​“Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik” – Mübariz Mənsimov

Baxış sayı:
10840

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali” şirkətlər qrupuna daxil “Palmali Maritime Shipping” gəmiçilik şirkəti İran neftinin Amerika sanksiyalarını yan keçməklə Suriyaya daşınması prosesində iştirak etməsi ilə bağlı xəbər yayılıb.
Xəbərdə iddia edilir ki, “Palmali”nin idarəçiliyi altında olan tankerlər 2015-2017-ci illərdə Suriyaya xam neft və neft məhsulları daşıyıb. Buna görə də ABŞ Maliyyə Nazirliyi son üç il ərzində Suriyaya qarşı tətbiq edilmiş embarqonun pozulması baxımından “Palmali”nin fəaliyyətini araşdırır.
“Yeni Sabah” xəbər verir ki, “Palmali” şirkətlər qrupu yayılan xəbəri təkzib edərək bəyan edib ki, bütün bunlar şirkətin imicinə zərər vurmaq cəhdindən başqa bir şey deyil:
““Palmali”nin həyata keçirdiyi son investisiya layihələri bəlli olan insanları və qurumları qıcıqlandırmağa başlayıb. Elə ona görə də Azərbaycandan keçib indi də Türkiyədəki kiçik saytlar vasitəsilə yalan xəbərlər dərc etməyə başlayıblar ki, sonradan mənbə kimi göstərə bilsinlər. Bu, məqsədli şəkildə yazılan yalan xəbərdir. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. 
Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik. “Palmali” Holdinq sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək. Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir. Elə ona görə də dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər? Adı çəkilən gəmilərin heç birinin “Palmali”yə aidiyyatı yoxdur”.