​ “Bu, dünya praktikasında görünməmiş siyasi davranışdır” – QABİL HÜSEYNLİ

Baxış sayı:
4807

Dekabrın 5-də NATO-nun baş katibi Yens Stoltenberqin Şimali Atlantika şurasında Gürcüstanın və Ukraynanın xarici işlər nazirləri ilə görüşündə səsləndirdiyi fikirlər, elə həmin gün, Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeonun “Twitter” sosial şəbəkəsində yazdığı status Rusiyanı narahat edib. Bundan qeyzlənən Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın təhdid edən bəyanat yayıb.
Bəyanatda deyilir: “NATO Baş katibi Yens Stoltenberq və ABŞ Dövlət katibi Mayk Pompeonun bir müddət öncə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən açıqlamaları provokasiyadır. Belə məsuliyyətsiz bəyanatlar 2008-ci ilin avqustunda Tiflisi cinayətkar hərbi avantüraya vadar etdi. Burada əsas narahatlıq yaradan məqam ABŞ və NATO-nun Gürcüstan ərazisində hərbi fəaliyyətidir. Gürcüstan tərəfini yad maraqların öncülü olmaq yerinə qonşularıyla münasibətləri yoluna qoymağa cəhd etməyə çağırırıq”,.
Xatırladaq ki, Y.Stoltenberq Gürcüstanın və Ukraynanın xarici işlər nazirləri ilə görüşündə deyib ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməli və öz qoşunlarını Gürcüstanın bu regionlarından çıxartmalıdır.
“Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq NATO axırıncı illər ərzində Qara dəniz regionunda öz fəaliyyətini daha da artırıb. Biz Gürcüstanı NATO-nun üzvlüyünə hazırlamaq üçün birgə işimizi davam etdirməyimiz barəsində razılığa gəldik. Gürcüstanın islahatlar yolunda əldə etdiyi tərəqqi bizim tərəfimizdən çox yaxşı qarşılanıb. NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Biz güclü siyasi və praktiki dəstəyimizi həm Gürcüstana həm də Ukraynaya göstərəcəyik. Hər iki dövlətin Avro-Atlantikaya can atması ittifaqın üzvləri tərəfindən tədqiq olunur. Hələ iyul sammitində ittifaqın üzvü olan ölkə liderləri NATO -Gürcüstan komissiyasının deklarasiyasını qəbul etmişdi. Onlar bir daha Gürcüstanın NATO-nun üzvlüyünə dair gedən hazırlıq prosesində möhkəm dəstək nümayiş etdirdilər. NATO Gürcüstan və Ukrayna ilə tərəfdaş olacağına görə fəxr edir. Biz qərara gəldik ki, Gürcüstanı NATO-nun üzvlüyünə hazırlamaq üçün birgə işimizi davam etdirək”,-NATO baş katibi qeyd edib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeo isə “Twitter” sosial şəbəkəsində yazdığı statusda qeyd edib ki, ABŞ və NATO-nun müttəfiqləri Gürcüstan və Ukraynanın suverenliyi, ərazi bütövlüyü və aliyansa doğru cəhdlərinə dəstəyini bəyan edirlər.
“Biz onların kontribusiya və əməkdaşlığını qiymətləndiririk. NATO-nun standartları və dəyərlərinə yaxınlaşma yolunda bu ölkələrin tərəqisi ilə sevinirik”,-deyə baş katib əlavə edib.
Maraqlıdır ki, NATO və ABŞ rəsmiləri dəfələrlə Gürcüstanın NATO üzvü olması ilə bağlı fikirlər səsləndirib, bəyanatlar veriblər, amma indiyə qədər Rusiya tərəfindən belə sərt reaksiyaya səbəb olmamışdı. Hətta bu ilin may ayında Vaşinqtonda keçmiş baş nazir Georgi Kvirikaşvili ilə görüşdən sonra dövlət katibi Mayk Pompeo bildirmişdi ki, ABŞ Gürcüstanın NATO üzvü olacağı saatı səbirsizliklə gözləyir. Rusiya ABŞ-ın Gürcüstanın NATO üzvü olacağı saatı səbirsizliklə gözlədiyini bildiyi halda, bu bəyanatı bir az da təəccüblü gəlir. Çox güman ki, Rusiya ümid edirmiş ki, Gürcüstanda yeni seçilmiş prezident Salome Zurabişvli Rusiyameylli siyasət yürüdücək və bundan sonra Gürcüstan Rusiyanın nüfuz dairəsində olacaq. Ancaq görünən odur ki, S.Zurabişvili Rusiyameylli deyil, əksinə Qərbmeylli siyasət yürütmək əzmindədir. Çünki S. Zurabişvili prezident seçiləndən dərhal sonra Rusiya ilə dostluq etməyəcəyini açıqlayıb. Gürcüstan prezident hələlik Rusiya ilə dostluq etməyin zamanı olmadığını söyləyib və buna səbəb kimi Moskvanın “davranışlarını” göstərib. Zurabişvili qeyd edib ki, Gürcüstan Avropameyilli mövqe tutacaq. Əgər qərb ölkələri Rusiya ilə dialoqa başlayarsa, Gürcüstan da “kənarda durmayacaq”.
Göründüyü kimi ABŞ başda olmaqla, Qərb ölkələrinin Rusiya ilə dialoqa başlaması cavabı olmayan sualdır. Çünki Rusiya ilə ABŞ arasında çözülməli məsələ çoxdur. Bu baxımdan, Zurabişvili dönəmində Gürcüstanın Rusiya ilə sıx əlaqələrinin olmayacağı qənəatinə gəlmək olur.
Bir neçə gün öncə, S. Zurabişvilinin Gürcüstan prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə, Brüssel, Berlin və Parisə səfər etməyi planlaşdırması da onu göstərir ki, o, Qərbə istiqamətlənən siyasət yürüdəcək. Əslində, Rusiya Xarici İşlər Nazirliyinin Gürcüstanı təhdid edən bəyanat yayması bununla da əlaqədar ola bilər. Zurabişvilinin bu açıqlamaları da Rusiyanı qıcıqlandıra bilər. Bu baxımdan, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilini iki gün öncə telefonla zəng edib, prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etməsi də diqqəti cəlb edir. Tərəflər regional və qlobal təhlükəsizlik məsələlərini, birgə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Gürcüstanın ərazi bütövlüyünü də müzakirə ediblər ki, bu da Rusiyanı narahat edən əsas məsələdir.

“Gürcüstan suveren dövlət kimi suveren Rusiyanın daxili işlərinə qarışan hər hansı bir iddia irəli sürüb?”

Gürcüstanın Rusiyanın bəyanatını nəzərə almayacağını güman edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deYyib ki, Gürcüstan suveren dövlətdir və öz daxili və xarici siyasətini özü müəyyənləşdirir: “İndiki halda Rusiyanın belə bir bəyanatı çox gülməli və absurd səslənir. Gürcüstan suveren dövlət kimi suveren Rusiyanın daxili işlərinə qarışan hər hansı bir iddia irəli sürübdürmü? Doğrudur, Gürcüstan ərazilərinin işğalı ilə bağlı Rusiya müəyyən iddilar səsləndirsə də, onun xarici siyasəti, kiminlə oturub-durması, kiminlə alyans məsələsinə Gürcüstan heç zaman qarışmayıb. Heç bir suveren dövlətin də başqa bir dövlətin xarici siyasət xəttinə korrektələr mətləbi ilə bəyanatlar yayması nə beynəlxalq hüquq normalarına, nə də müstəqil dövlətlərin siyasətini tənzimləyən BMT-nin normalarına birmənalı qaydada uyğun gəlmir. Nə vaxta qədər Rusiya SSRİ-nin dağılması nəticəsində müstəqil olmuş ölkələri necə siyasət yeritmək, kiminlə oturub-durmaq, kiminlə əlaqələr qurmaq istiqamətində məlumatalandıracaq? Hətta son zamanlar bu cür təlimatları köhnə sosializm düşərgəsinə daxil olan bir çox NATO üzvü olan ölkələrə də verməyə cəhd edirlər. Mənim zənnimcə, bu, çox siyasi etikaya uyğun gəlməyən, dünya praktikasında görünməmiş siyasi davranışlardır və bu davranışlar gərginliyi artırır”.

“Rusiyanın bu bəyanatı, kimisə provakasiyada günahlandırması məntiqdən kənardır”

Q. Hüseynli vurğuladı ki, Zurabişvilinin xarici siyasəti formalaşdırılması, xarici siyasətlə bağlı məsələlərdə hökm və qərarlar verməsi onun səlahiyyətlərindən bir xeyli uzaqdır: “Amma söhbət burada Gürcüstanın milli maraqlarından gedirsə, istər Bidzina İvanişvili, istər Zurabişvili, istərsə də baş nazir olsun, bunlar hamısı Gürcüstanın maraqlarına uyğun addım atacaqlar və bu addımlar suverenlik prinsipinə söykənəcək. Rusiyanın təhdidi ilə ərazisinin 20 faizi işğal altında olan Gürcüstan Rusiyanın göstərişlərinə qarşı hərəkət edəcək. Ona görə də Rusiyanın bəyanatları, kimisə provakasiyada günahlandırması xeyli məntiqdən kənardır”.

“Heç kəs Gürcüstanın suveren hüquqlarına qarşı gedə bilməz”

“Salome Zurabişvilinin Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə, planlaşdırması Rusiyanı qıcıqlandıra bilərmi” sualına Q. Hüseynli belə cavab verdi: “Ola bilsin o da qıcıq versin. Sözsüz ki, Stoltenberqin və Pompeonun bəyanatları Rusiyanı daha çox qıcıqlandırır. Bilirsiniz ki, NATO Gürcüstanda Vaziani aerodromunu yenidən qurur, onu dünya standartları səviyyəsinə qaldırmağa çalışır. Orada NATO-nun hərbi hava təyyarələri enib-qalxa biləcək. Üstəlik də Tbilisidə NATO-nun təlim-məşq bazası yaradılıb. Artıq 2 ildir ki, fəaliyyət göstərir. Yəni Gürcüstan yavaş-yavaş NATO-ya doğru addımlarını atır və bu seçimi Gürcüstan xalqının özü edib. Məqsəd də ərazi bütövlüyünü təmin etmək və dünya dəyərlərinə söykənən bir dövlət qurmaqdır. Bu nöqteyi-nəzərdən Gürcüstanın suveren hüquqlarını heç kəs dana bilməz və suveren hüquqlarına qarşı gedə bilməz. Bu məsələdə yeganə söz sahibi Gürcüstan dövlətidir, mənsublarıdır”.

“Güman etmirəm ki, Gürcüstan hökuməti yönünü dəyişərək Rusiyaya meyllənə bilər”

Q. Hüseynlinin fikrincə, Gürcüstanın Qərbdən başqa yolu yoxdur: “Necə Gürcüstan indiyə qədər yeritdiyi siyasəti dəyişib, onun torpaqlarını 20 faizini ilhaq edib, faktiki olaraq onu öz ərazisinə qatmış bir ölkə iləmi münasibətlərin qurulmasına gedəcək? Kifayət qədər özlərinə inanan və özlərini sevən gürcü xalqı belə bir addımı atmaq istəyən istənilən siyasini vəzifəsindən uzaqlaşdıra bilər. Ona görə də mən güman etmirəm ki, bundan sonra Gürcüstan hökuməti yönünü dəyişərək Rusiyaya meyllənə bilər. Doğrudur, İvanişvilinin Rusiya ilə bağlı maraqları var. Rusiya ilə ikitərəfli münasibətlərin olmasına etiraz etməyəcək, amma eyni zamanda Gürcüstanın milli maraqlarına cavab verən siyasət bundan sonra da yürüdüləcək”./hurriyyet.org