"Bunu Gürcüstan üçün yeganə yol hesab edirik" - AZƏRBAYCANLI DEPUTAT

Baxış sayı:
5890

Muxalifet.az Gürcüstan parlamentinin azərbaycanlı deputatı, hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının funksioneri Mahir Dərziyevin teleqraf.com-a müsahibəsini təqdim edir.

- Mahir müəllim, Gürcüstanda keçirilən NATO təlimləri Moskvada ciddi etiraza səbəb olub. Rusiya Baş naziri Dmitri Medvedyevin “Gürcüstanın NATO-ya üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər” bəyanatını necə qiymətləndirirsiniz?

- Rusiyanın müxtəlif dövlət rəsmiləri zaman-zaman bəyanatlar verir. Rusiya Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasını qəbul etmir. Amma bu, bizim ölkəmizin cari siyasi kursu deyil. Əksinə, bu gürcü xalqının tarixi seçimidir. Gürcüstan üçün NATO, eləcə də Avro-Atlantik məkana inteqrasiya tərəqqi, təkamül və islahat yoludur. Biz bunu Gürcüstan üçün yeganə yol hesab edirik. Başqa yol təsəvvür belə etmirik. Odur ki, Rusiyanın bu kimi bəyanatları gürcü cəmiyyəti tərəfindən qəbul edilmir.

- Sabah 2008-ci il avqust müharibəsinin 10 ili tamam olur. Bu barədə gürcü cəmiyyətinin rəyi nədən ibarətdir?

- Bəli, bu günlər biz Gürcüstana Rusiya hərbi müdaxiləsinin 10 illiyini qeyd edirik. 2008-ci ilin avqustun 8-də Rusiya Gürcüstana müdaxilə edib. Bu hadisənin 10 illiyi münasibətilə cəmiyyət həm hesabat verir, həm də düşünür ki, Gürcüstan öz təhlükəsizlik sistemini yaratmalıdır. 2008-ci il avqust hadisələri Rusiyanın birbaşa Gürcüstana hərbi müdaxiləsi idi. Bundan sonra Gürcüstanın torpaqlarının qonşu dövlətə ilhaqı baş verdi. Gürcü cəmiyyəti sadəcə olaraq, ölkəmizin təhlükəsizliyinə və sabitliyinə qarant olaraq NATO-nu görür. Odur ki, belə bəyanatlar Gürcüstanı yolundan çəkindirə bilməz. Bəli, Gürcüstanda Rusiyameylli qüvvələr var. Gürcüstan Rusiyaya qonşu ölkədir, tarixi bağlarımız, mədəniyyət yaxınlığı var. Ancaq mən sizi əmin edirəm ki, gürcü cəmiyyətinin bütün təbəqələri, hətta Rusiyameylli qüvvələr də birmənalı olaraq 2008-ci ildə baş verən Rusiya müdaxiləsini və Gürcüstanın öz torpaqları üzərində nəzarətini itirməsini pisləyir, bunu Gürcüstanın müstəqilliyinə, suverenliyinə hərbi təcavüz hesab edir.

- NATO-nun Gürcüstanda keçirilən hərbi təlimləri ilə paralel olaraq Rusiya Abxaziyada hərbi təlimlərə başladı. Bunu təsadüfi hesab etmək olarmı?

- Bəli, Rusiya Gürcüstanda baş tutan NATO təlimlərinə paralel olaraq təlimlər keçirdi. Bunun özü beynəlxalq hüquq baxımından qeyri-qanunidir. Dünya Abxaziya və Osetiya bölgəsini Gürcüstanın bir hissəsi kimi tanıyır. Odur ki, dünyanın Gürcüstanın ərazisi hesab etdiyi yerlərdə Rusiyanın təlim keçirməsi Gürcüstana və dünyaya qarşı əzələ nümayişidir. Zaman-zaman belə təlimlərin Gürcüstanın tarixi torpaqlarında, eləcə də Rusiya ilə sərhədində - Şimali Qafqazda, Krasnodarda, Stavropol vilayətində, Gümrüdə keçirilməsi əzələ nümayişidir. Bununla Gürcüstana və onun strateji tərəfdarlarına güc göstərilir. Bir daha qeyd edirəm ki, Gürcüstan təhlükəsizlik qarantı axtarışındadır və NATO ilə yaxın əməkdaşlığına da bu aspektdən yanaşmaq lazımdır.

- Abxaziyada keçirilən hərbi təlimlər “NATO-nu ölkəyə buraxmayın” mesajıdır?

- Bəli, tamamilə belə xarakterli mesajdır. Gürcüstan müstəqil və suveren dövlətdir. NATO təlimlərində isə çoxlu sayda müstəqil dövlətlər iştirak edib. Bu hər bir dövlətin özünün müstəqil seçimi olub. Bu təlimlərlə eyni gündə Rusiyanın Gürcüstanın işğal edilən ərazisində - Abxaziyada təlimlər keçirməsi sətiraltı deyil, açıq mesajdır. Amma bu, bizim ölkəmizin seçiminə təsir edə bilməz. Rusiya-Gürcüstan müharibəsindın 10 il ötsə də, gürcü cəmiyyətində bu hadisə hələ də mənfi reaksiya doğurur.

- Hazırda Gürcüstan-Rusiya münasibətləri hansı səviyyədədir?

- “Gürcü Arzusu” hakimiyyətə gələndə Rusiya ilə münasibətlərin normallaşmasına çalışıb və xeyli dərəcədə buna nail olub. Bizim ölkə əlindən nə gəlibsə, edib. Bu günə qədər Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr mövcud deyil. Münasibətlərin yeganə mövcud formatı Praqada xüsusi səfirlər vasitəsilə həyata keçirilən təmaslardır. Bu təmaslarda Gürcüstanı Zurab Abaşidze, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Qriqori Karasin təmsil edir. Bu görüşlər ilkin şərt irəli sürmədən keçirilir. Əsasən qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilir.

Bildiyiniz kimi Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına veto qoymadı. Əvəzində irəli şərt sürdü ki, bu gün Gürcüstanın nəzarət etmədiyi ərazilərində malların fəaliyyəti haqqında informasiya almalıdır. İsveçrə şirkətinin iştirakı ilə gömrük daşımalarının həyata keçirilməsinə başlanıldı. Azərbaycanın da Ermənistana keçəcək dəmir yolunun açılmasına dair narahatlığı mövcud idi. Amma gördüyünüz kimi, bu, baş tutmadı.

Rusiya ilə qarşılıqlı olaraq ticarət əlaqələrimiz var. Gürcüstan birtərəfli olaraq Rusiya vətəndaşları üçün vizanı qaldırıb. Gürcüstanın ənənəvi şərabından başqa digər içkiləri Rusiya bazarına daxil olur. Belə əlaqələr var. Gürcüstan tərəfi belə münasibətlərin formalaşmasında maraqlıdır. Amma münasibətlərdə yeganə problem diplomatik əlaqələrin olmamasıdır. Bu da Gürcüstanın ərazilərinin Rusiya tərəfindən işğalı, separatçı rejimlərin Moskva tərəfindən tanınması ilə bağldıır. Gürcüstan parlamentinin tarixi qərarı var. Bu qərara əsasən, Gürcüstan dövləti ölkə ərazisində fəaliyyət göstərən separatçı rejimləri tanıyan dövlətlərlə heç bir diplomat əlaqə yaratmır. Bunun gərəyi olaraq da Rusiya ilə diplomatik əlaqələr mövcud deyil. Lakin iqtisadi, humanitar sahələrdə əlaqələr var. Bu hər iki ölkənin maraqlarına xidmət edir. Biz Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıyıq. Təəssüflər olsun ki, Rusiya Gürcüstana daim əzələ nümayiş etdirir.