Bolqarıstan baş naziri: “Biz Rusiyanın NATO-dakı “Troya atı” deyilik”

Baxış sayı:
7933

Bolqarıstanın baş naziri Boyko Borisov NATO baş katibi Yens Stoltenberqlə görüşündə ölkəsinin alyansın ən intizamlı üzvü olduğunu söyləyib. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstan hökumətinin başçısı Rusiya ilə yaxınlıq məsələsinə aydınlıq gətirib. “Biz Moskvanın alyansdakı “Troya atı” deyilik, tam əksinə, ölkəmiz NATO-nun bütün əməliyyatlraında nizamla iştrak edir. Bunun üçün Bolqarıstan yeni çoxfunksiyalı təyyarələrin, iki hərbi patrul gəmisinin və 150 zirehli döyüş maşınının alınması üçün vəsait ayırıb”, - deyə B.Borisov bildirib. Bununla bərabər bolqar baş nazir Rusiya ilə dialoq tərəfdarı olduqlarını, lakin bərabər səviyyədə danışmaq üçün güclü olmalarının vacibliyini vurğulayıb. Boyko Borisov buna rəğmən NATO-nun Qara dənizdəki varlığının hər zaman əleyhinə olduğunu, çünki bunun bölgədəki turizmin inkişafına zərər verdiyi düşüncəsini daşıdığını diqqətə çatdırıb. Qeyd edilir ki, keçən ilin sentyabrında Bolqarıstan Rusiya xüsusi xidmət orqanlarını Avropa Birliyinin liderlərini dinləməkdə ittiham etmişdi. Həmin dövrdə isə Avropa Birliyinə məhz Bolqarıstan sədrlik edirmiş. “Bolqar rəsmilərinin sözlərinə görə, Sofiyada müxtəlif tədbirlər üçün ölkəyə gələn Avropa liderlərinin qaldığı “Marinela” otelində zirzəmidən dama qədər dinləmə aparatları tapılıb. Beş ulduzlu oteldə baş verən bu qalmaqalla bağlı informasiya burada istintaq-axtarış tədbiləri həyata keçirildikdən və İnterpolun məkan sahibi Vetko Arabacıyevin və oğlunun həbsinə order verməsindən sonra gün işığına çıxıb. Məlum olub ki, oliqarx V.Arabacıyev Bolqarıstan kommunist partiyasının varisi sayılan və Moskvaya olduqca yaxın Sosialist partiyası ilə dərin əlaqələri var. Rusiya bu ittihamla bağlı hər hansı şərh verməkdən boyun qaçırıb./musavat