BU HƏFTƏ QƏRAR VERİLƏCƏK - Merkellə Şultsun taleyi sual altında

Baxış sayı:
595

Muxalifət.az xəbər verir ki, Almaniyada yeni hökumətin qurulması üçün bu həftə qərar həftəsi olacaq. Almaniyada yeni bir hökumətin qurulub-qurulmayacağı hələlik bəlli deyil. Xristian İttifaqı Partiyası ilə Sosial-Demokratlar arasında yenidən böyük bir koalisiya qurmaq məsələsində razılaşmışdılar. Müəyyən razılaşmalar əldə edilsə də, SDP ilə böyük koalisiya əleyhdarları bu uzlaşmadan məmnun deyillər və düzəlişlərin edilməsini istəyirlər. Bazar günü SDP-nin fövqəladə qurultayı keçiriləcək. SDP qurultayda bu uzlaşma çərçivəsində böyük koalisiya müzakirələrində iştirak edib-etməmək məsələsini səsverməyə qoyacaqdır. SDP lideri Martin Şultz və digər rəhbər şəxslər qurultayda böyük koalisiyanın lehinə qərar verilməsinin tərəfdarı olsalar da, böyük koalisiyanın əleyhdarı olan partiya üzvləri səsvermədə “xeyr” cavabının çıxması üçün kampaniyaya başlayıblar. Səsvermədə böyük əksəriyyət “hə” cavabı verərsə, koalisiya hökuməti üçün müzakirələr balanacaq. “Xeyr” cavabı isə hər şeyin sıfırdan başlanması deməkdir – Almaniya ya erkən seçkilərə gedəcək, ya da Merkelin başçılığı ilə azlıqdan ibarət hökumət qurulmasına son dəfə cəhd ediləcək. Bu həftə Almaniyada qərar həftəsi olacaq. Sosial-demokratların qurultayında sadəcə böyük bir koalisiya hökumətinin taleyi deyil, partiya sədri Martin Şultz və baş nazir Merkelin də taleyi həll olunur. SDP qurultayının böyük koalisiyaya “xeyr” deməsi, Almaniya üçün siyasi zəlzələ demək olacaq. Proqnozlara görə, səslərin 70 faizə qədərinin “bəli” olacağı gözlənilir. Problemli məsələlər SDP yüksək gəlirli şəxslərdən daha çox vergi alınmasını tələb edirdi. Lakin ortaq razılaşmalarda verginin artması barəsində qərar verilmədi. Lakin bunun əvəzində Şərqi Almaniyanın inkişafı üçün çalışanlardan alınan həmrəylik vergisinin pillə-pillə ləğv eilməsi qərara alındı. Beləliklə, ilk növbədə aşağı və orta gəlirli şəxslər həmrəylik vergisindən azad olacaqlar. Həmçinin sığorta ödəmələrində də dəyişiklik nəzərdə tutulur. Mütəxəssislərin hesablamalarına görə, aylıq qazancı 2000 avro olan bir işçi, ildə 132 avro əlavə ödəmə yükündən azad ediləcək. Əleyhdarların etiraz elədikləri digər bir uzlaşma məsələsi isə qaçqın siyasətidir. Koalisiya tərəfdarlarının arasındakı razılaşmaya görə, il ərzində qəbul ediləcək qaçqın sayı 180-220 min arasında məhdudlaşacaq./Hurriyyet.org/