Baş Prokurorluq Bakıda fəhlənin dəhşətli ölümü barədə - YENİLƏNİB

Baxış sayı:
553

Son vaxtlar təsərrüfat fəaliyyətini idarə edən orqanlar müxtəlif istehsalat sahələrində əməyin mühafizəsi qaydalarının pozulmasına yol verirlər ki, bu da bəzən insanların ölümü ilə nəticələnir. Prokurorluq orqanları bu cür qanun pozuntularına yol verən vəzifəli şəxslərə qarşı qətiyyətlə mübarizə aparmaqda davam edir. Bunu Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, dünən virtualaz.org Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı sexində daha bir fəhlənin həlak olması barədə yazmışdı. Şamaxı rayonu sakini Q.Mahmudlu faciəvi şəkildə dünyasını dəyişmişdi.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 160.2-ci maddəsi (ehtiyatsızlıqdan adam ölümünə səbəb olmuş əməyin mühafizəsi qaydalarının pozulması) üzrə cinayət işinə başlanıb. Faktla bağlı təqsirlilərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlər görülür.

11/07/2018. 22:27

Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı üzrə sexdə növbəti faciəvi hadisə baş verib. Virtualaz.org-a məlum olduğuna görə, daha bir fəhlə həlak olub. Bu, Şamaxı rayonundan olan Qəhirman adlı şəxsdir.

Qəhirman dəhşətli şəkildə dünyasını dəyişib – o, polad plitələrin arasında qalaraq əzilib. Faciə virtualaz.org-un dəfələrlə yazdığı kimi, Zülfüqarlı qardaşlarının sexlərində elementar təhlükəsizlik qaydalarına riayət edilməməsi ucbatından baş verib.

Qeyd edək ki, bu, Zülfüqarlı qardaşlarının kustar sexlərində ilk fəhlə ölümü deyil. Bu ilin yayında burada 33 yaşlı Samir Hümmətov və daha bir neçə fəhlə ölmüşdü.

Daha öncə virtualaz.org yazmışdı ki, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-leqal və qanunsuz biznes qurublar. Hazırda bu qeyri-leqal şəbəkəyə dörd gizli sex daxildir.

Həmin gizli sexlərdə elementar təhlükəsizlik qaydalarına əməl olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində tikinti-inşaat işlərində istifadə edilən aşağı keyfiyyətli armaturun, şvellerlərin, həmçinin kvadrat və dəyirmi profillərin istehsalı həyata keçirilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullardan indiyədək çoxmərtəbəli yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, təmir işlərində istifadə olunur.