“Bir keşişdən ötrü Türkiyə ilə Amerika münasibətlərini gərginləşdirməyə dəyməz” - POLİTOLOQ

Baxış sayı:
8605

“Türkiyənin Qərbyönümlü siyasət yürütməkdən, Qərb ölkələri ilə inteqarsiya etməkdən başqa yolu yoxdur”
Dünən Türkiyə və ABŞ arasında Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edilib. “Daily Sabah" nəşri xəbər verir ki, Ankara və Vaşinqton iki ölkə arasında yaranmış problemi birlikdə həll etməyə hazır olduqlarını ifadə edib. Diplomatik mənbələrə görə, 2 gün ərzində Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək.
Diplomatik mənbələr də sanksiya qərarı ilə bağlı Türkiyə ilə ABŞ arasında müəyyən məsələlərdə ön anlaşma əldə olunduğunu təsdiqləyib. Bildirilir ki, danışıqların üzbəüz görüşlərlə davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, avqustun 1-i ABŞ-ın Maliyyə Nazirliyi Ankaranın amerikalı keşiş Endryu Bransonu vətəninə təhvil verməməsi səbəbindən Türkiyənin iki nazirinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb. Sonradan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu bu sanksiyalara görə cavab tədbirləri ilə hədələyib. Hətta Ərdoğan ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edilməsi barədə göstəriş verib: “Əgər onların Türkiyədə əmlakı varsa, dondurulması barədə təlimat verdim. Təhdid dili və sanksiyalarla Türkiyəni geri addım atdıracaqlarını düşünənlər bu ölkəni heç tanıya bilməyib. Avropanın etdiyi səhvləri təkrarlamaq Amerikaya heç bir şey qazandırmaz”.
Əslində, Ərdoğan ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edilməsi barədə göstəriş verməklə, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı ABŞ Maliyyə Nazirliynin sanksiyalar tətbiq etməsinə qarşılıq verib.
ABŞ-ın iki türk nazirə sanksiya tətbiq etməsindən sonra Ankara qərara eyni qarşılığı versə də, bu yöndə fəaliyyətlərini dayandırmayıb. Bununla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında Sinqapurda görüş baş tutub.
İki türk nazirə sanksiya qərarı ilə bağlı Çavuşoğlunun sərt bəyanatı da yayılıb, hətta Amerikanı hədələyib: “Türkiyədən təzyiq və təhdidlə heç kim bir şey əldə edə bilməz. Gərginliyi artırmağa davam etsəniz alacağınız bir çox cavabla yanaşı, İncirlik və İzmir Hava Bazalarının vəziyyətini də nəzərdən keçirmək məcburiyyətində qala bilərik. Türk ədliyyəsinin verdiyi qərara qarşı nazirlərimizə hüquqsuz bir sanksiya tətbiq etmək, türk millətinin səssiz qalmayacağı bir hadisədir. ABŞ-ın bu hərəkətinə qarşı, hökmən bir cavab veriləcəkdir. Müttəfiqliklə və hüquqla uyğun gəlməyən qərarlarınızı yenidən nəzərdən keçirməyinizi təklif edirik. Artıq qarşınızda keçmiş Türkiyə yoxdur. Gücünü birbaşa millətdən alan qərarlı bir liderimiz var. Müttəfiqliyə və hüquqa zidd sanksiyalara qarşı verəcəyimiz reaksiyalar sizi təəccübləndirəcək”.
Çavuşoğlu ABŞ-ın sanksiya hədələrinə qarşı Türk ictimaiyyətində ciddi narahatçılığın yarandığını bildirib. Çavuşoğlu prezident Ərdoğanın açıqlamalarının da millətin haqlı reaksiyasının bir ifadəsi olduğunu vurğulayıb.
Xatırldaq ki, iki ölkə arasında siyasi gərginlik Türkiyədə həbs edilən amerikalı rahib Endryu Bransona görə başlayıb. Belə ki, o, FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.

“Türkiyənin Rusiya və Çinlə inteqrasiya xətti Amerikanı qıcıqlandırır”


Türkiyənin ədliyyə və daxili işlər nazirinə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edilməsi haqda danışan keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hüriyyət”ə dedi ki, bu gün Türkiyə-Amerika münasibətlərini pozan əsas məsələ Türkiyədə bir amerikalı Branson adlı keşişin həbs edilməsidir: “Türkiyə onu 15 iyul dövlət çevrilişinə cəhddə əlaqələndirir. Guya, o, FƏTÖ-çularla əlaqədə olub və onlara müəyyən məlumatlar ötürüb. Amerikanın təkidindən sonra keşişi həbsdən azad etdilər və onu ev dustağı etdilər. Amma bu Amerikanı təmin etmədi və bildirdi ki, keşişi buraxın, getsin Amerikada evində otursun. Bunun əvəzində Türkiyə də Amerikadan Fətullah Gülənin buraxılmasını istədi ki, Türkiyəyə gəlsin və ədalət məhkəsi qarşısında cavab versin. Türkiyə uzun müddətdir ki, Fətullah Güləni geri gətirmək, onu mühakimə etmək istəyir. Amma bu, baş tutmur, Amerika vermək istəmir. Amerika keşişi azad etdirməyəndən sonra keşişin həbsində təqsirli ola biləcək şəxsləri, yəni ədliyyə naziri ilə, daxili işlər nazirinə istədi sanksiya tətbiq eləsin ki, onlar Amerikaya gedə bilməsin, Amerikada mülkləri üzərində həbs qoyulsun. Eyni zamada digər sanksiya tədbirləri həyata keçirsin. Yəni Amerika istəyir ki, Türkiyə Rusiyadan S-400 tipli hava hücumlarından müdafiə sistemlərini almasın və bunun əvəzində NATO-nun istifadəsində olan Amerika istehsalı “Patriot” hava hücumundan müdafiə sistemlərini Türkiyəyə sata bilər. Üstəlik, ABŞ NATO üçün nəzərdə tutulan beşinci nəsil qırıcıların, yəni F-35 tipli təyyarələrin istehsalını artıq başa çatdırıb. İndi onun ayrı-ayı ölkələrə göndərilməsinə başlayb. Türkiyə də 100 ədəd F-35 tipli qırıcı təyyarə sifariş vermişdi. Sifariş üçün də əvvəldən müəyyən avans ödənilib. Amma Konqres qərar çıxardı ki, Türkiyəyə F-35 tipli təyyrələrin verilişi dayandırılsın və dayandırıldı. İndi də Amerika deyir ki, sən Rusiyadan S-400-ləri alma, bunu əvəzində isə biz sənə “Patriot” və F-35 tipli təyyarələri verə bilərik. Ümumiyyətlə, Türkiyənin Rusiya və Çinlə inteqrasiya xətti 2-3 ildir ki, davam edir. Bu da Amerikanı qıcıqlandırır və Amerika-Türkiyə münasibətlərini gərginləşdirən məqamlardan birinə çevrilib”.
“Türkiyə özünün strateji seçimini müəyyənləşdirməlidir”
“İndi də Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Amerikanın dövlət katibi Pompeo görüşdü. Bu görüşün yaxşı ruhda keçdiyini söylədilər. İki günə də Türkiyə nümayəndə heyəti Amerikaya gedəcək. Fikir alış-verişi edəcəklər. Yəqin ki, bir keşişdən ötrü Türkiyə ilə Amerika münasibətlərini gərginləşdirməyə dəyməz. Güman edirəm ki, Türkiyə özünün strateji seçimini də müəyyənləşdirməlidir. Uzun illərdir o strateji seçimini edib, Qərbyönümlü siyasət yürüdüb. Qərb ölkələri ilə inkişaf etmiş və formalaşmış əlaqələri var və bu formaları da dəyişib, sındırmağa mən ehtiyac görmürəm”, - deyə politoloq əlavə etdi.

“Gülənin Türkiyəyə verilməsi problemlidir”

Q.Hüseynli ümid edir ki, Türkiyə nümayəndə heyətinin Amerikaya səfəri nəticə verəcək: “Yəni Türkiyə o keşişi azad edəcək. Amma Gülənin geriyə verilməsi problemlidir. Çünki Gülən ağır xəstədir. Həm də Türkiyə ölüm hökmünü bərpa etmək istəyir. Ölüm hökmü olan ölkələrə isə siyasi xarakterli məhbusları vermirlər. Çünki Qərb ölkələrinin Konstitusiyalarında belə yazılıb”.
“İncirlik hərbi bazası ilə Amerikanı təhidd edib, münasibətləri korlamağa dəyməz”
“Doğrudur, Türkiyə Amerikanı nə iləsə hədələməlidir. Amma Türkiyənin Qərbyönümlü siyasət yürütməkdən, Qərb ölkələri ilə inteqarsiya etməkdən başqa yolu yoxdur. NATO-nun tərkibində qalmaq Türkiyə üçün daha əhəmiyyətlidir. İncirlik hərbi bazasını Amerika İraq, Suriya ərazisində də tikə bilər. Amma onda Türkiyənn strateji mövqeləri xeyli aşağı düşə bilər. Zənnimcə, İncirlik hərbi bazası ilə Amerikanı təhdid edib, münasibətləri korlamağa dəyməz. Əgər Amerika, Qərb ölkələri ilə münasibətlər pisləşsə, Türkiyənin özü üçün cidi problemlər otaya çıxa bilər. Yeganə qardaş dövlət Türkiyədir. Türkiyənin inkişafı üçün Amerika ilə münasibətləri pozmağa dəyməz”, - deyə politoloq vurğuladı
Şamo EMİN