““Coin” çılğınlığı sona çatacaq” - Natiq CƏFƏRLİ

Baxış sayı:
3284

2013-cü ildə dünyada yeni başlayan “coin” çılğınlığına parodiya olsun deyə, bir internet saytı “Dogecoin” adlı kriptovalyuta buraxmışdı. Son 6 həftədə həmin “zarafatcoin” 680% bahalaşıb, ümumi dəyəri 2 milyard dolları keçib. “Dogecoin”-nin yaradıcısı Jackson Palmer açıqlama verib, deyib ki, dünyanın başı xarab olub, biz bu “itcoini” zarafatla düzəltmişdik, 2 ildir ümumiyyətlə, proqram yenilənməsi olmayıb.
Muxalifet.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu məsələyə münasibət bildirib.

“Sərbəst vəsaitin həcmi 15 trilyon dolları keçib

Cəfərli qeyd edib: “Dünya doğrudan da dəli olub. Amma bu “dəliliyin” rasional izahı var. Dünyada “coin” çılğınlığı 2009-dan sonra başladı, 2016-17-ci illərdə isə fantastik səviyyələrə çatdı. Səbəbi çox sadədir: FED 2008-ci ildən başlayaraq hər ay bazara 60-80 milyard dollar pul atmağa başladı ki, qlobal böhranın təsirlərini azaltsın. FED-dən sonra Avropa Mərkəzi Bankı (AMB) da hər ay 60 milyard avro pul səpməyə başladı. Bu karvana Yaponiya, Britaniya, Çin də qoşuldu. 2008-dən bu günə dünyada “çap” olunub bazara səpilən sərbəst vəsaitin həcmi 15 trilyon dolları keçib”.

“Nə qədər aksiya və dövlət borc kağızları almaq olar?!”

“Banklar çox aşağı faizlə kredit verdilər, böyük həcmdə sərbəst kapital yarandı, bu “mənasız” və “ucuz” pulun bir hissəsi də “coinlərə” çevrildi. Çünki investorların pul yatırmaq istədikləri alanlar daraldı. Nə qədər aksiya və dövlət borc kağızları almaq olar?! Risk iştahı yarandı və “coin” dəliliyi yayıldı”, - deyə iqtisadçı vurğulayıb.

“Dünyada sərbəst” pul seli azalacaq”

N. Cəfərli onu da nəzərə çatdırıb ki, FED artıq həm faizləri artırır, həm də 4 trilyon bazara atdığı pulu geri çəkməyə başlayıb:  “Hər ay 20-40 milyard dollar geri çəkir. Bu il AMB da, Yaponiya və Çin də eyni addımları atacaqlar, Britaniya isə artıq prosesə start verdi. Deməli, dünyada “sərbəst” və “axmaq” pul seli azalacaq, bu da “coin” çılğınlığının sona çatmasına səbəb olacaq”.

Cavid, Muxalifet.az