“Bizi maddi və mənəvi iztirablara məruz qoydular” - HACIBABA ƏZİMOV

Baxış sayı:
9319

“18 oktyabr dövlət bayramı ola-ola 2006-cı ildə Milli Məclis anti-milli bir qərar qəbul etdi”
 
1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, cəmiyyətdə “istiqlalçı deputat” olaraq tanınan, 1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olan, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun 80 yaş tamam olur. “Hürriyyət”in kollektivinin təbrikini çatdırmaq və bəzi suallarımıza cavab almaq məqsədilə Hacıbaba Əzimovla söhbətləşdik.
 
(Əvvəli bu linkdə:http://muxalifet.az/ayaz-mutllibova-imkan-vermdim-bu-tarixi-sndi-brpa-etdirdim-istiqlalci-deputat.html)
 
-Bəs mövcud Konstitusiya haqqında nə deyə bilərsiniz?
 
-Siz hazırkı Konstitusiyanın birinci səhifəsinə baxın, orada yazılıb ki, bu Konstitusiya dövlət müstəqilliyi Aktının prinsiplərini əsas götürərək referendum yolu ilə qəbul olunub. Bizim Konstitusiya Aktımız 32 maddədən ibarətdir. 32-ci maddədə yazılıb ki, gələcək Konstitusiya Konstitusiya Aktının prinsiplərini əsas götürərək qəbul olunmalı deyil. Amma Konstitusiyada Konstitusiya Aktının bir çox mühüm müddəaları, prinspləri pozuldu. Çünki aşkar o prinsplər mövcud hakimiyyətə əl vermirdi ki, bunlar istədiklərini etsinlər. Amma Konstitusiya Aktı çox mükəmməl sənəddir. İki sənəd, birinci Konstitusiya Aktı referendum yolu ilə xalq tərəfindən qəbul olunub. Oktyabrın 18-də qəbul etdik, dekabrın 29-da xalq tərəfindən referendum yolu ilə bəyənildi. Bir də 1995-ci ildə Konstitusiya referendum yolu ilə xalq tərəfindən bəyənilib. Amma Konstitusiya Aktı əvvəl olduğuna görə o əsasdır. Konstitusiyada bir sıra maddələri dəyişiblər. Məsələn, bəzən prezident səlahiyyətlərini icra edən adamlar, o cümlədən Polad Bülbüloğlu kimi adamlar belə bəyantalar veriblər ki, biz Dağlıq Qarabağ ermənilərinə dünyada olan ən yüksək muxtariyyət statusu verə bilərik. Bunların belə danışmağa ixtiyarı yoxdur. Konstitusiya Aktına görə belə danışıqlar qanunsuzdur. İstəmirəm Konstitusiya Aktının bir-bir maddələrini deyim, sizə mənasını deyirəm. Konstituisya Aktının tələbi belədir ki, heç kəs, Azərbaycan prezidenti, hökuməti, parlamenti Azərbaycanın suverenliyinə xələl gətirə bilən hər hansı bir sənədə imza ata bilməz. Bu, ancaq referendum yolu, xalqın iradəsilə müəyyən oluna bilər. Dağlıq Qarabağa hər hansı status verilməsini Azərbaycan xalqı referendum yolu ilə həll edə bilər. Status verilsin, verilməsin və yaxud hansı status verilsin, bunu ancaq Azərbaycan xalq referendum yolu ilə müəyyən edə bilər. Yoxsa kimsə status verir, sən kimsən? Konstitusiya Aktı buna qadağa qoyub. Ancaq boş-boş danışırlar, xalqı aldadırlar. Başqa belə şeylər də var.
 
-Hacıbaba müəllim, istiqalalçı deputat kimi nə deyə bilərsiniz, sizlərə qarşı münasibət necədir?
 
- Bilirsiniz, müstəilliyimizə, milli, müstəqil dövlətçiliyimizə münasibət necədirsə, istiqlalçı deputatlara münasibət bundan da pisdir. Çünki 18 oktyabr dövlət müstəqiliyi günü dövlət bayramıdır. Bütün dünyada, o cümlədən post-Sovet ölkələrində müstəqillik günü bayramı ən əsas dövlət bayramıdır. Məsələn, Ukrayna 1991-ci ilin avqustun 24-də müstəqilliyini elan edib. Bir həftə bayram edirlər, amma bizdə 18 oktyabr dövlət bayramı ola-ola 2006-cı ildə Milli Məclis anti-milli bir qərar qəbul etdi. Əmək Məcələsinə dəyişiklik etdilər ki, bu gün iş günü olsun. Belə şeyin dünyada analoqu yoxdur. Bu, biabırçılıqdır. Nə üçün etdilər? Moskavanın tapşırığı ilə etdilər. Moskva istəyir ki, qoy, xalqımız müstəillik ideallarından uzaqlaşsın, Azərbaycanın müstəqil olması fikrindən çəkinsin. O günləri Mütəllibov “Qaynar qazan” proqramında Əvəz Zeynallıya deyir ki, Azərbaycanın müstəqilliyi şərti xarakter daşıyır. Şərti yox, Azərbaycan dünyada müstəqil dövlət kimi tanınır. Biz Konstitusiya Aktını qəbul edəndən sonra bütün dünya bizi müstəqil dövlət kimi tanıdı. Dünyada bərabərhüquqlu bir müstəqil dövlət kimi seçildik. Amma rəsmən, de-yure belədir, de-fakto isə Azərbayan hakimiyyəti müstəqil deyil, Rusiyanın bir əyalətidir. Hesab edin ki, Rusiyanın qubernatoru burad oturub ölkəni idarə edir. Faciə budur.
Dağlıq Qarabağın da ermənilər tərəfindən işğal olunmasında Rusiya əsas rol oynayıb. Bu gün Dağlıq Qarabağın azad olunmasına imkan verməyən Rusiyadır. Bu məsələni “Demokl qılıncı” kimi saxlayıb, təzyiq edir. Azərbaycan hakimyyətinin isə o iradəsi yoxdur ki, Rusiyaya, Putinə etiraz etsin. Moskvadan nə göstəriş gəlir, onu yerinə yetirirlər. Burada vəziyyət necədir, onu da deyim. Azərbaycanın bir sıra mühüm dövlət vəzifələrinə Rusyanın 5-ci kolonunun adamları yerləşdirilib, Azərbaycanı onlar idarə edir. Ona görə də millət bədbəxt gündədir. Çünki əgər Azərbaycanda vəziyyət puç olsa, Rusiyaya rəğbət artar, azərbayanlılar gedər Rusiyanın bazarlarında, soyuq çöllərində ağır işlərdə işləyər ki, ailəsinə bir tikə çörək qazansın. Ona görə ki, öz ölkəsində onun çörək qazanmağına imkan vermirlər. Bu, Rusiyanın siyasətidir, burada 5-ci kolon vasitəsilə həyata keçirilir. Vəziyyət budur. Bu aspektdə də istiqlalçı deputatların Milli Məclisi səlahiyyəti başa çatdıqdan sonra 2-3 nəfərdən başqa hamısını işsiz qoydular. Həmin 2-3 nəfərin də bu hakimiyyətlə müəyyən qədər münasibətləri olub. Ona görə, onlara dəymədilər, qalanlarını işsiz qoydular. Bir neçəsini güllələyib, öldürdülər, bir neçəsini avtomobil qəzasına məruz qoydular, qalanlarını da işsiz qoyub, maddi və mənəvi iztirablara məruz qoyub, vaxtsız həyatdan getməsinə səbəb oldular və olurlar da. Milli Məclisin yaradısıcı, təsisçisi olan istiqlalçı deputatlara Milli Məclisin deputatı üçün müəyyən edilən pensiyaları da vermədilər. Bunu 51 nəfərdən ibarət Milli Məclisin üzvünə pensiyanı verməmək üçün etdilər. Bunu da necə etdilər? Abddulla Öcalanın dostu Səfa Mirzəyev etdi. Abdulla Öcalan Türkiyə kəşfiyyatına verdiyi istintaq ifadəsində deyib ki, bizim, daha doğrusu PKK-nın Bakıda dostu Səfa Mirzəyevdir. Həmin Səfa Mirzəyev həm də Rusiyanın adamıdır. Götürüb Sosial Müdafiə Nazirliyinə bir məktub yazdı ki, Milli Məclisin deputatı üçün müəyyən edilən pensiya ilk Milli Məclisin üzvlərinə şamil edilə bilməz. Sən kimsən? Sən parlament yanında xidmətçi bir orqanın rəhbərisən, deputatlara xidmət edirsən. Sənin nə səlahiyyətin var ki, qanuna təfsir verirsən? Amma etdi. Bununla da heç kəsə pensiya verilmədi. İstiqlalçı deputat Məryəm xanım Həsənovaya Allah rəhmət eləsin. O, “Müsavat”a müsahibəsində dedi ki, əgər mənim başıma bir iş gəlsə, bilin ki, bunun günahkarı Səfa Mirzəyevdir. Məryəm xanım, Ədalət Rəhimli, Mürşüd Məmmədli əsəb şəraitindən, depresiyalardan xilas olmaq üçün dərman almağa, müalicə olunmağa imkanları olmadı, vaxtsız vəfat etilər. Bunlar həqiqətdir. Ona görə, açıq deyirəm bu hakimiyyət anti-milli hakimiyyətdir. Vətənə, müstəqil dövlətçiliyə xidmət edən insanlara qarşı təqiblər davamlı şəkildə baş verir, hələ də davam edir. Amma təəssüf ki, özünə müxalifət deyən müxalifət liderləri bunu heç demək olar ki, dillərinə gətirmirlər, bu məsələyə diqqət yetirmirlər.

Hurriyyet.org