“Bu, həm də Azərbaycanın suverenliyini təhdid edir” - SİYASİLƏRDƏN KÜRD REFERNDUMUNA REAKSİYA

Sərdar Cəlaloğlu: “Türkiyə beynəlxalq hüquq çərçivəsində öz  qoşunlarını İraq ərazisinə yeridə bilər”

Sülhəddin Əkbər: “Bu referendumun keçirilməsi vəziyyəti daha da gərginləşdirəcək”

Bölgədəki bütün dövlətlərin etirazına baxmayaraq, Şimali İraq Kürd Muxtariyyəti dünən “müstəqillik” referendumu keçirdi. Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani  sonunda ölüm də olsa, buna hazır olduqlarını bəyan etdi: “Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik”.
Türkiyə Xarici İşlər Nazirliyi isə dünən İraq Kürdüstanında keçirilən referenduma dair bəyanat yayıb.
Bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda, Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb.
 
İraqın ərazi bütövlüyü İraq dövləti razı olmayana qədər heç bir qrup tərəfindən pozula bilməz”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Şimali İraqda baş verən proseslərlə bağlı “Hürriyyət”ə bildirib ki, bu xalqların referendumla öz müqəddaratını təyin etməsi beynəlxalq hüququn dispozitiv hüquqlarındandır: “Bu dispozitiv hüquqların mahiyyəti ondan ibarətdir ki, bu hüququn birbaşa işləmə gücü yoxdur, hər hansı bir dövlət həmin hüquqları könüllü şəkildə icra edə bilər. Yəni İraq dövləti kürdlərə bir muxtariyyət vermək istəyərsə və kürdlər də referendumla öz müqəddaratını təyin edərsə, yalnız bu halda beynəlxalq hüquqa uyğun olar. Əks halda, dispozitiv hüquqlar imperativ hüquqlara ziddiyyət təşkil etdikdə, əsas kimi imperativ hüquqlar götürülür. Yəni İraqın ərazi bütövlüyü İraq dövləti razı olmayana qədər heç bir qrup tərəfindən pozula bilməz. Bu, məsələnin hüquqi tərəfidir”.
“Nə İran, nə Türkiyə, nə də İraq öz sərhədləri yaxınlığında yəhudilərə xidmət edən bir dövlət qurumunun mövcud olması ilə barışa bilməz”
“Məsələnin siyasi tərəfi var ki, İraq 1947-ci ildə müstəqillik əldə edib. 1947-ci ilə ildə Türkiyə ilə İraq arasında, eləcə də birinci dünya müharibəsindən sonra Türkiyə ilə Avropa dövlətləri arasında Yaxın Şərqlə bağlı bir çox müqavilələr imzalanıb. Bu müqavilələrin hamısı “qımızı xətt” kimi İraq ərazisində Türkiyənin suverenliyini, müstəqilliyini təhdid edəcək hər hansı bir qrupun yaradılmaması üçün İraqın ərazi bütövlüyündə öz əksini tapıb. Yəni beynəlxalq hüquqa görə Türkiyənin İraqın ərazi bütövlüyünü qorumaq səlahiyyətləri var.
Üçüncü tərəfdən, dünyada bu referendumu təkcə yəhudilər müdafiə edir. Amerika, BMT, Avropa Birliyi, eləcə də İraq, İran, Türkiyə və digər ölkələr, hətta Rusiya bu referendumun bölgədə münaqişələri artıracağını, destablizasiyanı genişləndirəcəyini, xalqlar arasında münaqişənin qızışacağını bəyan edir. Ona görə də referendum həm hüquqi, həm siyasi, həm də hərbi cəhətdən olduqca təhlükəlidir, avantüradır. Nə İran, nə Türkiyə, nə də İraq öz sərhədləri yaxınlığında yəhudilərə xidmət edən bir dövlət qurumunun mövcud olması ilə barışa bilməz. Türkiyə Parlamentinin çıxartıdğı qərar Türkiyə ordusunun İraq ərazisində hər hansı əməliyyat aparmasına imkan verir”, -dedi ADP sədri.

“Bu, təkcə İraqın yox, bütünlükdə dünyanın problemi olacaq”

S.Cəlaloğlu qeyd etdi ki, referendumun nəticələri rəsmi Ankaranın maraqlarına zidd olsa, Türkiyə beynəlxalq hüquq çərçivəsində öz qoşunlarını İraq ərazisinə yeridə bilər: “Təbii ki, burada İraq dövlətinin də razılığı lazımdır. Mənə elə gəlir ki, İraq müdafiə nazirinin Türkiyəyə son səfərində məhz bu məsələlər müzakirə olunub. Artıq İran bir neçə hərbi atəş açaraq İraqa xəbərdarlıq edib. Çox güman ki, İraq, İraq və Türkiyə birlikdə bu prosesin qabağını almaq üçün müdaxilə edə bilər və müdaxilə də edəcəklər. Əks halda, bu, təkcə İraqın yox, bütünlükdə dünyanın problemi olacaq və dünya yenidən dünya müharibəsinə doğru hərəkət edəcək”.

“Türkiyə hansı addımı atacaqsa, Azərbaycan da o addımı atmalıdır”

S.Cəlaloğlu onu da vurğuladı ki, bu məsələdə Azərbaycanın mövqeyi qənatbəxş hesab edilmir: “O baxımdan ki, kürdlər bu referendumu keçirməklə quracaqları dövlətin sərhədlərinə həm Türkiyənin ərazisinin bir hissəsini, həm Naxçıvanı, həm İranın ərazisinin bir hissəsini daxil ediblər. Bu baxımdan, Azərbaycan hökuməti bu məsələyə ciddi şəkildə müqavimət göstərməli və münasibət bildirməlidir. Əslində, rəsmi Bakı indiki halda Türkiyənin xarici siyasətini kopyalamalıdır. Yəni Türkiyə hansı addımı atacaqsa, Azərbaycan da o addımı atmalıdır. Gələcəkdə hadisələrin inkişafından asılı olaraq Türkiyə tərəfindən hər hansı yardım istəniləcəyi təqdirdə Azərbaycan istər hərbi, istərsə də maddi baxımdan Türkiyəyə dəstək verməlidir. Çünki kürd muxtariyyəti məsələsi həm də Azərbaycanın suverenliyini təhdid edir”.

“Bağdad mərkəzi hökumətinin Haştişabi ilə birlikdə hərəkətə keçmək ehtimalı daha yüksəkdir”

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər isə bildirdi ki, o da prosesləri diqqətlə izləyir: “Hələlik Türkiyənin hərbi müdaxilə edəcəyi ilə bağlı qəti bir fikir söyləmək çətindir. Hətta Türkiyənin özündə hökumətə yaxın ekspertlər belə qəti bir fikir söyləyə bilmirlər. Görünən odur ki, bütün təzyiqlərə, daxildəki fikir ayrılıqlarına baxmayaraq artıq referendum keçirilib. Aydındır ki, Türkiyə, İran və mərkəzi İraq hökuməti bu referenduma qəti qarşı çıxırlar və aralarında müəyyən danışıqlar gedir, koordinasiya var. Artıq Türkiyənin hansı addımları atacağı ilkin olaraq müəyyən olunubdur. Milli Təhlükəsizlik Şurasının ayın 22-də, ardınca isə Nazirlər Şurasının toplantısı oldu. Demək olar ki, Türkiyə müəyyən qərarlar alıbdır. Sadəcə, bu qərarları dəqiqlşdirmək üçün həm İraq mərkəzi hökuməti, həm də İran və Rusiya ilə müəyyən danışıqlar aparır. Ərdoğanın Putinlə, ardınca isə Ruhani ilə görüşü gözlənilir. İraqın silahlı qüvvələrinin qərargah rəisi Ankarada səfərdə oldu. Yəni bütün bu görüşmələrdən sonra məncə, müəyyən bir fikir söyləmək daha doğru olardı. Hazırlıqların getdiyi görünür, amma bu güc nümayişi olacaq, yoxsa hərbi müdaxiləyə qədər irəli gedəcək, bunu qəti söyləmək çətindir. Amma belə bir versiya söyləmək mümkündür ki, Bağdad mərkəzi hökumətinin Haştişabi ilə birlikdə hərəkətə keçmək ehtimalı daha yüksəkdir və buna Türkiyə və İranın da müəyyən hərbi dəstək verməsi gözləniləndir. Hadisələrin belə bir inkişaf variantı olarsa, bu, məni təəccübləndirməz”.

“Hamı bilir ki, gərginlik artacaq”

S. Əkbər dedi ki, bu referendumun keçirilməsi İraq daxili onsuz da gərgin, qeyri-müəyyən olan vəziyyəti daha da gərginləşdirəcək: “Qeyri-müəyyənliyi daha da artıracaqdır. İraqı xarici qüvvələrin müdaxiləsinə daha açıq hala gətirəcəkdir. Burada bir tərəfdən İran, Türkiyə, digər tərəfdən Amerika Birləşmiş Ştatlarının, hətta Rusiyanın aktivləşəcəyi gözlənilir. Bir sözlə, İraqda gərginliyin artacağı gözlənilir. Hələ ki, İŞİD-lə mübarizə də başa çatmayıb. O baxımdan, İraqda hadisələrin hansı istiqamətə gedəcəyini söyləmək çox çətindir. Gözləmək lazımdır ki, proseslər müəyyən bir inkişaf mərhələsi keçsin. Hələlik heç bir ekspert hadisələrin hansı istiqamətə gedəcəyini söyləyə bilmir. Qiymətlənidirmələr ümumidir, hamı bilir ki, gərginlik artacaq, münasibətlər həm İraq daxili, həm də İraq ətrafında, hətta Türkiyə rəsmilərinin açıqlamaları var ki, İraqda referendumun keçirilməsi nəinki regionda vəziyyəti gərginləşdirəcək, ümumiyyətlə, qlobal qarşıdurmaya gətirib çıxara bilər. Bu da referendumdan başlayaraq İraqda baş verən proseslərin dərinə gedəcəyinə işarət edir”.

 “Azərbaycan Türkiyənin yanında yer almalıdır”

“Azərbaycanın mövqeyinin burada hər hansı əhəmiyyəti olduğunu düşünmürəm. Sadəcə olaraq bunun siyasi, simvolik əhəmiyyəti var. Bir tərəfdən Azərbaycanın özünün də separatizmlə bağlı problemi var, o biri tərəfdən Azərbaycan beynəlxalq birliyin üzvüdür, müəyyən reaksiya verməlidir, digər tərəfdən də Türkiyənin strateji tərəfdaşıdır. O baxımdan, Azərbaycan həm beynəlxalq birliyn üzvü, həm separatizmlə üzləşmiş bir dövlət, həm də Türkiyənin tərəfdaşı kimi təbii ki, Türkiyənin yanında yer almalı, analoji mövqe bildirməlidir və onun mövqeyi beynəlxalq hüquqa əsaslanmalıdır”,-deyə partiya sədri əlavə etdi.