​Bu oteller hələ də nikah şəhadətnaməsi tələb edir?

Baxış sayı:
26013

Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir neçə otel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir.
Muxalifet.az xəbər verir ki, bunu trend -ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, əcnəbi müştərilərdən isə həmin otellər nikah haqqında şəhadətnamə tələb etmirlər:
"Otellərin nikah kağızı tələb etməsi qanuna ziddir. Çünki şəxsiyyəti təsdiq edən sənəd təqdim edildiyi halda, otel müştərini qəbul etməlidir. Əgər otel şəxsiyyət vəsiqəsini qəbul etmirsə, ilk növbədə Azərbaycan vətəndaşına qarşı və ölkə tərəfindən tanınan şəxsiyyət vəsiqəsinə hörmətsizlik edir”.
Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən N.Bağırov qeyd edib ki, otelə getdiyi zaman nikah şəhadətnaməsi tələb olunan şəxslər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidirlər:
"Əvvəllər şikayət ərizəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək olardı. Hazırda turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildiyindən bu sahəyə nəzarət etmək mümkün olmur. Ona görə də belə hallarla rastlaşan şəxslər yalnız məhkəmələrə müraciət edə bilərlər. Hər bir vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etməklə öz haqqını qorusun”.
Türkiyədə halal standartı ilə fəaliyyət göstərən otellərin olduğunu və oraya yalnız nikahda olan şəxslərin yerləşdirilməsinə icazənin verildiyini deyən N.Bağırov qeyd edib ki, belə otellər halal standartı ilə bağlı digər tələblərə də riayət edirlər:
"Əgər otel sırf bu tələblərə riayət edərək fəaliyyət göstərirsə, buna etirazımız yoxdur. Ancaq otel buna əməl etməyib bircə nikah kağızını tələb edirsə, bu, hörmətsizlikdir. Otel nikah kağızının təqdim edilməsi tələbini həm yerli, həm də əcnəbi vətəndaşa şamil etməlidir və onlayn bronlaşdırma zamanı da belə bir şərtin olduğunu ayrıca olaraq, göstərməlidir”.