​Bu səfərlərin qarşısı alınmalıdır – Deputatdan təklif

Baxış sayı:
6175

“İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin qəbul olunmasına ciddi ehtiyac var. Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Deputat yaz sessiyasının açılışında bir sıra vacib təkliflərlə çıxış edib. Q.Paşayeva bildirib ki, etirazlara baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərinə hələ də qanunsuz səfərlər edilir: “Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal edilən ərazilərimizə səfər edənlərin Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınmasına baxmayaraq, bu cür səfərlərin sayı azalmır, əksinə artır. Eyni zamanda, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımıza qeyri-qanuni olaraq xarici şirkətlər dəvət edilir, qeyri-qanuni fəaliyyət göstərən şirkətlərin sayı da artır. Hesab edirəm ki, işğal olunmuş ərazilər haqqında qanun layihəsi bu qeyri-qanuni səfərlərin, fəaliyyətlərin qarşısının alınması istiqamətində işlərə öz töhfəsini verə bilər”. Millət vəkili son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəkləyib: “İnanırıq ki, məşğulluq proqramının həyata keçirilməsi zamanı əlillərə xüsusi diqqət ayrılacaq”. Q.Paşayeva çıxışında əlillərin məşğulluğu məsələsinə də toxunub: “Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşir və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq və qanunun qurumlar tərəfindən icrasını təmin etmək üçün mexanizmləri sərtləşdirməliyik. Əlillər üçün ayrılmış kvotalarda onları işlə təmin etməyən müəssisə və qurumlara qarşı qanunlarda əlavə və dəyişikliklər etməklə cərimə, cəza və məsuliyyət mexanizmlərinin gücləndirilməsi vacibdir. AŞPA-nın qış sessiyasında Avropa Şurası üzv dövlətləri məkanında əlillərin işlə təminatı məsələsi xüsusi müzakirə olunub və üzv ölkələrə çağırışlar edilib. Nəzərə alsaq ki, ölkəmizdə əlillərin sayının artmasında ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş Qarabağ əlillərinin, köçkünlük həyatının ağırlığı nəticəsində sağlamlığını itirmiş insanlarımızın sayı ciddi rol oynayır. Onlar da daxil olmaqla əlillərin işlə təminatı bizim üçün vacib məsələdir və bu məsələ ilə bağlı qanunvericilik bazasının daha da gücləndirilməsi, qəbul edilən qərarların yerinə yetirilmə mexanizminin sərtləşdirilməsi vacibdir”. Millət vəkili qəbul edilən qanunların icrasına nəzarətin gücləndirilməsinin, həmçinin bir sıra qanunların cəmiyyətə çatdırılması və yüksək səviyyədə yerinə yetirilməsi üçün əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin artmasının vacibliyini də xüsusilə vurğulayıb: “Bəzi qanunlar var ki, onların özündə maarifləndirmə işinə geniş yer verilməsi öz əksini tapıb. Təəssüf ki, qanunla nəzərdə tutulan maarifləndirmə işlərinin həyata keçməsi zəifdir. Ona görə də hesab edirəm ki, Milli Məclisdə KİV rəhbərlərinin iştirakı ilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə dinləmə və müzakirələrin keçirilməsi vacibdir”. Q.Paşayeva onlayn media haqqında qanunun qəbul edilməsinin vacibliyinə də toxunub. O bildirib ki, bu qanun informasiya təhlükəsizliyi məsələsinə və informasiya müharibəsində gücümüzün artmasına öz töhfəsini verə bilər. Deputat Gürcüstanda erməni terrorçusuna abidə qoyulmasının nəinki Gürcüstanda yaşayan soydaşlarımızın, habelə dünyada yaşayan bütün azərbaycanlıların etirazına səbəb olduğunu deyib: “Biz hamımız Gürcüstanda baş verən bu təxribata öz etirazımızı bildiririk. Eyni zamanda, hesab edirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə Qarabağda ərazi bütövlüyümüz uğrunda şəhid olmuş Gürcüstan kökənli azərbaycanlılara abidələrin ucaldılması üçün işlər görülməlidir”.