"Bu siyasi məsələdir" - MEHMAN ƏLİYEV

Turan informasiya agentliyinə yenidən vergi sanksiyası təyin olunub, bu barədə agentliyə Vergilər Nazirliyindən daxil olan rəsmi məktubda bildirilib.
 
"Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və üstəlik 9.294 manat faizə malikdir", - Turan agentliyinin direktoru BBC Azərbaycancaya bildirib.
Mehman Əliyevin sözlərinə görə, ötən həftə 11 sentyabr tarixli məktubda Vergilər Nazirliyi 37 min manat məbləğində sanksiyanın ləğvini təsdiqləmişdi. Bundan sonra agentliyin hesabları açıldı.
Lakin daha sonra gələn məktub borcun olduğunu göstərib, bu isə vəziyyəti yenidən əvvəlki hala qaytarıb. Turan agentliyinin direktoru eyni nazirlikdən "ziddiyyətli qərarların gəlməsinin səhv olmadığını" düşünür.
O, hesab edir ki, bu işin arxasında "siyasi tapşırıq" var:
"Bu məsələ vergi yox, siyasi məsələdir. Hər şey tapşırıqlar əsasında baş verir."
BBC Azərbaycanca Vergilər Nazirliyindən məsələ ilə bağlı hələlik şərh ala bilməyib.
Çərşənbə axşamı günü Baş Prokurorluq məlumat yayıb ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcək.
"Turan" İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir", prokurorluğun saytında yazılıb.
Mehman Əliyevin sözlərinə görə, hazırda hesabları bağlı olan agentlik fəaliyyətini bərpa etməyib.
"Agentlik belə şəraitdə necə işləyə bilər? İşləyə bilməz. Pul gəlsə onu da borclar hesabına siləcəklər."
Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.
Avqustun 24-də Turan agentliyinin direktoru saxlanılıb. Ertəsi gün səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin sentyabrın 11-də həbs qətimkan barədə qərar dəyişdirilib.
 
Mehman Əliyev
Mehman Əliyev Turan agentliyinə qarşı işin "siyasi motivli" olduğunu bildirir.
Turan agentliyi sentyabrın 1-dən fəaliyyətinin dayandırılacağını elan edib, hərçənd redaksiya əməkdaşları öz imkanları hesabına işi davam etdiriblər. Hazırda agentliyin saytında az sayda məlumatlar dərc olunmaqdadır.