund Conwayın dəyərli bir fikri var: ”Kreditlər daralınca, ekonomi durur”. Bu düşüncədən yola çıxaraq ölkədəki iqtisadi artımın sürətlə aşağı düşmə səbəblərindən birini də bu amildə görə bilərik. Kommersiya banklarının kredit resurslarından istifadə səviyyəsi xeyli aşağı düşüb”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı deyib.
 
“Ödəmə qabiliyyəti azalan kimi məcmu tələb də zəiflədi” 

Talıblı qeyd edib ki,  Azərbaycanda kommersiya bankları etdikləri 2 ifratın fərqində deyillər: “Biri böhrandan qabaq az qala helipkotlerlə bütün ailələrə, yəni  2,4 milyon nəfərə kredit paylaması idi. Digəri isə hazırda kredit torbasının ağzını yığaraq yürütdüyü konservativ bank siyasətidir. 
Birinci halda ”köpük” iqtisadiyyatın əlamətləri açıq sezildi. Gəlirlərə adekvat olmayan kreditlə bahalı avtomobillər, mənzillər və digər istehlak malları satın alınmışdı. Ödəmə qabiliyyəti azalan kimi məcmu tələb də zəiflədi”. 

Maliyyə Bazarına Nəzarət Palatası effektiv tədbirlərə başlamalıdır
 
M. Talıblı vurğulayıb ki, indi isə digər ifrat sayılacaq bir siyasət müştəriləri, xüsusilə biznes kreditlərinin xeyli məhdudlaşdırılması hesabına sahibkarların resursa çıxış imkanlarının xeyli azaldılmasıdır: “Borc alanı və satanı bir araya gətirən bank insitutları bu vəziyyətdə biznesi kreditsiz qoymaqla özlərini iqtisadiyyatın ”nəfəsboğucusuna” çevirirlər. Banklar bu nisbi sükunətdə ən pis halda gələcəkdə qazana biləcəklərini itirirlər. Dövlət isə yaxın gələcəkdə iqtisadiyyatın butov halda bundan daha çox itirəcəyinin fərqində olmalıdır. Məhz yaranmış mövcud situasiyaya görə dövlət kredit bazarına sadəcə seyrçi kimi baxmalı deyil. Xüsusilə Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası özünün monetar alətlərindən istifadə edib, iqtisadiyyatda əvvəlki hərarətini təmin etmək üçün effektiv tədbirlərə başlamalıdır”. 

“Qəbistanlıq sakitçiliyini qorumaq, yoxsa iqtisadi dinamizmin güclənməsi fonunda monetar proseslərə yön verməliyik?”
 
“Başa düşdük. Təkcə bizdə yox, bütün dünya ölkələrində Mərkəzi Bankların əsas məqsədi iqtisadiyyatları ani düşüklərdən və çıxışlardan qorumaqdır. Amma bu ifrat amplitudalardan qaçaraq Mərkəzi Bank bazarda tənzimləmə alətlərini dişsiz etməli də deyil. Əks halda Mərkəzi Bankın bu davranışı bizlərə döyüş meydanında yanacağı qurtarmış zirehli texnikanın ortada qalmasını xatırladacaq. Məhz bu vəziyyətdə Mərkəzi Bankın destimulizasiyası kredit bazarındakı iştirakçıları uzunmüddətli qəbistanlıq sakitçiliyinə qərq etmək kimi bir şeydir. Biz iqtisadiyyatda devalvasiya ehtimalına görə qəbistanlıq sakitçiliyini qorumaq, yoxsa iqtisadi dinamizmin güclənməsi fonunda monetar proseslərə yön verməliyik? Dövlətin monetar qurumları bu fundamental suala özünün preventiv addımları ilə aydınlıq gətirsə, yaxşı olar”.
 
Cavid, Muxalifet.az