Bir ucdan sökülən Bakıda kirayə qiymətləri kəllə-çarxa qalxacaq?

Baxış sayı:
17671

Xəbər verdiyimiz kimi, paytaxt Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək.

Bəs bu daşınmaz əmlak bazarına necə təsir edəcək? Kirayə bazarında qiymət artımı olacaq mı?

Bu barədə “Yeni Sabah”a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı kompensasiya ödənildiyi halda, qiymət artımının qaçılmaz olduğunu deyib:

“Əvvəllər bu cür layihələr həyata keçirilərkən sakinlərə kompensasiya ödənilirdi və həmin kompensasiya yenidən bazara qayıdırdı. Bazara pul axınları artırdı və bu kütləvi söküntülər adətən qiymət artımına gətirib çıxarırdı. Biz bunu müxtəlif tədbirlərin həyata keçirilməsi zamana və şəhərsalma planlarının icraları zamanı müşahidə etmişik. Amma təqribən 4 il olar ki, Nazirlər Kabineti Maliyyə Nazirliyi qarşısında belə bir məsələ qaldırdı ki, söküntü baş verən zaman kompensasiya ödənişləri həyata keçirilməsin, əvəzləşmə qaydasında bu proses həyat keçirilsin. Yəni, mənzil əvəzinə mənzil verilsin. Biz bunu daha çox pilot layihələr zamanı tətbiq edirik. Hətta sakinlərə tikinti zamanı bir müddət  kirayə qalmaları üçün onların kirayə haqları da ödənilirdi.

Bu proseslər başlayandan sonra demək olar ki, qiymət artımı baş vermədi. Bu yalnız kirayə qiymətlərinə cüzi təsir edib. Əgər bu proqramın icrası nəticəsində yenidən eyni qayda tətbiq olunacaqsa, yəni əvəzləşmə olarsa, hesab etmirəm ki, qiymət artımına gətirib çıxaracaq. Amma düşünürəm ki, bu kirayə qiymətlərini artıra bilər. Əgər kompensasiya ödənişləri həyat keçirilsə, bu qiymət artımına təsir göstərəcək.”