"Diqlas"la bağlı dəfələrlə xəbərdarlıq edilib - FHN

Baxış sayı:
10222

Fövqəladə Hallar Nazirliyinin Aparatında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə baş tutan kollegiya iclasında “Diqlas” ticarət mərkəzində baş verən yanğın barədə müzakirə aparılıb. Muxalifet.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib. O, bildirib ki, DYNX-in əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İsrayıl Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb. İsrayıl Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bildirib ki, bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. O, əlavə edib ki, ölkə ərazisində insanların kütləvi toplaşdığı digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.