“Diletantlar Fuad Abbasovu qızışdırırlar...” - Jurnalistin vəkilindən sensasion açıqlama - AUDİO

Baxış sayı:
163

Hazırda həbsdə olan jurnalist Fuad Abbasov yeni səsyazısı ilə öz durumu barədə məlumat verib. F.Abbasovun vəkili Elman Paşayev özünün təşəbbüsü ilə TV Musavata səsli açıqlama verib. Hər zaman ondan Fuad bəylə bağlı dəstək açıqlamaları alan müxbirimiz bu dəfə heyrətə gəlib. Özünüzün də dinləyəcəyiniz kimi, Rusiyanın ən məşhur vəkili Elman Paşayev bu dəfə Fuad Abbasovu dəstəkləyən yox, ittiham edən, suçlayan açıqlama verib. Bunun nədən belə olduğunu da özü izah edib.

İstənilən halda biz Rusiyanın ən tanınmış vəkilinin, Fuad Abbasovun ən yaxın dostunun və müdafiəçisinin müsahibəsini görməzdən gələ bilmədik, onu yaymağa qərar verdik.

Yəqin ki, bu məsələyə Fuad Abbasovun özünün və yaxınlarının da rəyləri olacaq. Onları da yaymağa hazırıq.

E.Paşayev açıqlamasında bildirdi ki, hazırda F.Abbasovun vəkili olaraq onun ətrafında iki kateqoriyada söz-söhbət gəzir. Müsahibimizin sözlərinə görə, qruplardan biri onun bu işdə iştirakının xüsusi məqsədli olduğunu iddia edir. Digər bir qrupu isə F.Abbasov guya onun satqın olması ilə bağlı təlimatlandırıb: “Amma mən Fuada bu günün diaqnozunu ilk gündən demişdim. Həbsinin dördüncü günündə mən Fuadın yanına getdim. Həmin vaxt onun durumu çox pis idi. Telefon və sair vermirdilər. Mən özüm ona telefon və sim kart verdim. Təcridxana rəhbərliyi ilə də kəskin danışdım. Ona dedim ki, bir daha Fuada problem yaratmasın. Ona elə şərait yaratdılar ki, istədiyi vaxt yanına adam gəlir, istədiyi vaxt gedə bilirdi. Halbuki bu, olmazdı. Mən Fuada başa saldım ki, “sənin iki yolun var. Birinci yol odur ki, təcili burdan çıxmalısan. Çünki əks halda problemlərin yarana bilər”. O problemlərin nədən ibarət olduğunu təəssüf ki, burdan deyə bilmirəm. İkinci yolun isə burda çox qalıb, özünü siyasi qurban elan etməkdir. Amma dedim ki, sonuncu yol çox təhlükəlidir. Səni Bakıya yola salım, get. O, mənimlə razılaşdı. Təcili olaraq bütün sənədləşmələri həll etdim. Qısa müddət sonra da çıxıb getməliydi. Amma mən onun yanından çıxan kimi ətrafına diletantlar yığılırdılar. Onu tərifləyir, əfsanə düzəldirdilər onun haqqında. Mənsə ona deyirdim ki, yüksəkliyini qoru”.

E.Paşayev bildirdi ki, F.Abbasovla Azərbaycana qayıtması ilə bağlı razılaşandan sonra ölkəmizin Rusiyadakı səfirliyindən ona zəng edərək, jurnalistin ölkəyə geri dönmək istəmədiyini bildiriblər: “Qayıdıb bir daha yanına gəldim və bu hərəkətinin səbəbini soruşdum. Dedi ki, “Elman müəllim, sizin marağınız nədir ki, məni Rusiyadan çıxarmaq istəyirsiz?” Dedim ki, sən burda daha çox qalsan, problem yaranacaq. Fuad Azərbaycana gəlməkdən imtina etdi. Dedi, mən burda qalacam Ondan sonra apelyasiya vaxtı veriləndə dedim ki, bu, formaldır. Mən ayın 21-də artıq apelyasiya şikayəti vermişdim. Halbuki onlar ayın 23-də Facebook səhifəsində belə xəbər yaydılar ki, guya heç kim heç bir iş görməyib. Başqa vəkil tutmuşuq, yeni şikayət vermişik. Mən bütün şikayətləri Fuadın qarşısına qoydum. Dedim ki, Fuad, bu, mənim verdiyim şikayətlərdir, bu da başqa şikayətlər. Dedi, qoy vəkillər qrupu işləsin. Dedim, Fuad bu, teatr deyil. Bütün vəkillərlə toplaşaq, necə addım atmalı olduğumuzu deyək. Fuad mənim bu istəyimə də yox dedi, vəkillərin birgə toplantısı alınmadı. Mən ona dedim ki, Fuad, sənin axırın çox pis qurtaracaq. Mənim onunla bu cür sərt danışmağıma Fuad belə ad qoydu ki, guya mən satqınam. Özümə dedi ki, şikayətlərə əl vurmayın. Qeyri-müəyyən sözlər dedi. Mən onu başa düşürəm: indi onun üçün çox çətindir. Çünki əvvəl şəraiti daha yaxşı idi. Amma bu işi siyasiləşdirməyin yeri yoxdur. Mən Fuadın ata-anası ilə görüşdüm. Bu da Fuadın xətrinə dəydi ki, niyə hər şeyi valideynlərinə açdım. Əhali məndən gözləyir ki, niyə açıqlama vermirəm. Fuad özü məndən tələb etdi ki, mətbuata açıqlama verməyin. Üstəlik, mən bütün detalları aça bilmərəm”.
Müsahibimiz sonda dedi ki, dövlət nə zaman F.Abbasovun deportasiyası üçün pul ayırsa, onu deportasiya edəcəklər. Vəkildən birinci dəfə onun niyə geri qaytarıldığını, deportasiya olunmadığını da soruşduq, cavab belə oldu: “Görünür, hansısa işlər var. Bu gün onun içəridə qalmağı qanundan kənar deyil. Heç bir əsas olmadan FCB onu geri qaytara bilməz. İçəridə onun əlində telefon var. Görünür, nəsə danışıb, ona görə də geri qaytarıb. Gecə-gündüz onun yanına adam gələ bilər. Mən onun Moskva Şəhər Məhkəməsində FCB-yə qarşı işini aparıram. Mən bu işdən kənar dayanmışam, çünki o, məni başa düşə bilmir. Mən bu gün baş verənləri ona danışmışdım. Mən onu yalvarıb Azərbaycana göndərə bilmirdim. İndi isə o, yalvarır Bakıya gəlməyə, amma gələ bilmir. Mən ona dedim ki, bu oyunu oynama. O, mənim sözümə qulaq asmadı, diletantların sözünə qulaq asdı. 90 faiz mənim sözümə qulaq asmadı. Mənim Fuadı atmaq fikrim yoxdur. Bu işi təmənnasız edirəm. Ətrafındakı dilentlar onu qızışdırdılar ki, içəridə qal, siyasi qəhrəman olacaqsan”./musavat.com/