“Bu, ermənilərə əlavə güc toplamaq üçün vaxt verməkdir” – SƏRDAR CƏLALOĞLU ATƏŞKƏS HAQDA

Baxış sayı:
5834

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Rusiya prezidenti Vladimir Putinin əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə Azərbaycan və Ermənistana Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciəti, xarici işlər nazirlərinin Moskva görüşü, Nikol Paşinyanın Fransanın “Tv5 Monde” telekanalında çıxışı zamanı Emmanuel Makrondan Qarabağın müstəqilliyinin tanınmasını gözləməsi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
 
“Yalnız meyitlərin çox olduğu yerlərdə müvəqqəti, keçici olaraq atəşkəs elan etmək olar”
 
– Sərdar bəy, Putinin atəşin müvəqqəti dayandırılmasına dair çağırışı nəyə hesablanıb? Sizcə, əsirlərin və meyitlərinin dəyişdirilməsi adı altında təklif olunan atəşkəsin arxasında başqa məqsədlər ola bilərmi?
 
– Ümumiyyətlə, bütün müharibələrdə meyitlərin qarşılıqlı çıxarılması ilə bağlı razılaşmalar olub. Hətta Məhəmməd peyğəmbərin (s.ə.s) cihadlarında da belə bir şeylər olub. Yəni, qısa müddətlik müharibə dayandırılıb və hər kəs öz meyitlərini götürüb. Odur ki, burda qeyri-adi bir şey yoxdur. Lakin bununla yanaşı, bütün cəbhə boyu atəşin kəsilməsindən söhbət gedə bilməz. Məsələn, biz yenə də əks-həmlə əməliyyatımızı davam etdirməliyik, bununla eyni vaxtda hansısa bir sahədə meyitlərin götürülməsi ilə bağlı razılığa gələ bilərik. Sonra yenidən həmin cəbhədən hücumumuzu davam etdirməliyik. Amma bütünlükdə Ermənistanla Azərbaycan arasında müharibənin dayandırılmasından söhbət belə, gedə bilməz. Hərbi əməliyyatlar ermənilərin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyana, Dağlıq Qarabağa iddialarından imtina edənə, ərazilərimizdə olan hərbi qüvvələrini geri çəkənə qədər davam etdirilməlidir. Bütün bunlar reallaşdırılmayana qədər müharibəni dayandırmaq Azərbaycan üçün çox böyük uğursuzluq olar. Düşünürəm ki, meyitlərin çıxarılması bir bəhanədir. Zatən, Azərbaycan bir neçə dəfə imkan yaradıb və nəticədə ermənilər yük maşınlarında meyitlərini çıxardıblar. Odur ki, yalnız meyitlərin çox olduğu yerlərdə müvəqqəti, keçici olaraq atəşkəs elan etmək olar. Lakin bir daha vurğulayıram ki, bütün cəbhə boyu atəşi dayandırmaq olmaz. Bu, ermənilərə əlavə güc toplamaq üçün vaxt vermək deməkdir. Əsla, buna getmək olmaz. Ermənilər o qədər etibarsız xalqdır ki, onlarla bu cür humanitar təklifdə belə, maksimum ehtiyatla davranmaq lazımdır. Çünki onlar bundan belə, öz maraqları üçün istifadə edə, yəni xainlik edə bilərlər.
 
“Putinin məlum müraciəti əslində, tövsiyə xarakteri daşıyır, bu, əmr-filan deyil”

 
– Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşündən nə gözləyirsiniz? Necə düşünürsünüz, bu görüş zamanı Rusiyanın Azərbaycana hər hansı bir formada təzyiq göstərmək ehtimalı varmı?
 
– Bu gün Rusiyanın Azərbaycan tərəfinə təzyiq göstərmək imkanı yoxdur. Onlar özləri də bəyan ediblər ki, bu, sizin daxili işinizdir. Bu səbəbdən də Rusiya nələrisə bizə tövsiyə edə bilər. Odur ki, Putinin məlum müraciəti də əslində, tövsiyə xarakteri daşıyır. Bu, əmr-filan deyil. Bəli, bu, bizim daxili işimizdir. Beynəlxalq hüquqa görə, heç kəs heç kəsin daxili işinə qarışa bilməz. Hətta Azərbaycan meyitlərin götürülməsi üçün müvəqqəti atəşkəsi edib-etməyəcəyini də özü bilər. Şükürlər olsun ki, bu gün ordumuz ildırım sürətiylə hərəkət edir, düşmənə çox böyük itkilər verib. Ona görə də düşmən özünə gəlməsi üçün tənəffüs almaq istəyir. Lakin buna yol vermək olmaz. Ta Şuşa, Laçın və digər rayonlarımız işğaldan azad edilənə qədər müharibə davam etməlidir. Artıq bizim geriyə yolumuz yoxdur. Sülh danışıqları-filan, barışıq artıq arxada qalıb. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, müharibə yolu ilə öz ərazilərini işğaldan azad etməlidir. Bizim müharibə aparmağımız da birbaşa beynəlxalq hüquqa əsaslanır. Bildiyiniz kimi, bununla bağlı BMT-nin 4 qətnaməsi var və orada erməni qoşunlarının qeyri-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Ermənilər isə buna əməl etməyiblər. Biz indi BMT-nin qətnamələrini yerinə yetiririk. Odur ki, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycanın yanında olmalıdır.
 
“Bizim Almaniya və Fransadan heç bir asılacağımız yoxdur”
 
– Son günlər Almaniya və Fransa tərəfindən Qarabağa dair səsləndirilən bəyanatların hüquqi əsası varmı?
 
– Bu bəyanatlar qərəzlidir və onların heç bir siyasi əhəmiyyəti yoxdur. Əgər Almaniya və ya Fransa istəmirsə, onda bizimlə əlaqələr saxlamasın. Almanlar özləri nəyə görə ikinci Dünya Müharibəsinin nəticəsi olaraq kapitulyasiyaya getdilər? Hətta Almaniyanın parçalanmasına razı oldular. İndi Ermənistan da işğalçıdır, amma istəmirlər, ona desinlər ki, biz vaxtilə kapitulyasiyaya getmişik, siz də gedin. Bildiyiniz kimi, almanlar yəhudilərin soyqırımını etiraf etdilər və buna görə beynəlxalq məhkəmədə kompensasiya ödədilər. Elə isə indi nədən almanlar erməniləri Xocalı soyqırımına görə qınamır və demirlər ki, biz də sənin kimi soyqırım etmişik, dövlət kimi bunu etiraf edib cəzamızı almışıq. Çox maraqlıdır ki, almanlar hətta özlərinin təcrübəsindən istifadə edib Ermənistana çövqe bildirmək əvəzinə, Azərbaycanın əleyhinə çıxışlar edirlər. 
 
Axı, Almaniya və Fransa bizdən nə istəyir?! Onların nə ixtiyarı var ki, bizə desinlər ki, müharibə aparmayın! Beynəlxalq qanunların bizə verdiyi hüquqlara uyğun olaraq, öz ərazilərimizi işğalçılardan, terrorçulardan təmizləyirik. Almaniya və ya Fransa imkan verərmi onların ərazilərində hər hansı terrorçu təşkilat fəaliyyət göstərsin?! Adicə “sarı jiletlilər”ə qarşı Fransa nə qədər amansızlıq etdi, çoxlu sayda insan öldü və həbs olundu. Xeyir ola, sən daxili işlərində öz vətəndaşlarına qarşı silah işlədə, adam öldürə bilərsən, mənsə öz ərazilərimi işğaldan azad etmək üçün silahdan istifadə edə bilmərəm?! 30 ilə yaxındır ki, danışıqlar aparılır və bunun heç bir nəticəsi olmayıb. İndi isə biz əks-hücum əməliyyatları çərçivəsində torpaqlarımızı işöaldan azad edirik. Bu səbəbdən də heç kəs Azərbaycanı atəşkəsə, danışıqlara məcbur edə bilməz! Bizim Almaniya və Fransadan heç bir asılacağımız yoxdur. Əksinə onların bizdən asılacağı var, Azərbaycanın nefti və qazından istifadə edirlər. Əgər Azərbaycan öz neft və qazını Avropaya nəql etməsəydi, onda Avropada enerji böhranı yaranardı. Gərək, onlar bu kimi önəmli məqamları nəzərə alsınlar. Biz beynəlxalq hüquq çərçivəsində öz dövlətimizin maraqlarına uyğun hərəkət edirik.
 
“Fransa əlində silah Azərbaycana qarşı üsyan qaldıran cinayətkar dəstəni müdafiə edir”
 
– Nikol Paşinyanın Fransanın “Tv5 Monde” telekanalında çıxışı zamanı Emmanuel Makrondan Qarabağın müstəqilliyinin tanınmasını gözlədiyini bildirib. Sizcə, Fransa belə bir addım ata bilər?
 
– Əvvəla, onu qeyd edim ki, Paşinyanın beynəlxalq hüquqdan xəbəri yoxdur. Milli müqəddəratı təyin etmə hüququ dispativ hüquqdur. Yəni hər hansı bir dövlətin razılığına buraxılır. Məsələn, SSRİ dağılarkən birinci Rusiya bütün müttəfiq respublikaları tanıdı, sonra dünya tanıdı. Odur ki, gərək birinci biz Qarabağın müstəqilliyini tanıyaq, sonra kimsə tanısın. Biz isə birmənalı şəkildə bəyan edirik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Biz bunu tanımayana qədər Fransanın nə ixtiyarı var ki, tanısın. Yox, əgər Makron Qarabağın müstəqilliyini tanıyarsa, onda biz də Korsikanın müstəqilliyini tanıyarıq. Baxın, bu, həmin Fransadır ki, dinc yolla referendum keçirib İspaniyanın tərkibindən çıxmaq istəyən Kataloniyanın rəhbərlərini, demokratiyaya, beynəlxalq hüquqa zidd olaraq tutub İspaniyaya verdi. Onların da hamısı ömürlük həbs cəzası aldı. İndi isə həmin Fransa, əlində silah Azərbaycana qarşı üsyan qaldıran cinayətkar dəstəni müdafiə edir. Nə üçün İspaniyada başqa, Azərbaycanda başqa yol tutuldu?! Bu, açıq-aşkar ikili standartdır. Artıq Avropada president hüququ var. Yəni hər hansı bir dövlətin ərazisində həmin dövlətin razılığı olmadan heç bir muxtariyyət yaradıla bilməz.
 
Bu gün bütün dünya dövlətləri öz ərazilərində muxtariyyətlərdən imtina etmək istiqamətində gedir. Azərbaycana isə deyirlər ki, sən muxtariyyət ver. Bunlar hamısı boş, mənasız sözlərdir. Bir daha qeyd edirəm, əgər Fransa Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, onda biz də Fransanın ərazisindəki mübahisəli əraziləri tanıyarıq!
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org