Bu hakimiyyətlə vidalaşmağı bacarmalıyıq...

Baxış sayı:
921

Azərbaycanda sürətlə davam edən kəskin qütbləşmə azlıq təşkil edən bir zümrənin ifrat varlanmasına, çoxluğun günü-gündən miskin vəziyyətə düşməsinə səbəb olur. Bir qrup varlandıqca, harınlıq gətirən sərvətə yiyələndikcə daha böyük hegemonluq iddiasına düşür. Bir tərəfdə arxasında halal zəhmət, gərgin və işgüzar həyat dayanmayan ucuz gəlirlər əldə edənlərin mənəvi pozğunluğu, digər tərəfdə misilsiz zəhmət müqabilində gün çörəyini ödəyə bilməyənlərin vəziyyəti ictimai mühitimizi narahat vəziyyətdə saxlayır, onu eybəcər hala salır.
Hələ bu azmış kimi hakimiyyət pandemiyadan da özünün siyasi məqsədləri üçün istifadə etməkdədir. COVID-19 pandemiyasə səbəbilə, müxalifətə qarşı təzyiq üçün istifadə olunur, onlarla siyasi fəal həbs olunub. Artıq bu hadisələrlə bağlı beynəlxalq qurumlar Azərbaycan hakimiyyətinə çağırışlar edir. Pandemiyadan özünün tənqidçilərinə qarşı sui-istifadə hallarına son qoyulmasını tələb edir. 
Lakin, milli dəyərlərin, qanunun aliliyinin yerini ifrat fərdi mənfəətpərəstlik, vəhşi varlanmaq ehtirası, hər tərifi rüşvətə münbit şərait yaradan mədhiyələr əvəzləyir. Cəhdlər, çabalar yalnız şəxsi ehtirasların ödənilməsinə hesablandığına və heç bir təşəbbüs kollektiv mənə söykənmədiyinə görə Azərbaycanı xərçəng barmaqları arasında çürüdən rəzalətdən xilas etmək günü-gündən çətinləşir. Qanunlar, qaydalar, fərmanlar, sərəncamlar yalnız ölgünləşmiş, ideyasızlıqdan, təşəbbüskarlıqdan uzaq nazirlər yığınağına çevrilmiş dövlət hakimiyyətinin varlığını təsdiq etmək üçün imitasiya rolunu oynayır.
Azərbaycandakı dövlət qurluşu millətin tarixi təcrübəsinə söykəndiyi, onun illər ərzində formalaşdırdığı təsisatların funksiyasını yerinə yetirməkdən çox, körpə uşaqların sınıq-salxaq qablardan düzəltdiyi və şıltaq uşağın bir təpiklə dağıda biləcəyi bir evciyə bənzəyir. Yuxarıda oturan vəzifə sahibləri aşağılara həqarətlə, aşağıda oturanlar yuxarıda oturanlara nifrətlə baxmaqdadır.
Bu gün müxalifət partiyaları birlikdə ölkəni bu vəziyyətdən xilas edə bilər. Əks halda hakimlərin təkəbbürü, quduz məmurluq Azərbaycanı bəladan xilas etmək zorunda deyil. Demokratiyanın qəhrini çəkmək hər gün iqtidarın repressiv maşını altında əzilməyə məhkum edilən müxalifətin tək işi deyildir. Bunun üçün xalq müxalifət partiyalarının ətrafında sıx birləşməli və təşkilatlanmalıdır. Biz hakimiyyətdən xalqın maraqlarına yönəlik hər hansı bir addımın atılmasını gözləməməliyik. Çünki, görünən odur ki, bir iqtidar kişisi özündə təpər tapıb, cəmiyyətimizin sabitliyini pozan, ictimai fikri narahatlıqlar girdabında saxlayan didişmələrə, daxili parçalanmalara son qoymaq, ölkədə hamının istəyincə olan demokratik sistemin yaradılmasına heç bir ciddi səy göstərmək istəmir.
İqtidar nümayəndələri demokratik dəyərlərin oturuşmasına, bu dəyərlərin gündəlik həyat tərzinə çevrilməsinə maraq göstərmir. Əksinə, avtoritar rejimin onlara yaratdığı rüşvət və korrupsiya mühitinin inkişaf etdirilməsi üçün bu gün sosial sifarişə çevrilən və demokratik cəmiyyətin əsas şərti sayılan qarşılıqlı dialoqa hər vəchlə əngəl törədirlər. Əyri yolla, rüşvətlə qazanılan sərvəti itirmək qorxusu onları daimi xofda saxlayır və əllərində olan bütün vasitələrlə demokratiyanın boğulmasına cəhd göstərirlər.
Bizi köləcəsinə idarə еtmək istəyənlərə qarşı dirəniş göstərməliyik. Biz pis olan şeylərə, cəmiyyətimizi və millətimizi aşağılayan naqisliklərə cəmi bir dəfə, təpərlə, kişi kimi yox deməyi bacarmalıyıq. Biz bir-birimizdən güc alıb, hamımızın güclü olması prinsipinə əsaslanıb bu hakimiyyətlə vidalaşmağı bacarmalıyıq.

Anar Xəlilov