“Bu, iqtidardaxili qrupun aranı qarışdırmaq üçün ortalığa atdığı bir ideyadır” – SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
1514

“Bu qərar qəbul edilən anda Azərbaycan Avropa Şurasından çölə atılacaq

“Bu ideya Azərbaycanın Avropa tərəfindən təklənməsinə gətirib çıxara bilər”

“İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi Milli Məclisin 2018-ci il yaz sessiyasında işlər planına daxil edilib.
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

“Bu, beynəlxalq təşkilatlara xox etməkdir”

2018-ci il yaz sessiyasında Milli Məclisdə müzakirəsi nəzərdə tutulan qanun layihəsi ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Muxalifet.az-a bildirdi ki, beynəlxalq hüquqa görə, beynəlxalq ittifaqlara üzv olan dövlətlərin həmin ittifaqlar qarşısındakı öhdəlikləri yerinə yetirməmək ixtiyarı yoxdur: “Yəni bir təşkilatın həm üzvü olasan, həm də onun qərarlarını icra etməyəsən, belə bir təcrübə yoxdur. Həmin qərar qəbul edilən anda Azərbaycan Avropa Şurasından çölə atılacaq. Mən Avropa Şurasının üzvü olum, ancaq qərarları qəbul etməyim, bu, artıq ittifaqın üzvü olmadığını göstərir. Ona görə, düşünürəm ki, bu, bir blefdir, yəni beynəlxalq təşkilatlara “xox” etməkdir. Bunu hamı, parlamentdəki adamlar da yaxşı başa düşür ki, Avropa Şurasının qərarlarını icra etməyən bir dövlət Avropa Şurasının üzvü ola bilməz. Afrika dövlətlərinin heç biri Avropa Şurasının qərarlarını icra etmir. Çünki onlar Avropa Şurasının üzvü deyillər. Rusiya Avropa Şurasından çıxarıldı. Ona görə, Avropa Şurasının qərarlarını icra etmir. Azərbaycan Avropa Şurasının üzvüdürsə, bu üzvlüyün də mahiyyəti Avropa Şurasının qərarlarını  məcburi olaraq yerinə yertirməkdirsə, sən necə Avropa Şurasının qərarlarını icra edə bilməzsən?”

“Bu cürə dövlətlərlə heç kəs ciddi əməkdaşlıq edə bilməz”

S.Cəlaloğlunun fikrincə, bu cür ağılsız ideyaların gündəmə gətirilməsi, parlamentdə müzakirəyə çıxarılması göstərir ki, Azərbaycan dövləti artıq “banan respublikası”dır: “Çünki bir tərəfdən beynəlxalq təşkilatın üzvüdür, digər tərəfdən üzvü olduğu təşkilatın qərarlarını icra etməkdən imtina etmək yolu tutur. Bu cür dövlətlərlə heç kəs ciddi əməkdaşlıq edə bilməz”.

“Bu qərar hansısa bir iqtidardaxili qrupun aranı qarışdırmaq üçün ortalığa atdığı bir ideyadır”

S.Cəlaloğlu hesab edir ki, bu məsələ Azərbaycan üçün təkcə Avropa Şurası ilə deyil, həm də digər beynəlxlaq təşkilatların üzvlüyü ilə bağlı problemlər gətirəcək: “Hamı bilir ki, Avropa Şurası Avropada qanunların standartlaşmasına xidmət edən bir təşkilatdır. Bunun iqtisadi birliyi, Avropa Parlamenti, eyni zamanda hərbi gücü var.  Söhbət Avropa siyasi dövlətindən gedir ki, Avropa siyasi dövlətinin hüquq, ədliyyə orqanı Avropa Şurasıdır. Sən Avropa Şurasından çıxırsansa, bu, deməkdir ki, sən Avropanın hüquq müstəvisindən çıxırsan. Avropanın hüquq müstəvisindən çıxandan sonra, sən Avropa dövlətləri ilə iqtisadi əlaqləri necə, hansı əsaslarla qura bilərsən? Doğurdan da Azərbaycan belə bir addım atacaqsa, dərhal Azərbaycanın ATƏT-dəki, Avropa Birliyindəki əməkdaşlıq məsələlərinə də baxılacaq. Düşünürəm ki, Azərbaycanı idarə edənlər o qədər ağılsız deyil ki, bu cür qərarı qəbul etsinlər. Çox güman ki, bu qərar hansısa bir iqtidardaxili qrupun aranı qarışdırmaq üçün ortalığa atdığı bir ideyadır. Bu ideya çox ciddi ağır siyasi, iqtisadi nəticələrə, Azərbaycanın Avropa tərəfindən təklənməsinə gətirib çıxara bilər. Belə bir vəziyyətdə təklənmiş Azərbaycan ciddi şəkildə uduza bilər”.

“Sən Avropadan üz döndərirsənsə, Türkiyədən də üz dönədərirsən”

ADP sədrinin fikrincə, biz Türkiyə ilə strateji müttəfiqiksə, Türkiyə nəinki Avropa Şurasından çıxmaq, əksinə Avropa Birliyinə inteqrasiya etmək istəyirsə, onda adamdan soruşarlar ki, sən Türkiyə ilə necə strateji müttəfiq ola bilərsən ki, Türkiyənin son hədəfi Avropa ilə birləşməkdir: “Sən isə Avropadan üz döndərirsən. Deməli, sən Türkiyədən də üz dönədərirsən. Yəni bu qərarın müzakirəsi həm də Azərbaycan dövlətinin rəsmən Türkiyə ilə strateji əməkdaşlıqdan imtina etməsi deməkdir. Çünki biri o istiqamətdə inkişaf edir, biri yox. Bu baxımdan, demək istəyirəm ki, bu məsələyə hərətərəfli yanşsaq, bu məsələdə həddindən artıq ağılasığmayan, əsası olmayan arqumentlər var. Düşünürəm ki, Azərbaycan iqtidarında kifayat qədər sağlam məntiqli insanlar var ki, onlar bur cür avantürist qərarlar qəbul etməzlər və Avropa Şurasının da bütün qərarların Azərbaycanda sözsüz yerinə yetirə bilərlər. Necə ki, Azərbaycan Avropa Şurası qarşısında qaldırdığı məsələlərə, qərarlara digər dövlətlər hörmət edir, eləcə də Azərbaycan orada ümumi  səslə qəbul edilən qərarları qəbul etməyə borcludur”.

Şamo EMİN, Muxalifet.az