Dağıstanın yeni rəhbəri azərbaycanlıdır - İDDİA

Ramazan Abdulatipovdan sonra Dağıstanın rəhbəri vəzifəsinə müvəqqəti olaraq Vladimir Vasilyev təyin edilib. 
Qaynarinfo.az xəbər verir ki, Rusiyanın budkav.ru saytı Vladimir Vasilyevin rus soyadı daşımasına baxmayaraq, onun atası Əbdüləlinin əslən azərbaycanlı olduğunu yazıb. 
Əbdüləlinin müharibə veteranı olduğu da bildirilir. Vasilyevin Dərbənddə Kamil Hüseynov adında ögey bir qardaşının da olduğu və yeni başçının arabir onu görmək üçün Dərbəndə getdiyi qeyd olunur. 
Bəs rəsmi məlumatlarda Vladimir Vasilyev kimdir? 
"Wikipedia" məlumatında Vasilyevin atasının əslən qazax, anasının isə rus olduğu qeyd olunur. O, 1949-cu ilin avqustun 11-də Moskvanın Klin rayonunda anadan olub. Müəllim ailəsində böyüyüb. Atası məktəb müəllimi, anası isə bağça müəllimi olub. 
1972-ci ildən SSRİ-nin Daxili İşlər Nazirliyi orqanlarında çalışıb, 1978-ci ildə Ümumittifaq Hüquq Yazışma İnstitutu, 1991-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 
1991-1992-ci illərdə RSFSR Daxili İşlər Nazirliyinin Təftiş Xidməti İdarəetmə Təşkilatının baş inspektoru, 1992-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyində baş müfəttiş vəzifələrində çalışıb. 
1993-1995-ci illərdə Rusiya Daxili İşlər Nazirliyinin qərargah rəisinin müavini - əməliyyat şöbəsinin müdiri, 1995-1997-ci illərdə Moskva Daxili İşlər Nazirliyinin Baş İdarəsinin birinci müavini olub. 
Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinin 1997-ci ildə imzaladığı fərmanla daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 
1999-cu ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini olub. 
2003-2007-ci il parlament seçkilərində Tver rayonunda "Vahid Rusiya" partiyasının namizədi olaraq Dövlət Dumasına seçilib və Dumanın sədr müavini olub. 
2017-ci il oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Vladimir Vasilyevi Dağıstan Respublikasının başçısı vəzifəsinə təyin edib. 
Ailəlidir, 1 qızı və 1 nəvəsi var. Rəsmi məlumatlara görə, onun 2011-ci il üçün gəlirləri 1,9 milyon rubl olub.