​Böyük Azərbaycan necə olmalıdır - Şərh

Baxış sayı:
1469

21-ci əsr olmasına baxmayaraq, hələ də "böyük dövlət" olmağın ərazi ilə ölçüldüyünü düşünənlər var.
Muxalifet.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, indiki dövrdə böyük dövlət olmaq torpaqla ölçülmür:
"Bəziləri hələ də Şimal qonşumuzun imperiya anlayışının ərazi genişlənməsindən, torpaq işğalından keçdiyinə inanır, qardaş ölkə Türkiyədə "Yeni osmanizm" ərazi böyüməsi ilə eyniləşdirilir və ya cənub qonşumuz ətraf ərazilərə özününkü gözü ilə baxır.
Amma nə şimal, nə cənub qonşumuz düz-əməlli tozsoran belə istehsal edə bilmirlər. İnsanlar anlamır ki, 21-ci əsrin imperiya modeli, məsələn, Cənubi Koreyadır. Hazırda bu ölkənin 1,5 trilyondan çox iqtisadiyyatı, 500 milyardlıq ixracatı, 74% ali savadlı əhalisi var. Öz malları ilə bütün dünyanı tutub: maşınları qarajları, məişət texnikası evləri, mobil telefonları cibləri "işğal" edib”.
Ekspert vurğulayıb ki, Rusiya ərazi olaraq Cənubi Koreyadan 40 dəfə böyükdür:
“Amma Rusiyada Mendeleyev cədvəlinin bütün elementlərinin olmasına baxmayaraq, iqtisadiyyatı həmin ölkədən 4 dəfə kiçikdir.
Böyük Azərbaycan mənim üçün məhz Cənubi Koreya modelidir - elm və təhsili yüksək, iqtisadiyyatı innovativ, vizionu dərin, ixracatı çoxşaxəli. Malı, xidməti, elmi, təhsili ilə Təbrizə nüfuz etmədən "Böyük Azərbaycandan" danışmaq, elə Moskva və Tehran kimi düşünmək deməkdir. Bu düşüncə isə uğur gətirən düşüncə deyil, tarix də sübut edib ki, belə düşüncə itkilərə yol açır, qazandırmır”.