BAYIL YAMACINDAKI SÜRÜŞMƏDƏN YENİ GƏLİŞMƏ

Baxış sayı:
3091

Alimlər rəy verdi: “Tikinti zamanı Bayıl yamacında geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır”

Bakıda aparılan tikintilər zamanı, Bayıl yamacındakı ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınıb-alınmamasıyla bağlı fevralın 28-də AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi seminarının iclası keçirilib.
Coğrafiya İnstitutundan verilən məlumata görə, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclada AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev və maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev iştirak ediblər.
Cİ Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə edib. Həmin ərazini tədqiq və dəfələrlə müşahidə edən S.Tarixazər bildirib ki, ərazıdə olarkən sakinlərlə görüşmüş, məsələyə münasibətlərini öyrənmiş, eləcə də Səbail rayon İH başçısı Eldar Əzizovla mövcud problemlə əlaqədar fikir mübadiləsi aparmışdır.
Məruzəçi qeyd edib ki, son vaxtlar Bakıda tikinti zamanı, konkret olaraq isə Bayıl yamacında ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır. Nəticədə isə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir. Tədqiqatçı bildirib ki, tikinti zamanı işlər aktiv sürüşmə zonalarının təyini istiqamətində aparılmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin səbəbi relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi təbii və antropogen amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır.
Starə xanımın fikrinə görə, əgər yaxın vaxtlarda yeraltı sular sızmasının qarşısı alınması, torpağa olan təzyiqin azalması və burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür. 
Sonra RSXM-nın əməkdaşları A.Rzayev və N.Xanbabayev mövzu ilə əlaqədar çıxış edərək məsələyə münasibət bildiriblər.