Beynəlxalq Bankın keçmiş sədri hələ də KARSERDƏDİR - BACISINDAN AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva oktyabrın 2-də 13 saylı cəzaçəkmə müəssisəsində qardaşı ilə görüşə bilməyib, baxmayaraq ki, bazar ertəsi günləri onun doğmaları ilə görüş günüdür.
 
Əminə Hacıyevanın Turan-a verdiyi məlumata görə, onun görüşdən imtinanın səbəblərini açıqlamaq barədə israrlı tələblərindən sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilk dəfə təsdiq edib ki, keçmiş bankir karserə salınıb. Amma cəzanın səbəbini ona bildirməyiblər.
Ə.Hacıyeva özü hesab edir ki, qardaşını KİV-də dərc olunan müsahibəsinə görə cəza kamerasına salıblar. "Haqqin.az qardaşımın 15 mlrd. mənimsədiyini yazdıqdan sonra o, mətbuatda çıxış edib. Qardaşım bunun həqiqət olmaması barədə mövqeyini açıqlayıb. O, özünü müdafiə etmək üçün çıxış edib", deyə Ə.Hacıyeva bildirib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin əməkdaşları Hacıyev üçün yemək və isti geyimi qəbul etməkdən imtina ediblər.
"Yaxşı, yeməyi qəbul etmədilər, - Cahangir aclıq edir, bəs isti geyimi niyə qəbul etmirlər, axı o, orada yay paltarları ilə qalıb?..", deyə o bildirib.
Doğmalarının sözlərinə görə, C.Hacıyev sentyabrın 26-da karserə salınıb. Həmin vaxtdan etibarən vəkillər onun yanına buraxılmır.
Penitensiar Xidmət hələlik Hacıyevin vəkillərinin və bacısının bəyanatlarını şərh etməyib.
2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkarlanıb. ABB-nin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib, amma özünü təqsirli bilməyib. Onunla birlikdə ABB-nin bir sıra filiallarının keçmiş rəhbərləri azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.