Dələduz şirkət rəhbəri 10 il cəza aldı

Baxış sayı:
9820

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Cəfərov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub. Ə.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.