“BU ÜÇ DÖVLƏTİN BİRLİYİ MÜMKÜN DEYİL” - “Türkiyə ilə Azərbaycan arasında daha çox problem var”

Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev həm Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, həm də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
Çavuşoğlunu qəbul edən zaman prezident İ. Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunub, hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu bildirib.
Bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin həlli üçün önəmli üçtərəfli format kimi özünü təsdiqlədiyini və nümunəvi bir format olduğunu deyib.
Dövləti başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını da qeyd edib.

“Türkiyə ilə Azərbaycanın bir çox məsələlərdə baxışları, hərəkətləri üst-üstə düşmür”

Konfliktoloq Elxan Mehdiyev Hurriyyet.org-a bildirdi ki, doğru sözdür ki, bu ölkələrə arasında həll olunası çox məsələlər var: “Türkiyə ilə Azərbaycan arasında daha çox problem var. Məsələn, viza məsələsi. Türkiyə deyir, biz bacıyıq, qardaşıq, amma Türkiyədə bir aydan bir gün artıq qalarsansa, oradan deportasiyaya olunursan, bir də Türkiyənin üzünü görmürsən. Amma MDB ölkələri, Rusiya ilə asanlaşdırılmış viza, iş izni var. Çünki Azərbaycan o şərtləri Türkiyəyə irəlı sürüb, Türkiyə də əvəzində belə edir. Gömrük məsələlərində olduqca böyük problemlər var. Digər tərəfdən, siyasi baxımdan da Türkiyə ilə Azərbaycanın bir çox məsələlərdə baxışları, hərəkətləri üst-üstə düşmür. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın həyati məsələsi olan erməni işğalı ilə bağlı kordinasiyası heç də üstə-üstə düşmür, yaxud bir cəbhədə hərəkət etmirlər. Türkiyə Suriya ilə bağlı savaşa girir. Azərbaycanla bağlı belə hərəkət var, yoxsa yox? Türkiyə Kosovanı ilk tanıyan ölkələrdən biridir, Azərbaycan isə Kosovadan sülhməramlı qüvvələrini də çıxartdı və Serbiyanın ərazi bütövlüyünü tanımaqda davam edir. Serbiya da Kosovonı tanıyacaq, ancaq Azərbaycan Kosovanı tanımayacaq. Hansı ki, Kosovanı elə bu dünyada Türkiyə yaradıb. Osmanlılar 1389-cu ildə Kosovo savaşında serbləri darmadağın edib və ondan sonra müsəlman Kosova yaranıb. Dediyim kimi, Suriya məsələsinə Azərbaycan və Türkiyə tam fərqli rakusdan yanaşır. İqtisadi baxımdan da Azərbaycanla Türkiyə arasında çox böyük problemlər var. Onları sadalasam, gülüncdür. Vətəndaşların gedişi-gəlişi, iş hüququ, iş izni, qalmaq, bütün bunlar böyük problemlərdir”.

“Gürcüstanla da çox problemlər var”

“Onu bilirəm ki, bu məsələlər Gürcüstanla yüksək rəhbəliklər arasında aparılan icra xarakterli danışıqların nəticəsidir, nəinki hər hansı hüquqla tənzimlənib. Yəni Gürcüstanla da münasibətlər hüquqi müstəviyə salınmayıb. Ona görə, Gürcüstanla da çox problemlər var”, - deyə konfliktoloq bildirdi.

“O fikirlər Rusiya üçün nəzərdə tutulmayıb”

Prezident İ. Əliyevlə görüş zamanı M. Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğulayıb. 
“M. Çavuşoğlu  sbaitlik deyəndə nəyə işarə edir” sualına E. Mehdiyev belə cavab verdi: “Onlar hamısı şablon ifadələr, fikirlərdir. O fikirlərin arxasında heç nə durmur. Yox, o fikirlər Rusiya üçün nəzərdə tutulmayıb. O demək deyil ki, bu fikir Rusiyaya qarşıdır”.

“İndiki dönəmdə bu üç ölkənin birliyi mümkün deyil”

Mehdiyev onu da vurğuladı ki, bu üç dövlətin birliyi mümkün deyil: “Ona görə ki, Türkiyə NATO ölkəsidir, Gürcüstan da NATO-ya can atır, Azərbaycanın isə belə fikri yoxdur. Gürcüstan daha çox Avropa Birliyinin hüququ müstəvisinə keçmək istəyir, Azərbaycan isə fərqli istiqamət tutub. Ona görə, o fikirlər, sadəcə, sözlərdir. O baxımdan, indiki dönəmdə bu üç ölkənin birliyi mümkün deyil”.