“Bu cür halların araşdırılması asan deyil” – Enerji qəzasını araşdıran komissiyanın üzvü

Baxış sayı:
3175

İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.

Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru Nazim Məmmədov işlərin gedişi barədə Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, yaxın günlərdə məsələ ilə bağlı rəsmi məlumat veriləcək:

“Hadisə ilə bağlı son yeniliklər odur ki, biz işlərimizi davam etdiririk. Yaxın vaxtlarda rəsmi məlumat veriləcək. Gələcəkdə bu cür qəzaları aradan qaldırmaq üçün tədbirlər planı hazırlayırıq. Hadisənin yekun rəyi Dövlət Komissiyası tərəfindən prezidentə təqdim olunacaq. Mənim iş planıma hadisənin araşdırılması üçün nələrin həyata keçirilməsi daxildir. Hazırda yekun rəyin cənab prezidentə təqdim olunub-olunmadığı barədə məlumatım yoxdur. Hadisənin araşdırılması ilə bağlı xaricdən mütəxəssislər də dəvət olunub. Yeganə olaraq bir söz deyə bilərəm. Bu cür qəzaları araşdırmaq üçün azı 45 gün vaxt verilir. Hələ ki, o vaxt keçməyib. Bu cür halların araşdırılması asan iş deyil”.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına Baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir.

Energetika Nazirliyinin yaydığı sonuncu xəbərdə bildirilib ki, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.

“Araşdırmaların ilkin nəticələri və “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər Nazirlikdə müzakirə edilib. “Azərbaycan” İES və Mingəçevir – Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı “Azərenerji” ASC-yə tapşırıqlar verilib. Eyni zamanda xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.

Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.