“Cənab Prezident, Qorxmaz Hüseynovdan kartımı almağınızı diləyirəm” – MƏĞRUR BƏDƏLƏSOY

Baxış sayı:
2351

Yeni Azərbaycanda yeni oğurluq növü - kart oğurluğu geniş yayılıb. Elə olur ki, bir icra başçısının cibindən 500 (!) maaş-yardım kartı çıxır! Elə bil, maaş kartları bunların adına-alnına yazılıb, əllərinə yapışıb! Gözünə döndüyüm DTX -nın “qara maskalı oğlanları” elə asanlıqla kartları onların çirkin əllərindən qoparır ki!..
Mənim də kartım uzun zamandır “Azərsu”da “yatır”. 2 ildir quraşdırılan su sayğacının kartı yiyəsinə verilmir. Hətta 6 aydır məhkəmə kartın verilməsinə qərar versə də, hələ də dövlətin adından çıxarılan məhkəmə qərarını da borclu “Azərsu” tanımır! (?) Bu yekəlikdə özbaşınalığı “Azərsu” prezidenti “götürsə” də, Azərbaycan Prezidenti çətin götürər. Bir kart nə olan şeydir ki, 2 ildir su idarəsi cibində və ya “cip”ində gizlədib vermir?
Cənab Prezident, Sizin sözünüzdən çıxmaz, kartımı “Azərsu” prezidentindən almağınızı diləyirəm. Neyləyim,  dünənəcən qanunverici hakimiyyətin sədri “suyun da qeyri-rəsmi sədri” olduğundan, məhkəmə hakimiyyətinin qərarının da tanınmadığından, ümid icra hakimiyyətinin başçısınadır.
Məğrur BƏDƏLSOY