"Cindar Hüseyn" məhkəmə qarşısında

Baxış sayı:
14467

Bakı Ağır Cinayətlər Məhkəməsində fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Lalə İbrahimova və onun oğlu Hüseyn Əlizadənin məhkəməsi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
L.İbrahimova ittiham aktını almadığını, almaqdan imtina etdiyini deyib. O, bunu ibtidai istintaqın birtərəfli aparılması ilə əsaslandırıb: “Bizə qarşı təzyiqlər olub, haqsızlıqlar edilib. Məhkəmənin ədalətli olacağına da inanmıram. Vəkilimiz də yoxdur. Belə olan halda məhkəmə neçə aparıla bilər?”.
Hakim onlara dövlət hesabına vəkil təqdim ediləcəyini deyib. L.İbrahimova isə dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını bildirib.
Hazırlıq iclasında zərərçəkmişlərin bəzilərinin məhkəməyə mülki iddia təqdim etməməsi məlum olub.
Məhkəmə baxışı aprelin 22-ə təyin edilib.
İttihama görə, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.
Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib.
Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.
Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.
İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.