“Bu vəziyyətdə ölkədə işsizlik və sosial gərginlik arta bilər” – QUBAD İBADOĞLU

Baxış sayı:
2008

“Bu gündən Azərbaycanda xüsusi koronavirus rejimi tətbiq edilir. Düzgün qərardır. Təki ömrü az olsun. Həyat, təhsil, biznes öz axarına tez qayıtsın. Xalqımız bu sınaqdan da sağlam qurtulsun. Yeni rejimin tələblərinə görə, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir”.
Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
“Bununla yanaşı, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb. Bundan sonra, alış-veriş mərkəzlərinin, ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir və böyük ehtimalla onların fəaliyyətlərində də məhdudiyyətlər yaranacaq. Butün bunlar əhalinin koronavirus pandemiyasından qorumaq üçün zəruri tədbirlər hesab olunur və dünyanın bir çox ölkələrində tətbiq edilir. Sadəcə bir fərqli yanaşma vardır”,-deyə iqtisadçı əlavə edib.
Q. İbadoğlunun sözlərinə görə, başqa ölkələrdə koronavirus pandemiyasından zərər çəkən kiçik biznesə dövlətin maliyyə dəstəyi və işini bu səbəbdən itirənlərə də sosial qayğı proqramları təklif olunur: “Azərbaycanda isə Nazirlər Kabineti açıqlama verir ki, Bu tədbirlərin görülməsi həmin sahibkarların özünün və ailə üzvlərinin də təhlükəsizliyi üçün keçirilir. Bu, heç kəsin şəxsi maraqları üçün deyil. Bu, ümummilli məsələdir, bir sözlə NK rəsmisi deyib ki, "hökumət təzminat ödəməyəcək".
Q. İbadoğlu onu da vurğulayıb ki, toy məclislərinin dayanması, şadlıq evində çalışanların, o sıradan aşpazlardan tutmuş ofisiantlaradək hər gün evinə gündəlik qazancını aparan on minlərlə şəxsin işimi itirməsi deməkdir, toylar və restoranlar olmayanda taksi xidməti göstərən minlərlə sürücü müştərisiz qalır: “Bu zəncirvari proses turizm, hotelçilik, xidmət, nəqliyyat, logistika və digər sahələrdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə gətirib çıxaracaq. Ona görə də hökümət koronavirus pandemiyasından ziyana düşən kiçik biznesə maliyyə, işini itirən vətəndaşlara da sosial dəstəyini əsirgəməməlidir. Bunlarla bağlı dəstək proqramlarını mümkün qədər tez elan etməlidir. Əks təqdirdə fəaliyyətini dayandıracaq müəssisələrə görə, büdcə və sosial müdafiə fondu da itirəcək, işsizlik və sosial gərginlik artacaq. Eyni zamanda xüsusi rejim şəraitində yaranmış vəziyyətdən daha çox qazanc əldə edən supermarketlər və apteklər də korporativ sosial məsuliyyət çərçivəsində aztəminatlılar üçün xeyriyyə işləri görməlidir”.