“Deputatı millət seçir, millət də geri çağıra bilər” - VAHİD ƏHMƏDOV

Baxış sayı:
2118

Prezident İlham Əliyev Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Seçki Məcəlləsindəki dəyişikliklərdən biri də Mərkəzi Seçki Komissiyasına (MSK) deputatları cəzalandırmaq hüququ verir. Maraqlıdır, hansısa deputatın mandatından məhrum edilməsi səlahiyyəti niyə MSK-ya verilməlidir, axı? Hamı bilir ki, deputatı xalq seçir. Xalqın seçdiyi nümayəndəni isə xalqın geri çağırmaq, mandatını ləğv etmək hüququ var. Əslində, formal olaraq xalq tərəfindən seçilən deputatların mandatlarının ləğv olunub, MSK-ya verilməsi onu göstərir ki, o deputatları xalq seçməyib. Sadəcə xalqın adından istifadə olunub, deputat kreslosuna əyləşdiriliblər. Ona görə də o deputatlar səslərini çıxarıb etiraz da edə bilmirlər. Özlərinin hüquqlarını müdafiə edə bilməyən deputatların isə vətəndaşların hüquqlarını müdafiə etməsi absurddur. Ona görə, Milli Məclisdə əyləşən bəzi deputatları çıxmaq şərtilə, əksəriyyəti nəinki seçilərinin hüquqlarını müdafiə etmək, heç öz hüquqlarını müdafiə etməyə qadir deyillər. Bu qanunun qəbul olunmasından sonra onsuz da müstəqil olmayan deputatlar daha da “səssiz” qalacaqlar. “Mərkəzi Seçki Komissiyası cəzalandırmazdan əvvəl, Milli Məclis özü bu məsələyə baxır” “Deputatların cəzalandırılması üçün səlahiyyətlərin Mərkəzi Seçki Komissiyasına verilməsi onların müstəqilliyinə, fəaliyyətinə mənfi təsir göstərə bilərmi” sualını cavablandıran deputat Vahid Əhmədov Muxalifet.az-a bildirdi ki, məsələ elə deyil: “Hər hansı bir hərəkət baş verərsə, səsvermədə və ya başqa vaxtı qeyri-qanuni əməllər olarsa, Mərkəzi Seçki Komissiyası cəzalandırmazdan əvvəl, Milli Məclis özü bu məsələyə baxır. Milli Məclisin İntizam Komissiyası var. İntizam Komissiyası baxıb qərar verəndən sonra, Mərkəzi Seçki Komissiyası qərar çıxara bilər. Yəni bütün səlahiyyətlər Milli Məclisin İntizam Kommissiyasındadır. Cənab sədrin dediyinə görə, onun da tərkibinə baxılacaq, yeni tərkib əlavə ediləcək. Yəni o birbaşa Mərkəzi Seçki Komissiyasına yox, Mili Məclisin özündə baxılandan sonra olacaq”. “Konstitusiyaya dəyişiklik etdiyimiz üçün Konstitusiyaya uyğunlaşdırmaq lazımdır” V.Əhmədov vurğuladı ki, bu qanunun müzakirəsi zamanı Milli Məclisdə çoxlu polemika getdi: “Çünki deputatı millət seçir. Millət də geri çağıra bilər. Amma biz keçən il Konstitusiyaya dəyişilik etmişik. Konstitusiyaya dəyişiklik etdiyimiz üçün Konstitusiyaya uyğunlaşdırmaq lazımdır. Ona uyğun olaraq da bu məsələ belə qəbul olunub. Çox böyük məsləhətləşmələrdən sonra faktiki olaraq təqdimat verildi, İntizam Komissiyası baxıb, sonra Mərkəzi Seçki Komissiyası baxacaq”. Şamo EMİN, Muxalifet.az