“Bu cür həyatdan bezdim” - Keçmiş siyasi məhbusdan intihar anonsu

Baxış sayı:
14215

Azərbaycan Milli Azadlıq hərəkatının fəal üzvlərindən biri, uzun müddət ADP İmişli rayon təşkilatının sədri olmuş, keçmiş siyasi məhbus Məhbub Zülfüqarlının səhhəti ağır durumdadır.
Belə ki, uzun illərin stressi və siyasi məhbusluq həyatı onun səhhətində ciddi izlər buraxıb. Hazırda bir neçə ağır xəstəliyi olan Məhbub bəyin maddi vəziyyəti o qədər pisdir ki, həkimlərin yazdığı dərmanları belə ala bilmir. Rayondakı həkiminin ona münasibətindən razılıq etsə də, M.Zülfüqarlının böyük tibbi mərkəzlərin birində daha ciddi müayinə və müalicəyə, bunlardan da öncə isə maddi dəstəyə ehtiyacı var. Siyasi səbəblərdən uzun müddət işsiz olduğuna və heç bir yerdən maddi qazancı olmadığına görə keçmiş hərəkatçı acınacaqlı duruma düşüb.
Bütün bunları ADP Mətbuat Xidmətinə Məhbub bəy özü məlumat verib. O, daha sonra bildirib ki, İmişli rayon İcra hakimiyyəti başçısına və digər əlaqədar təşkilatlara dəfələrlə müraciət etsə də, onun işlə bağlı xahişlərinə tam etinasızlıq göstərilib. İndiyədək yaxın qohumlarının və dostların kiçik maddi dəstəyi ilə birtəhər yaşadığını bildirən M.Zülfüqarlı artıq bu cür həyatdan bezdiyini və artıq yaşamaq istəmədiyini də dilə gətirib.
ADP Mətbuat Xidməti əlaqədar qurumları və xeyirxah iş adamlarını Məhbub Zülfüqarlıya yardım etməyə çağırıb.

Muxalifet.az