​“Böyük tikə olub, boğazında qalaram” - Ramaldan Abbasa

Baxış sayı:
10906

Müğənni Ramal İsrafilov əməkdar artist Abbas Bağırovun "Söhbətsiz" verilişində onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sərt reaksiya verərək, ona İnstaqram-da cavab yazıb:
"Bu həyatda ailəmdən başqa təşəkkür edəcəyim, qarşısında üzükölgəli olduğum, minnət borcumun olduğu heç kim yoxdur. İçi Abbas Bağırov olmaqla. Musiqiçi və ifaçı kimi kariyeramın efirə qədərki və efirdən sonrakı dövrü var. Toylar, el məclisləri hələ uşaq yaşlarımda idarə etdiyim meydan olub və burada ustad sənətkarlar görmüşəm. Onlardan da bəhrələnmişəm. Bir çox festivallarda çıxış etmişəm. "A-Trio" qrupuna isə mən israrla gətirilmişəm - minnətlə yox... "A-Trio"dan əvvəl bəstələrimi artıq estrada ulduzları oxuyurdu. Yəni, "A-Trio" həyatımda dönüş nöqtəsi olmadı, sadəcə fərqli bir səhifə oldu.
Abbas Bağırov açıqlamasında "böyük" görünmək istəyib və guya "böyüklük" edib. Deyib ki, qrupun adından istifadə edib toylara gedirdi. Abbasa burdan açıq sual verirəm, mən toylara gedəndə 5 nəfərin içində oxumuşdunmu? 2002-ci ildə sən Bakıya ciddi musiqi ilə məşğul olmağa gələndə mən artıq Vaqif Gərayzadənin yanında ciddi musiqi ilə məşğul idim.
Sənin musiqiçi olmağına sözüm yoxdur, amma haqqımda "özbaşınalıq edirdilər" sözünü işlətməyin sənin və sənin kimilərin həddinə deyil. Sizin üçün böyük tikə olaram. Boğazınızda qalaram, uda bilməzsiz. Hətta səni tək Azərbaycanda yox, həm də Türkiyədə tanıdacaq mahnı qədər böyük. Sən mənə dəstək yox, köstək olmusan. Bunu da deyim bil ki, mənim də hər şeydən xəbərim var, amma heç bir zaman sənət yoldaşlarıma söz ataraq müzakirə yaratmamışam. Heç vaxt mediada ilk söz atan, arxasınca ilk daş atan mən olmamışam. Çünki arxadan atılan daşların ancaq topuğa dəydiyini bilirəm. Ancaq cavab verən tərəf olmuşam. Sən isə əməyimi, "Aləm gözəl" mahnımı gözümün içinə baxa-baxa, üzümə dura-dura mənim olmaqdan çıxartmağa çalışmısan. Bu zaman belə əməyimi hörmət etdiyim dostların adına qurban etdim. Köhnə dəftərləri açıb-ağartmaq niyyətim yoxdur, amma çalış sən də açdırma. Uzun illərdir necə susmuşuqsa, elə də davam edək. Barışmaq istəyin varsa, bütün barışıqlara hazır olduğum kimi buna da hazıram. Amma boyunu aşacaq, ya da başqasını əzəcək sözlər işlətməklə böyüklük olmur, nə də ki sənətkarlıq..."
Qeyd edək ki, Abbas Bağırov Ramal və qardaşlarının ünvanına aşağıdakı fikirləri səsləndirmişdi:
"Ona yetərincə əziyyət çəkmişəm. Bunu nə dərəcədə dəyərləndirir, özü bilər. Qrupun sonbeşiyi o idi, özünü ərköyün aparırdı ki, buna hər şey olar. Amma elə deyil. Qrup mənimdirsə, orada qayda-qanunu qoyan mənəm. Nə pullar qazansalar belə, mənə bir manat gəlib, çatmırdı. Ehtiyacım yox idi.
Missiyam "A trio" qrupunu məşhur etmək və sənət göstərmək idi. Ramal solo ifaya can atırdı. Mən də ona qrupun yetirməsi kimi dəstək göstərəcəkdim. Ancaq elə oldu ki, özbaşınalıq etdi, kənarda qardaşları ilə birgə "A trio"nun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar. Buna göz yumurdum. İstedadlara dəstək olmaq adı ilə bu addımı atmışdım".