CAVİD QURBANOV bir qrup jurnalistə ev bağışladı

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə xəbər verib.
 
Məlumata görə, ADY sədri bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb. C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar…
Belə olduqda hörmətli C.Qurbanov çox böyük jest və ləyaqətli hərəkət edərək, rəhbərliyin razılığı ilə sözügedən jurnalistləri şəxsən özü evlə mükafatlandırıb. Bununla da o, işgüzar və şəxsi münasibətlərdə nə qədər etibarlı və güvəniləcək biri olduğunu da ətrafına bir daha nümayiş etdirmiş olub…
Məlumatda həmçinin o da qeyd olunur ki, ADY sədri, müəyyən səbəblərdən adlarını çəkmək istəmədiyimiz jurnalistlərə şəhərin prestijli bölgələrində yeni tikilmiş binalardan mənzillər bağışlayıb.
Xatırlatmaq yerinə düşər ki, C.Qurbanovdan əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da mətbuat işçiləri üçün tikilmiş binadan ev ala bilməyən bir jurnalistə Naxçıvan şəhərindən 3 otaqlı mənzil bağışlamışdı.
QEYD: Göründüyü kimi Azərbaycanda eyni peşə sahiblərinə müxtəlif yanaşma mövcuddur. Kiminə ev, kiminsə nəsibinə həbsxana kamerası düşür. Təbii ki, həbsxana kameraları susmağı qızıl bilənlər, musiqini sifarişlə çalanlar üçün deyil. Qapalı dörd divarlar yalnız qələmi vicdanının süzgəcindən keçirənlər üçündür. Ona görə kameradakılara “qəzanız mübarək olsun” deyək. Çünki Azərbaycanı çiyinlərində, ürəklərində daşıyacaq olanlar onlardır...