​Daha bir müxalifətçi karantin qaydalarını pozmaq adı ilə həbs edildi

Baxış sayı:
1265

Dünən daha bir müxalifət fəalı karantin qaydalarının pozması adı ilə həbs olunub.
Belə ki, ADP fəalı Nəriman Məmmədzadə dünən evdən çıxıb iş dalınca şəhərə getsə də axşam evə qayıtmayıb. Axşam saatlatlarında yaxınları ona zəng etsə də, telefonu qapalı olub. Bütün gecəni narahat olan ailə üzvləri, yalnız bu gün səhər saatlarında ondan xəbər tuta biliblər. Belə ki, bu gün səhər saatlarında Nəriman evlərinə zəng edib. Məlum olub ki, Nəriman karantin qaydalarını pozmaqda günahlandırılaraq məhkəmə tərəfindən 1 ay müddətinə inzibati qaydada həbs olunub. Nəriman bildirib ki, o, heç bir karantin qaydalarını pozmayıb, sadəcə polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparıblar, orada barəsində karantin qaydalarının pozulması adı altında inzibati xətanın törədilməsi barədə saxta və qondarma ittiham əsasında protokol tərtib ediblər. Sonra  isə məhkəməyə aparılıb və orada barəsində həbs qərarı çıxarılıb. Nəriman həbsinin siyasi fəaliyyəti və son vaxtlar sosial şəbəkələrdə hakimiyyət orqanlarına qarşı çıxışları ilə əlaqədar olduğunu bildirib. Çünki, ona polis bölməsində siyasi fəaliyyətinə və hakimiyyət ünvanlanan tənqidi çıxışlarına görə təzyiqlər olunub. Qeyd edək ki, Nəriman Məmmədzadə həm də Facebook sosial şəbəkəsində “Kaktus” səhifəsinin yaradıcısı kimi tanınır.
Xatırladaq ki, karantin dövründə hakimiyyət orqanlarının müxalif siyasi fəallara qarşı həyata keçirdiyi birinci həbs deyil. Artıq bu günə kimi onlarla siyasi fəal saxta “karantin qaydalarının pozulmasi” ittihamı ilə üzləşərək həbsə atılıb. Baş verənlər onu göstərir ki, hakimiyyət müxalif fəalları həbsə atmaq üçün karantin vəziyyətini özü üçün fürsət hesab edir. Yeri gəlmişkən qeyd edək ki, son günlərdə bir sıra Avropa və Qərb institutları Azərbaycan hakimiyyətini ölkədə elan olunmuş karantin rejimindən sui-istifadə edərək siyasi aktivistlərə qarşı həyata keçirdiyi repressiya siyasətindən əl çəkməyə çağırıb. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu çağırışları həmişəki kimi qulaqardına vurmaqdadır.

Sahib