​Bu gün Bilik günüdür - 46 MİNDƏN ÇOX UŞAQ MƏKTƏBLİ OLUR

Bu gün Azərbaycanda yeni tədris ili başlanır.
Muxalifet.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, bu il “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.
Respublika məktəblərində bütün siniflər üzrə şagirdlərin sayı 1.445.049 nəfərdir. Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.
Ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 27 514, XI sinfində 19 530, XII sinfində 635 şagird təhsil alacaq.
Bakıdakı 265 ümumi təhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 20 000 ərizənin onlayn qeydiyyatı aparılıb. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.
2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.
2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.
Bu il bütün mənbələr hesabına respublikada yeni tədris ili başlanan qədər 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 az komplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.
Yeni tədris ili üçün 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. Üç ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.
Təhsil nazirinin əmrinə əsasən ümumi təhsil müəssisələrində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.