​David Tonoyan: “Bəli, Azərbaycan ordusu irəliləyib, biz də irəliləmişik...”

Baxış sayı:
4444

Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan Azərbaycan silahlı qüvvələrinin bu ilin yaz aylarından başlayaraq Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelərdə möhkəmlənməsi barədə yayılmış yeni məlumatlarla bağlı mətbuat konfransı keçirməli olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, David Tonoyan Ermənistan silahlı qüvvələrinin də Naxçıvanla sərhəddə “öz mövqelərini möhkəmləndirdiyini” deyib, üstəlik təkcə erməni torpaqları hesabına deyil.
“Düşənbə razılaşmalarını nəzərə alaraq mən müdafiə naziri kimi bəyan edirəm ki, Azərbaycan Silahlı Qüvvələri Naxçıvan istiqamətində heç bir ərazi “azad etməyib””-Tonoyan belə deyib.
Ermənistan müdafiə naziri təsdiq edib ki, Azərbaycan Silahlı Qüvvələri irəliləyib, amma bu tərəflərin mövqeləri arasında qalan ərazilərdə baş verib. Üstəlik həmin ərazilər Naxçıvana aiddir. Ermənistan Silahlı Qüvvələri isə heç vaxt həmin ərazilərə nəzarət etmirdi.
Tonoyanın sözlərinə görə, erməni hərbçiləri “mümkün təhdidləri azaltmaq üçün zəruri tədbirlər görüblər”. Və Azərbaycan tərəfinin hərəkətləri beynəlxalq instansiyalarda qaldırılıb.
Xatırladaq ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bu ilin yazında keçirdiyi uğurlu əməliyyat nəticəsində Şərur rayonunun 90-cı illərin əvvəllərindən erməni mövqelərinin nəzarəti altında qalan və tərk edilmiş Günnüt kəndi də daxil olmaqla 11 min hektara yaxın ərazi üzərində nəzarət bərpa olunub. Ötən həftə “Bellingcat” saytında dərc edilmiş məqalədə və peyk fotolarında isə göstərilirdi ki, Azərbaycan ordusu bütün yay aylarında və payızın əvvəllərində Naxçıvan istiqamətində mühəndis işlərini davam etdirib, yeni strateji mövqelərdə möhkəmlənib və Ermənistan ordusunun postları, hərbi təchizat yolları tamamilə əlverişsiz vəziyyətdə qalıb. Nəticədə ermənilər bir postu tərk etməli olublar, bəzi postları isə tərk etməyə məcbur olacaqlar.