“Bir həftədə 10 əsgər öldü, bunu bilən var?...”

Baxış sayı:
3313

Oktyabrın 1-də Azərbaycanın işğal edilmiş ərazilərində, Xocavənd istiqamətində yerləşən erməni hərbi hissələrindən birində güllə yarasından ölən əsgərin qohumları və yaxınları Gümrüdə kilsənin qarşısında etiraz aksiyası keçiriblər.

Erməni KİV-ri xəbər verir ki, toplaşanlar Ermənistan müdafiə naziri David Tonoyanın, qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyanın və “prezident” Bako Saakyanın istefasını tələb ediblər.

Ermənistandan hərbi xidmətə çağırılmış sıravi əsgər Gevorq Aroyan oktyabrın 1-də səngərdə odlu silah yarasından ölüb. Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə əsgər intihar edib. Səbəb isə iki serjantın və rota komandirinin əsgəri döyməsi olub. Məlumata görə ilkin istintaqla müəyyən edilib ki, Aroyanın intiharından bir gün əvvəl kiçik serjant M.Ç. ona qarşı fiziki zorakılıq tətbiq edib, təhqirlərə məruz qoyub. Mübahisəyə həmin rotanın digər kiçik serjantı D.S. də qatılıb, o da Aroyanı döyüb.

 

Rota komandiri, kapitan L.P. öz növbəsində əsgərin döyülməsi faktını bilsə də gizlədib, əksinə, axşam Aroyanı öz kabinetinə çağırıb və ona bir sıra iralar bildirib, bu zaman əsgəri söyüb və alçaldıb. Ertəsi gün Aroyan döyüş növbəsinə çıxanda avtomatla özünü vurub. Əsgərin intiharına görə onu döyən serjantlardan biri və kapitan rütbəli rota komandiri həbs olunub, digər serjant hərbi hissənin nəzarətinə verilib.

Bundan əvvəl erməni KİV-ləri Aroyanın anasının sözlərinə yer vermişdi. Qadın deyirdi ki, hadisədən bir gün əvvəl oğlu ona zəng vurub, təcili gəlməyini istəyib. Hərbi hissəyə çatanda oğlunun köhnə, cırıq paltarda, döyülmüş vəziyyətdə olduğunu görüb. Amma Gevorq kim tərəfindən döyüldüyünü deməyib, anasından xahiş edib ki, generaldan xahiş edib onu başqa rotaya köçürsün. Anası bildirirdi ki, Gevorq özünü öldürməyib, onu yaxın məsafədən atəş açmaqla öldürüblər.

Gümrüdə keçirilən aksiyada da əsgərin yaxınları bunda israr ediblər. Bildiriblər ki, bu hadisəyə görə çoxları cavab verməlidir.

“Məsələ təkcə mənim uşağımda deyil, bütün uşaqların yaşamaq haqqı var. Paşinyan can, sən dedin ki, bizim bütün uşaqlar bərabərdir və hamısını orduya götürəcəyik. Götürdülər-nə oldu? Biz hamımız bilirik ki, orada nələr baş verir, öz əllərimizlə uşaqlarımızı ölümə göndəririk. Ordunu rus ruletkasına çeviriblər...Qoy bu sonuncu qurban, sonuncu uşaq olsun. Əgər bu məsələni həll edə bilmirsinizsə açıq deyin. “Tuşonkanı” yeyən bir Manveli tutdular (general manvel Qriqoryan) daha yeyən qalmadı? Onlar öz yerlərində qalırlar. Yenə basıb yeyirlər. Biz isə eşşək kimi öz uşaqlarımızı göndəririk ki, generallar kef çəksinlər, məşuqə saxlasınlar?”-əsgərin qohumu Armen Bəyləryan deyib.

O bildirir ki, Aroyanın anası Armine insidentdən bir gün əvvəl anası ilə görüşüb. Həmin vaxt uşaq bitkin vəziyyətdə olub sifətində göyərmələr, başında çapıq varmış: “Anası deyib ki, bu saat komandirin yanına gedəcəm. Gevorq deyib anacan, heç nə demə. Armine komandirin yanına getmək istəyəndə onun qarşısını kəsiblər, nəzarət-buraxılış məntəqəsində qabağına kitab qoyublar ki, valideyin öz sözlərini yaza bilər. Armine deyir ki, hərbi hissənin “zampoliti” faşist kimi onun başının üstündə durmuşdu, uşaq da gərgin idi və deyib ki, ana, heç bir şikayət yazma, yaz ki, hər şey yaxşıdır, minnətdaram”.

Bəyləryan deyir ki, Xocavənd istiqamətində yerləşən həmin hərbi hissədə qeyri-insani şərait hökm sürür. Bu haqda əsgərin ailəsinə başqaları da deyiblər. Gevorq ora püşkatma ilə düşüb və çox tezliklə ailəsinə xəbər verib ki, bu hərbi hissədə nəinki xidmət etmək, sağ qalmaq da çətindir.

Gevorqun ailəsi onun ölümü ilə bağlı öz araşdırmalarını aparmaq niyyətindədir. Dayısı Bəyləryan deyir ki, onların əlində zəruri daxili informasiya var. Xalq isə başa düşməlidir ki, kim kimdir, ordu necədir.

Gevorqun dayısı deyir: “Kim bunu bilir ki, həmin bir həftədə 10 əsgər öldü? Bizim uşaqlarımızı türk (azərbaycanlılar nəzərdə tutulur) öldürmədi. Bu yaxınlarda bir vəzifəli şəxsin oğlu hərbi hissədən ayağında çəkələklə qaçıb, zabitlər onun dalınca avtomobillə düşüblər. Əsgər birtəhər Füzulidəki hərbi hissəyə çatıb və oradan kiməsə zəng vurub ki, “dayı, yalvarıram, tez gəl, məni buradan götür, yoxsa öldürəcəklər”.

Bəyləryan deyib ki, onlar baş verənlər barədə Paşinyanın arvadına da məktub veriblər, orada bütün təfərrüatlar göstərilib. Amma hələ reaksiya yoxdur.

“Anna Akopyana da məktub vermişik, 3 gündür cavab yoxdur. Bu gün çoxları bizə qoşulmağa hazır idi. Amma dedilər ki, frankofoniya keçirilir, mane olmayıb. Amma Qarabağ qalxsa, Eçmiədzin qalxsa hamı bu haqda danışacaq. Frankofoniyanı nəyin naminə keçiririk? İnsanları aldatmaq üçün ki, baxın, biz necə yaxşıyıq? Bizim necə yaxşı ordumuz var? Qətiyyən belə deyil axı”- o bildirir.

Gevorqun dayısı deyir ki, məsələ təkcə onun qohumunda deyil, ordudakı bütün uşaqları xilas etmək lazımdır. O, Paşinyandan dəstək istəyir.

“Paşinyan can, sən hər şeyi Gümrüdən başladın (Serj Sərkisyanın istefası tələbi ilə yürüş) və hamı səni dəstəklədi. İndi sən bilmək istəmirsən ki, burada nə baş verir? Heç nə dəyişməyib, sən də dəyişməyibsən. Deyirlər ki, “həqiqi çar deyil”, biz bilmək istəyirik, sən orada həqiqisən ya yox”-Bəyləryan bildirib.

Ölən əsgərin dayısı hiddətlə bildirib ki, onun qohumunun öldürülməsinə görə məsuliyyət daşıyan zabitlərdən ikisini tutub Gümrü meydanında güllələmək, evlərini isə buldozerlə dağıtmaq lazımdır. "Yəhidlər eliyən kimi"-Bəyləryan bildirib.

O əlavə edib ki, müdafiə naziri David Tonoyanın, habelə Qarabağdakı "orduda" baş verənlərə görə məsuliyyət daşıyan Bako Saakyanın və Levon Mnatsakanyanın istefasını tələb edirlər. Və aksiyalarını davam etdirəcəklər.

Virtualaz.org qeyd edir ki, sentyabrın sonlarında, oktyabrın əvvəllərində işğal edilmiş Azərbaycan ərazilərində dalbadal əsgər ölümləri qeydə alınıb. Bunlardan bir neçəsinin Azərbaycan mövqelərindən açılan atəşlə baş verdiyi açıqlansa da qalanları “intihar” və ya “naməlum şəraitdə güllə yarası alma” kimi rəsmiləşdirilib.

Gevorq Aroyanın ölümü ilə bağlı baş verənlər də göstərir ki, düşmən ordusunda acınacaqlı, qeyri-insani şərait hökm sürür. Valideyinlərin də danışdıqları kimi söhbət nizamnamə ilə idarə olunan nizami ordudan yox, kriminal qaydalarla idarə olunan silahlı birləşmələrdən gedir.