Bərzani şərt qoydu: “Referendum təxirə düşə bilər, ancaq...”

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-nə planlaşdırılan müstəqillik referendumunun təxirə salınmayacağını bəyan edib. O bildirib ki, referendumu təxirə salmağı təklif edənlər ortaya alternativ təşəbbüs qoymalıdırlar.
 
Bu haqda Məsud Bərzani Ərbildə təşkil edilən mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, referendumu referendum keçirmək xatrinə təşkil etmirlər: “Referendumda məqsədimiz dünyaya müstəqillik istədiyimizi göstərməkdir”.
Kürd muxtariyyətinin lideri deyib ki, referenduma alternativ təqdim edilsə, bu halda heç bir problem yoxdur:
“Ancaq referenduma bir alternativ yoxdursa, bizim 25 sentyabr səsverməsini təxirə salmağımız mümkünsüzdür”.
Bərzani əlavə edib ki, beynəlxalq sferada referenduma problem yoxdur: “Əsas problem Bağdaddır. Referendumun təxirə salınması yalnız mərkəzi hakimiyyətlə referenduma bərabər bir razılaşma əldə edilməsi halında baş verə bilər. Bağddadla problemlərimizi həll etməliyik. Fikrimcə, bu, Bağdad və Ərbil arasında referendumu əvəzləyə biləcək ikitərəfli razılaşma ola bilər.
Bu razılaşma ABŞ və Avropa tərəfindən dəstəklənməli və yerinə yetiriləcəyinə dair zəmanət verilməlidir. Bu razılaşma referenduma alternativ ola bilər. Ancaq həqiqəti deyim ki, Bağdad bu məsələdə addım atmır. İki-üç gün ərzində belə bir razılaşma əldə olunmayacaqsa, Kürdüstan referenduma gedəcək”.