Daha bir rayonda kasıba “qotur inək” verilib? - UCAR SAKİNİ NARAZIDIR, NAZİRLİK İSƏ BİLDİRİR Kİ, GÜNAHKAR ONUN ÖZÜDÜR…

Baxış sayı:
10945

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihəyə qatılanlara xəstə və yaşlı mal-qara verilməsi ilə bağlı daha bir fakt ortaya çıxıb. Belə ki, Ucar rayonunun Lək kənd sakini Sevinc Həsənova ona verilən heyvanların xəstə olduğunu bildirib. Şikayətçinin təqdim etdiyi fotolardan da görünür ki, inəklər arıq və xəstə durumdadır.

Bundan əvvəl Goranboy, Şəki,  Tərtər, Astara, Beyləqan rayon sakinləri də eyni məzmunlu müraciətlə mətbuata üz tutmuşdular. İddia olunurdu ki, vətəndaşlara qısır, balası olmayan inək və qoyunlar, yanıq dana, toğlular təklif edilib.

Hansı ki, sənədləşmədə heyvanın yanıbalalı, üstəlik sağlam olduğu əksini tapıb. Sənədi oxumadan imzalayan vətəndaş sonradan heyvanı geri qaytara bilmir, qazanıb ailəsini dolandırmaq əvəzinə xərcə düşür. İddialardan biri də bazardan 500-600 manata alınan heyvanların sənədlərdə 3-5 min manat arasında rəsmiləşdirilməsidir.  Başqa sözlə, bəzi əliəyrilər özünüməşğulluq proqramını əsl korrupsiya mənbəyinə çeviriblər.

Virtualaz.org bu mövzu ilə bağlı  iribuynuzlu heyvanların real bazar qiymətini araşdırıb. Bəlli olub ki, hazırda Bərdə və Beyləqandakı mal bazarlarında fotolarda göründüyü kimi arıq, yaşlı inəklər 650, uzağı 700 manata satışdadır. Sağlam, süd verən inəyin qiyməti isə çəkisindən, cinsindən asılı olaraq 1500-3000 manat arası dəyişir. Bazarda heyval alveri ilə məşğul olan  Səbuhi Məmmədov deyib ki, məsələn, gündə 17 litr süd verən cins inəyi bu günlərdə 3 min manata satıb.

“Bazarda daha çox 1500-1700 manatlıq inəklərə təlabat var. Bunlar yerli cinslərdən olan, amma süd verən, yanı balalı, sağlam inəklərdir. Qoçu 430, Qala qoyununu 300 manatdan satmışam. Qiymət heyvanın çəkisi, süd vermə qabiliyyətinə görə dəyişir”-Bərdə bazarında heyval alveri edən həmsöhbətimiz deyir.

Şirkət əvvəlcədən heyvanı alır, sonra vətəndaşa təklif edir

İqtisadçı-ekspert Akif Nəsirli isə deyir ki, bu prosesdə şəffaflığı təmin etmək üçün heyvanın alınmasında vətəndaş özü də iştirak etməlidir, heyvanın  sağlamlığına, vəziyyətinə tam əmin olandan sonra müvafiq sənədləşdirmə aparılmalıdır. “Azərbaycanda isə şirkət əvvəlcədən heyvanı alır, vətəndaşa təklif edir. Halbuki vətəndaş özü də heyvanın alınma prosesində iştirak etməli, sağlamlığına əmin olduqdan sonra sənədləşdirmə aparılmalıdır”, -ekspert deyib.

Onun fikrincə, “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində xəstə və yaşlı mal-qara verilməsi ilə bağlı şikayətlər çoxdur, sadəcə, yerlərdə mətbuata çıxışı olmayanlar var: “Hər müraciət edən ehtiyaclı ailə proqrama qatıla bilməz, bu iş yalnız heyvandarlıq təsərrüfatı ilə məşğul olmağı bacaranlara həvalə edilməlidir.  Vətəndaşa izah edilməlidir ki, qüsur və ya heyvanın xəstə olduğunu bilən kimi müraciət etsinlər. Görünür vətəndaşlar maarifləndirilmir”.

“Heyvanları yaxşı yemləməyiblər…”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı isə deyir ki, Ucar rayon Lək kənd sakini Sevinc Həsənovanın şikayəti əsassızdır. “Fotodakı inəklər Həsənovaya təqdim edilmiş heyvanlar deyil”, -Talıblı söyləyir.

Onun sözlərinə görə, Həsənovaya ötən ilin noyabrda heyvan verilib, bu zaman onun da iştirakı və razılığı olub. Təhvil verilərkən də ailəsi mal-qaradan razılığını bildirib və aktı imzalayıblar. Lakin  2 aydan sonra Həsənova rayon məşğulluq mərkəzinə müraciətində verilmiş mal-qaranın sağlamlığı ilə bağlı şikayət edib. Bununla bağlı müvafiq araşdırma aparılıb, nazirliyin əməkdaşları tərəfindən onun təsərrüfatına baxış keçirilib. Baytar həkim müayinəsi aparılıb və nəticədə mal-qaranın tam sağlam olduğu, sadəcə olaraq yaxşı yem verilmədiyi üçün südünün az olduğu barədə rəy verilib.

Əgər heyvan xoşuna gəlmirsə aktı imzalamasın

Talıblı əlavə edib ki, vətəndaş ona verilən heyvandan narazıdırsa, aktı imzalamamalıdır. Bu zaman tenderdə qalib gəlmiş şirkətin nümayəndələri heyvanı dəyişdirirlər. Proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarət olunur. “Sevinc Həsənova və digər şikayətçiləri imzaladığı sənədlərdən əlavə bizdə video materiallar da var. Həmin görüntülər sübutdur. Bəzən vətəndaş heyvana düzgün qulluq etmir, 3 aydan sonra dəyişdirmək istəyir. Dünyanın heç bir yerində belə şey yoxdur”,-Talıblı deyir.

Proqrama qatılanlara verilən heyvanlar xəstəliyə, eləcə də təbii fəlakətlərə qarşı sığorta olunmur. Talıblı əlavə edir ki, heyvan sığorta olunduqda qiymət artır.

Fazil Talıblı qeyd edir ki, vətəndaş heyvanı təhvil alarkən yenə də məlumatlandırılır. Baxmayaraq ki, proqrama qoşularkən xüsusi təlim keçir, biznes plan hazırlayır, müdafiə edir.  Vətəndaş razılığı olduğu təqdirdə aktla razılığını bildirir, imza atır.

Fazil Talıblı

Qeyd edək ki, nazir Sahil Babayev müsahibəsində şikayət əsasında 119 heyvanın yenisi ilə dəyişdirildiyini söyləmişdi. Şöbə rəhbəri deyir ki, mətbuatda verilən, eləcə də nazirliyə daxil olan hər bir müraciət ciddi araşdırılır. “Təsəvvür edin, 7300 nəfər proqrama qatılıb, onlardan yalnız bir neçəsi şikayətçidir. Amma bu şikayətçilərin də söylədikləri əsassız olur”.

Yeni təkliflər hazırlanır

Qeyd edək ki, heyvanların alınması ilə tenderdə qalib gəlmiş 2 şirkət-“Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu məşğul olur. Amma heyvanların verilmə və saxlama şəraitinə nəzirlik nəzarət edir.

Fazil Talıblı deyir ki, proqramla bağlı yeni təkliflər hazırlanıb, aidiyyatı orqanlarla razılaşmaya verilir. Yeniliklərdən biri məmur-vətəndaş münasibətləri minimuma endirməkdir. Təkliflərin qəbulundan sonra narazılıq da olmayacaq, nazirlik əməkdaşı əmin edir.../Virtualaz